Azərbaycan iqtisadiyyatına milyonlarla manat zərər vuran, dövlət strukturlarının daxilindən idarə olunduğu iddia edilən iri miqyaslı qaçaqmalçılıq şəbəkəsi üzə çıxıb.
Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Baş Prokurorluğun açıqlamalarına görə, aksiz markası ilə markalanmalı olan tütün məmulatları qanunsuz dövriyyəyə buraxılıb. Tək bir cinayət işi üzrə bu məhsulların dəyəri 6,4 milyon manatı ötür, digər epizodlarla birləşdirildikdə isə zərər daha da böyüyür.
İstintaq göstərir ki, bu sxem sıradan cinayətkarların işi deyil. Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin ayrı-ayrı vəzifəli şəxslərinin iştirakı ilə həyata keçirilib. Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından gətirilən aksizsiz tütün məmulatları gəmi yolu ilə Hövsan Dəniz Limanına gətirilmişdir. Bu epizodda limanın faktiki rəhbəri Ruslan Eyyubov, baş direktor Rəşad Daşdəmirov, xidmət rəisi Zaur Haşımov, briqadir Fərrux Haqverdiyev, gömrük postunun rəisi Fərid Usubov və digər gömrük inspektorlarının adı keçir. Onlar Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq), 213-1.2 (aksizsiz malların dövriyyəsi) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilirlər.
Paralel istintaqda məlum olub ki, Qaradağ rayonunun Ələt qəsəbəsində, Xəzər sahilində qeydiyyatsız inşa edilmiş yanalma körpüsü vasitəsilə də qaçaqmalçılıq aparılıb. Bu epizod üzrə aksizsiz tütün məmulatlarının dəyəri 1 milyon manatdan çoxdur. “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” MMC-lərin rəhbərləri, gəmi heyəti və Sahil Mühafizəsinin əməkdaşları istintaqa cəlb olunub.
İctimaiyyətin diqqətini çəkən başqa bir məqam isə həbs olunan Ruslan Eyyubovun Şüvəlan qəsəbəsində, Xəzər dənizinin sahilində yerləşən nəhəng mülkiyyətidir. Ümumilikdə 15 hektar ərazi, 5 hektarı “bağ evi” kimi rəsmiləşdirilib, qalan 10 hektarın məqsədi isə hələ aydın deyil. İstintaq dairələrində müzakirə olunur: bu əraziyə dəniz yolu ilə qaçaq gəmilərin yan alması texniki baxımdan mümkün olubmu?
Ruslan Eyyubov eyni zamanda “NB” Şirkətlər Qrupunun rəhbəridir və Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. Bu qohumluq faktoru cəmiyyətdə sual yaradır: illərlə davam edən bu sxem hansı himayə altında işləyib?
Məlumatlara görə, qaçaqmallar İranın Bəndər-Abbas limanından Hövsan və Qaradağ limanlarına gətirilmiş, oradan isə bağ evlərinə daşınaraq topdan və pərakəndə satışa çıxarılıb. Siqaretlər əsasən Bakı və digər iri şəhərlərin küçələrində səyyar şəkildə, kənd mağazalarında “piştaxta altından” satıldığı qeyd olunur. Ruslan Eyyubovun kimya sənayesi, mərmər, qranit, bahalı daşlar və boyaların istehsalı ilə məşğul olması, eləcə də Gəncədə iri zavod açması onun iqtisadi təsir dairəsinin genişliyini göstərir. “Liman işi” gömrük-liman sindikatının ifşasıdır. İstintaq dərinləşdikcə daha yüksək vəzifəli şəxslərin və daha geniş şəbəkənin üzə çıxması ehtimalı artır. Baş Prokurorluq istintaq-əməliyyat tədbirlərinin davam etdiyini və yeni məlumatların açıqlanacağını bəyan edib.
Bu dosye bir daha göstərir ki, limanlardan dənizkənarı malikanələrə qədər uzanan qanunsuz zənginləşmə mexanizmi yalnız təsadüfi hallardan ibarət deyil.