Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Temu" elektron ticarət platformasının sahibi olan "PDD Holdings"ə qarşı rəqabət pozuntusu əlamətləri üzrə apardığı araşdırmanı yekunlaşdırıb. Araşdırmanın nəticəsi olaraq, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib, rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib. Hazırda iş qaldırılması məsələsinə baxılması davam etdirilir.
Axar.az xəbər verir ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaydığı məlumatda araşdırmanın rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etmə və rəqabət qanunvericiliyinin - Rəqabət Məcəlləsinin (RM) 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri əsasında aparıldığı bildirilir.
Rəqabət Məcəlləsinin 16-cı maddəsi “Hökmran mövqedən sui-istifadə” ilə bağlıdır.
16.2.1-ci maddə “aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi”ni, 16.2.7-ci maddə “müvafiq bazarda rəqabətin məhdudlaşdırılması ilə nəticələnən aşağı qiymətlərin, yaxud rəqiblərə davamlı olaraq rentabelli fəaliyyət göstərməyə imkan verməyən qiymətlərin tətbiq edilməsi (bu maddə hasilat və ya topdansatış bazarında hökmran mövqedə olan təsərrüfat subyekti tərəfindən yuxarı qiymətlər tətbiq edilməklə həmin məhsulu ondan alan və emal və ya pərakəndə bazarında onunla rəqabət aparan təsərrüfat subyektlərinin fəaliyyətini məhdudlaşdıran davranışa da tətbiq edilir), 16.2.8-ci maddə “fiziki və mənəvi köhnəlmiş mallar, istifadədən çıxarılmış əsas və dövriyyə vəsaitləri istisna olmaqla, iqtisadi və ya texnoloji əsaslar olmadan məhsulun maya dəyərindən aşağı qiymətə satılması”nı nəzərdə tutur.
Belə məlum olur ki, “Temu” Azərbaycanda bazarı ələ keçirmək üçün qiymətləri kəskin ucuzlaşdırıb, hətta bəzən maya dəyərindən aşağı qiymət təklifi edib (və ya edir).
Qanunvericiliyə görə, əgər Rəqabət Məcəlləsinin 16-cı maddəsinin sözügedən bəndləri pozulubsa, ilk növbədə iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyası yaradılır və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi artıq bu addımı atıb.
Rəqabət Məcəlləsinin 72-ci maddəsinə uyğun olaraq, komissiya nəticə olaraq quruma (“Temu”ya) “rəqabəti məhdudlaşdıran qiymət siyasətinin dəyişdirilməsi və pozuntunun nəticələrinin aradan qaldırılması barədə” rəsmi göstəriş verə bilər.
Həmçinin “Temu” ilə bağlanmış müqavilənin ləğvi məsələsini qaldıra bilər (“Temu” ölkədə qadağan edilə bilər).
Komissiyanın qərarına əsasən, “Temu” Azərbaycandakı bir illik dövriyyəsinin 10%-i miqdarında cərimə oluna (Maddə 77.3) və yaxud RM-in 81.2-ci maddəyə əsasən “əldə edilən qanunsuz gəlirin 50 faizi həcmində maliyyə sanksiyası tətbiq edilə” bilər və s.
Belə görünür ki, ilk növbədə “Temu”da qiymət artımı müşahidə edilə bilər.
Xatırladaq ki, araşdırma iyulda başlayıb və araşdırmanın başlamasından sonra “Temu” platformasında təklif edilən məhsullarda ciddi bahalaşma olduğu haqda sosial şəbəkələrdə alıcılar paylaşımlar etməkdədirlər. Ekspertlər bahalaşmanın səbəbi kimi əsasən logistikanı göstərməyə meyilli olsalar da, görünür, əsas səbəb heç də bu deyil.
Bəzi iddialara görə, “Temu”dan ölkə “qaydalarına” uyğun fəaliyyət göstərməsi tələb edilir.