Elm və Təhsil Nazirliyinin Kollegiyasının bəzi qərarlarında dəyişiklik olunub.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.
Qərara əsasən, təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma və ya akademik məzuniyyətdən sonra təhsilini davam etdirmə tələbənin əvvəl təhsil aldığı tədris dilinə (tədris dilinin ingilis və ya türk dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis və ya türk dilinə dəyişdirilməsi halları istisna olmaqla) uyğun aparılacaq.
Müvafiq qərara qədər istisna yalnız ingilis dilinə şamil olunurdu.
Bundan başqa, müvafiq ixtisas (ixtisaslaşma) üzrə normativ təhsil müddəti Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təhsil proqramı ilə müəyyən olunacaq, tələbənin təhsil müddəti hesablanan zaman akademik məzuniyyət dövrü, eləcə də ali təhsil müəssisəsindən xaric olunduqdan ali təhsil müəssisəsinə bərpa olunana qədər əhatə olunan dövr nəzərə alınmayacaq.
Əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə təhsilalanların təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilməyəcək. Həmin şəxslər təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq, habelə təhsilini müvəqqəti dayandırmaq (onlara akademik məzuniyyətin verilməsi) hüququna malikdirlər. Ali təhsil müəssisəsindən xaric olunan şəxs, eləcə də akademik məzuniyyətdən qayıdan tələbə yalnız öz ixtisası üzrə təhsilini davam etdirə bilər.
Həmçinin xüsusi qabiliyyət tələb edən ixtisas üzrə təhsil alan tələbənin təhsil müəssisəsinin, ixtisasının, təhsilalma formasının dəyişdirilməsi o şərtlə aparılır ki, həmin tələbənin tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının və ali təhsil müəssisəsinə qəbulu üçün verdiyi qabiliyyət imtahanının nəticələri ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Nazirliklə razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun.
Xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil alan tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını ölkənin ali təhsil müəssisəsinə dəyişdirməsi zamanı aşağıdakı göstəricilərdən biri nəzərə alınacaq:
- Xarici ölkənin ali təhsil müəssisəsində dövlət proqramı və ya hökumətlərarası təqaüd proqramı çərçivəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşının ali təhsil müəssisəsini ölkənin ali təhsil müəssisəsinə dəyişməsi yalnız həmin proqram çərçivəsində təhsilinə xitam verildiyi halda müvafiq qayda nəzərə alınmaqla həyata keçirilir.
Qeyd olunur ki, şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində eyni ixtisas qrupunda uyğun ixtisas və təhsilalma forması üzrə kadr hazırlığı aparılmadıqda, o, Nazirliyin razılığı ilə öz ixtisası və təhsilalma forması üzrə digər ali təhsil müəssisəsinə bərpa oluna bilərlər.
Müvafiq ixtisas üzrə normativ təhsil müddəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən təsdiq olunmuş təhsil proqramı ilə müəyyən olunur, tələbənin təhsil müddəti hesablanan zaman akademik məzuniyyət dövrü, eləcə də orta ixtisas təhsili müəssisəsindən xaric olunduqdan orta ixtisas təhsili müəssisəsinə bərpa olunana qədər əhatə olunan dövr nəzərə alınmır.
Əlavə təhsilin təkrar orta ixtisas təhsili istiqaməti üzrə təhsilalanların təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsinə yol verilmir. Həmin şəxslər təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq, habelə təhsilini müvəqqəti dayandırmaq (onlara akademik məzuniyyətin verilməsi) hüququna malikdirlər. Orta ixtisas təhsili müəssisəsindən xaric olunan şəxs, eləcə də akademik məzuniyyətdən qayıdan tələbə yalnız öz ixtisası üzrə təhsilini davam etdirə biləcəklər.