Bəzən teatrlarda rollara
görə nəsillərarası konflikt yaşanır. Yaşlı aktrisaların tamaşalarda
gənc obrazları canlandırmaq istəməsi müəyyən mübahisələrə səbəb
olur.
Axar.az bu mövzu çərçivəsində gənc aktrisalara belə bir sualla
müraciət edib:
"Hansı yaşlı aktrisa ilə rola görə konflikt yaşamısınız
və onların tamaşalarda gənc obrazları canlandırmaq istəməsinə
münasibətiniz necədir?"
Sənət fəaliyyətini Türkiyədə davam etdirən aktrisa Nigar
Bahadırqızı bu mövzuda bəxtinin gətirdiyini dedi:
"Mənim bəxtim onda gətirdi ki, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının aktrisası oldum. Çünki bu teatrda yaşlı
nəsildən olan aktrisalar mənə çox kömək oldu. İlk gəldiyim gündən
teatrın kollektivi arasında çox sevildim. Yaşlı nəsildən qətiyyən
paxıllıq, qısqanclıq kimi şeylər görmədim. Düzdür, gənclər arasında
bəzi konfliktlər oldu, amma ona da rəqabət deyərdim. Bir reallıq
var: Başqa ölkənin sənətkarlarına baxdığımızda Azərbaycanın yaşlı
nəsil aktyor və aktrisaları çox ürəyiaçıq və sadədirlər. Bir sözlə,
çox xoşbəxt aktrisayam ki, böyük sənətkarlarımızla eyni səhnəni
bölüşmüşəm, onlardan məsləhət almışam. Hər birinə minnətdaram".
Nigar Babayevaya görə, yaşlı nəslin gənc aktrisaların
rollarını ifa etməsi gülüş doğurur:
"Yaşlı nəsildən olan hansısa aktrisanın rol üstündə mənə qarşı
aqressiv davranışını görməmişəm. Amma çox eşitmişəm ki, yaşlı
aktrisalar gənc qız rolları oynamaq üstündə gənc həmkarları ilə
mübahisə ediblər. Məncə, hər hansı bir rolu oynamaq üçün sadəcə,
təcrübə və istedad kifayət etmir. Cülyetta 13 yaşlı bir qız olub.
Onu da gərək gənc aktrisa canlandırsın. 60-70 yaşlı bir aktrisa bu
rolu ifa etsə, əlbəttə, bu, kənardan çox gülünc görünəcək".
Roza İbadovanın fikrincə, bəzi hallarda yaşlı nəslə haqq
qazandırmaq olar:
"Mən özüm travesti aktrisa olduğum üçün həm oğlan, həm də qız
rolları ifa edirəm. Özümə qarşı belə bir şey hiss etməmişəm. Çünki
mən özüm çox vaxt uşaq rollarını ifa edirəm. Ona görə də mənə qarşı
rol üstündə paxıllıq olmayıb. Çünki heç bir 50 yaşı olan aktrisa
uşaq rolu ifa edə bilməz. Durub o yaşda Buratino rolunu oynamayacaq
ki. Amma olub ki, teatra təzə-təzə gələndə istəyirlər sənə
bildirsinlər ki, bax, bura sənin yerin deyil, bura filankəsin
yeridir, öz yerini bil. Bu da normal bir şeydir. Yeni gələndə insan
bilmir necə etsin, nə etsin. Müəyyən yerlərdə yol göstərməkləri
yaxşıdır. Amma bəzən olur ki, nəsə, kimsə xətrinə dəyir,
inciyirsən. Zamanla onları da başa düşürsən. Artıq 6 ildir
teatrdayam, fikirləşirəm ki, yeni bir aktrisa gəlsə, görəsən, mən
nə edərəm, ona qarşı münasibətim necə olar? Məsələn, mənim
oynadığım 60-dan çox rol var, onları məndən alıb ona versələr, nə
hisslər keçirərəm – onu deyə bilmirəm. Ona görə tam olmasa da, bəzi
yerlərdə yaşlı aktrisalara haqq qazandırıram".