Şəhərdə taksilərin sayı artdıqca onların yaratdığı
problemlər də artır. Son zamanlar paytaxtda müşahidə edilən taksi
sıxlığı insanlar üçün problemə çevrilib.
Yaşayış binalarının həyəti, səkilər, ticarət mərkəzlərinin və
mağazaların qarşısı, avtobus dayanacaqlarını sözün həqiqi mənasında
zəbt edən taksilər həm insanlar üçün, həm də avtobus sürücüləri
üçün əməlli-başlı başağrısı yaradır. İnsanlar tez-tez avtobusların
dayanacaqlarda deyil, birbaşa yolun ortasında, harda gəldi
dayanmasından gileylənir.
Bu isə real təhlükə və qəza hallarının artmasına gətirib
çıxarır. Bundan əlavə yolun ortasında dayanan avtobuslar yollarda
tıxacların yaranmasına səbəb olur. Ancaq problemin kökünə vardıqda
görürük ki, burada avtobus sürücülərinin elə də böyük günahı
yoxdur. Çünki onları buna vadar edən dayanacaqları zəbt etmiş
taksilər və şəxsi avtomobillərdir.
Elə avtobus sürücüləri də bu problemdən ciddi əziyyət
çəkdiklərini deyirlər. "Axar.az"a danışan sürücülərin sözlərinə
görə, dayanacaqlar zəbt olunduğu üçün böyük avtobusları
dayanacaqlara salıb sərnişinləri düşürmək mümkün deyil:
"Sərnişinlərin bizi ittiham etməsi hardasa haqlıdır. Ancaq bütün
dayanacaqlar başdan-başa taksilər tərəfindən "zəbt" olunub. Biz də
dayanacaqlara girə bilmədiyimiz üçün məcbur olub avtobusu yolun
ortasında saxlayırıq. Buna görə də çox zaman insanlar bizi ittiham
edirlər".
Elə paytaxtda apardığımız araşdırmalar da avtobus sürücülərinin
haqlı olduğunu bir daha təsdiq etdi. Marşrut avtobusların metronun
"Koroğlu", "Neftçilər" və digər stansiyalarının ətrafındakı
dayanacaqlarda dayanması çox çətin məsələyə çevrilib. Onlar
dayanacaqlarda dayanıb avtobus gözləyən sərnişinlər üçün
əməlli-başlı əsəb, gərginlik və narahatlıq yaradırlar. Problemin
hansı həddə çatması rəsmi qurumlara da bəllidir. Ancaq hələ ki,
onların səsi çıxmır. Taksi sürücüləri isə bizimlə söhbətlərində
dayanacaqlarda havayı dayanmadıqlarını, bunun üçün haqq
ödədiklərini dedilər. Amma kimlərə? Bu suala isə heç bir taksi
sürücüsü cavab vermək istəmir. Sadəcə, "guya xəbəriniz yoxdur ki?"
deməklə kifayətlənirlər.
56 yaşım var, elə bilirsiniz mənə xoşdur
Elbrus Babayev adlı taksi sürücüsü vətəndaşların onları ittiham
etməsi ilə razılaşmır: "Hər kəs bizi ittiham edir. İttiham etməyə
nə var ki, bu çox asan bir məsələdir. Amma heç kim maraqlanmır ki,
biz niyə yay-qış, isti-soyuq demədən buranı kəsdiririk! 56 yaşım
var, elə bilirsiniz mənə xoşdur gəlib burda dayanmaq? Özüm də xəstə
adamam, əzab çəkirəm, narahat oluram bu yaşda gəlib burda duranda.
Amma nə edim, yaşaya bilmirik, vəziyyətimiz ağırdır. Heç yerdə
işləmirəm, dövlət məni işlə təmin etsə, nə işim var burada səhərdən
axşama kimi dayanım taksiçilik edim? Normal iş versələr, gedib
işləyib ailəmi saxlayaram da... Heç kim kefindən gəlib küçələrdə 5
manat üçün onun-bunun qabağına qaçmaz".
Digər tərəfdən, taksi sürücüləri onlar üçün xüsusi
dayanacaqların olmamasından şikayətləndilər. Taksi sürücüləri
deyirlər ki, problemin həlli ərazidə onlar üçün xüsusi
dayanacaqların təşkil olunmamasındadır:
"Belə olan halda biz avtobus dayanacaqlarını "zəbt" etmərik.
Gedib bizim üçün ayrılan yerdə dayanıb, sərnişin gözləyərik".
Qeyd edək ki, bütün dünya ölkələrində ictimai nəqliyyatla yanaşı
taksi xidmətləri də fəaliyyət göstərir. Ancaq Azərbaycandan fərqli
olaraq, dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə də böyük
şəhərlərdə taksilər onlar üçün ayrılan dayanacaqlarda, parklarda
dayanır və kimə lazımdırsa, taksini həmin dayanacaqlardan çağırır.
Ekspertlər də dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan və
adı çəkilən metodu ölkəmizə gətirməklə mövcud problemin aradan
qalxacağını düşünürlər. Əks halda, hələ uzun illər bu problem
aradan qalxmayacaq.
Qeyd edək ki, məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamaq istəsək də, bu
cəhdimiz baş tutmadı.