Azərbaycanda ətin bahalaşması prosesi davam edir. Artıq sümüklü mal əti 19-20, sümüksüz isə 24-25 manata qalxıb.
Kənd təsərrüfatı nazirimiz, hörmətli Məcnun Məmmədov mediaya bununla bağlı çox mükəmməl, oxucularını və əhalini heyrətə salacaq, vaxtı qabaqlayan, innovativ-eksperimental-texnoloji-starlink-ilonmask təhlil verib. Deyib ki, ət istehsalı artarsa, qiymətlər də daha çox stabilləşəcək.
Bax, bunu kim bilə, təxmin edə və proqnoz verə bilər? Əmin olun ki, Azərbaycanda ətin qiymətinin daha çox stabilləşməsi üçün ət istehsalının artması gərəkdiyindən heç kimin xəbəri yoxdur.
Hörmətli nazirimiz 43 yaşını yenicə tamamlayıb, 3,5 ildir nazirdir.
Dosyesinə baxaq: 2000–2004-cü illərdə İqtisad Universitetində "Ümumi iqtisadiyyat: Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr (MBA) təhsili alıb.
2022-ci ildə Hollandiyanın Vageningen Universiteti ilə Tilburg Universitetinin birgə magistr proqramı olan "Qida və Aqrobiznesdə İdarəetmə" (EMBA in Food & Agribusiness) ixtisası üzrə təhsilə başlayıb və cəmi bir il sonra da nazir olub.
2004-cü ildə "Billur & Astron" şirkətində mühasib işləyib, 2005-ci ildə Qazaxıstanın Almatı şəhərində "ABN AMRO Bank Kazakhstan" bankında təcrübə keçib, 2007-ci ildə "Deloitte" şirkətində maliyyə məsləhətçisi olub, daha sonra "AER" MMC-də 2010–2011-ci illərdə həmin qurumun direktoru işləyib. 2011-2015-ci illərdə "Modern Group" şirkətlər qrupunda biznesin inkişafı üzrə direktor, 2015–2018-ci illərdə "Paşa Holdinq"ə bağlı olan "PMD Group" şirkətində müxtəlif vəzifələrdə çalışıb.
2018-ci ildən "Agro Food İnvestment" MMC-də direktor olub.
Yəni yüksək ixtisaslı, peşəkar kadrdır, kənd təsərrüfatını da mükəmməlcə bilir – ixtisasından görünür.
Belə bir kadrın ət istehsalının artacağı təqdirdə ətin qiymətinin daha da stabilləşəcəyini fəhm etməsi başadüşüləndir.
Qeyd edək ki, ötən il xırdabuynuzlu heyvanların sayı 138,7 min, iribuynuzlu heyvanların sayı isə 30,1 min azalıb.
Son 5 ildə isə xırdabuynuzlu heyvanların sayı 1,3 milyon azalıb...
Son 5 ildəki azalmanın 3,5 ilində nazirimiz Məcnun müəllim olub və qiymətin artma səbəbini indi tapdı.
Və layihə başladı!
Layihə də bilirsinizmi nədir? Ən azı 500 xırdabuynuzlu heyvanı və 100 hektar otlaq sahəsi olan fermerə hər heyvan üçün 4 manat subsidiya veriləcək.
Yəni 500 heyvanı, yatağı, 100 hektarlıq otlaq sahəsi olana ildə 2 min manat yardım ediləcək.
Heyvanın real qiymətinin 1 faizi həcmində yardım qiymətə necə təsir edə bilər?
Yəqin ki, Məcnun Məmmədov bunu da daha gözəl bilir.