Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.
Bu barədə Axar.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Müsabiqədə iştirak etmək üçün 2863 abituriyent ərizə təqdim edib. Onlardan 976 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.
Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının 10-cu nömrəsində təqdim olunacaq. Jurnalın elektron versiyası (pdf formatında) günün sonunadək www.abiturient.az saytında yerləşdiriləcək və www.abiturient.az saytında ödəniş etməklə əldə etmək mümkün olacaq.
Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Qeydiyyat 15 sentyabr saat 15:00-dan 22 sentyabr saat 18:00-dək davam edəcək.