Dünyada 15 yaşından kiçik uşaqlara sosial şəbəkədən istifadə qadağasını tətbiq edən ilk ölkə ötən il Avstraliya oldu və digər ölkələr də onun uğurunu izləyərək qiymətləndirdilər. Fransa, Danimarka, Avstriya və İspaniya da öz milli yaş limitlərini nəzərdən keçirərək eyni qadağanı tətbiq etdi. Böyük Britaniya hökuməti də 16 yaşdan kiçiklər üçün qadağanın tətbiq edilib-edilməməsi ilə bağlı məsləhətləşmələrə başlayıb.
Bu ölkələrdə azyaşlıların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı atılan addımlar bu mövzunu qlobal gündəmin əsas müzakirə predmetlərindən birinə çevirib. Xüsusilə uşaqların psixoloji təhlükəsizliyi və rəqəmsal mühitdə qorunması məsələsi hökumətlərin diqqət mərkəzindədir. Bu kontekstdə Azərbaycanda da oxşar qadağanın tətbiq olunub-olunmayacağı cəmiyyətdə maraq və suallar doğurur.
Sözügedən mövzu ilə bağlı Axar.az-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, region ölkələrində (məsələn, Türkiyə) bu tip təşəbbüslər müzakirə olunduğu üçün, Azərbaycanda da oxşar debatların başlanması mümkündür.
“Əsas məsələ icra mexanizmidir. Müəyyən platformalara 15 yaşdan kiçik istifadəçilər üçün çıxış məhdudlaşdırıla bilər. Tiktok, İnstaqram, Yutub kimi platformalar, uşaqlar üçün ayrıca “uşaq rejimi” (“kids mode”) avtomatik kontent filtrləri tətbiq etməyə məcbur edilə bilər. Bu, qadağadan daha praktik yanaşmadır. Amma ölkələr arasında mədəniyyət və yanaşma fərqləri olduğuna görə, yenə də 100%-lik nəticə mümkün görünmür.
Valideyinlərin texniki və İT avadanlıq istifadə qabiliyyəti və məlumatlılığı, məsuliyyət və maariflənmiş olmağı yeni dilemma yaradır. Açıq deyək ki, uşaqlar texnologiyada valideynlərdən çox vaxt daha çevikdir. Qadağa VPN ilə aşılır, yaş təsdiqində isə saxta tarix yazılır. Bloklama olduqda isə, alternativ platformalara keçid olur. Yəni tam qadağa kağız üzərində gözəl səslənsə də, praktikada yarımçıq işləyir”, - Əliyev qeyd edib.
Ekspert rəqəmsal yaradıcılığın erkən yaşda formalaşdığına və problemin platformaların özü yox, nəzarətsiz və məqsədsiz istifadə olduğuna inandığını deyib:
“Sosial şəbəkələrin, əlbəttə ki, uşaqlara mənfi təsiri var. Psixoloji təsir (özünü müqayisə, depressiya riski), kiber zorakılıq, təhqir, şantaj, zərərli kontent (zorakılıq, cinsi məzmun, qumar), asılılıq və diqqət dağınıqlığı, şəxsi məlumatların sızması (şəkil, məktəb, ünvan və s.).
Müsbət təsirləri də az deyil: maarifləndirici kontent (elm, dil, yaradıcılıq), sosial bacarıqlar (ünsiyyət, komanda ruhu), istedadların üzə çıxması (musiqi, rəsm, kodlama, video yaradıcılığı)”.
Bəhruz Əliyevin fikrincə, tam qadağa yox, yaşa uyğun kontent filtrinin məcburi tətbiqi ola bilər:
“Platformalara yerli mədəniyyətə uyğun uşaq təhlükəsizliyi öhdəliyi olmalıdır. Məktəblərdə rəqəmsal təhlükəsizlik təhsili davamlı olmalıdır və valideynlər üçün maarifləndirmə proqramlarının olması məqsədə uyğundur. 15 yaşdan kiçiklər üçün sosial şəbəkə qadağası hüquqi baxımdan mümkündür, amma praktikada çətin və yarım-effektiv ola bilər.
Daha sağlam yanaşma isə qadağan etmək yox, “təhlükəsiz et, nəzarət et, maarifləndir” yanaşmasıdır”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" istiqaməti üzrə hazırlanıb.
