Rusiya lideri Vladimir Putinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə səfəri zamanı hava limanında qarşılanması birmənalı qəbul edilməyib.
Axar.az xəbər verir ki, Putinin Çin lideri Si Szinpin tərəfindən qarşılanmaması müzakirələr doğurub. Çünki Si Szinpin sammitə gələn ABŞ Prezidenti Donald Trampı hava limanında şəxsən qarşılamışdı.
Hər şey qarşılıqlılıq prinsipinə əsaslanır
Dövlətlərarası münasibətlərdə qarşılıqlılıq prinsipi əsas götürülür. Szinpin öz fəaliyyəti dövründə xarici ölkələrdən ən çox Rusiyaya səfər edib – 13 ildə 11 dəfə bu ölkəyə gəlib.
Yalnız son 3 səfərinə diqqət edək:
2025-ci ilin may ayında, Qələbənin 80 illiyi ilə bağlı səfərində Moskvanın Vnukovo Beynəlxalq Hava Limanında Si Szinpini Rusiya Baş nazirinin müavini Tatyana Qolikova qarşılayıb.
2024-cü ilin oktyabrında Kazanda keçirilən BRİKS sammitinə gələn Çin liderini Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov qarşılayıb.
2023-cü ilin martındakı dövlət səfəri zamanı Moskvanın Vnukovo hava limanında Sini Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko qarşılayıb və s.
Amma Si Szinpin 2026-cı il sentyabrın 23-də ABŞ-a dövlət səfəri zamanı onu Endyus hərbi hava bazasında şəxsən Donald Tramp qarşılamışdı. Bu, ABŞ prezidentinin gələn qonağı şəxsən qarşılaması ilə bağlı çox nadir hadisələrdən biri sayılır. Hətta Tramp buna görə tənqid edilsə də, o, bu tənqidlərə əhəmiyyət vermədən Endyus bazasına şəxsən getmiş, Szinpinin 21 yaylım atəşi və hərbi təyyarələrin nümayiş uçuşu ilə qarşılanmasında iştirak etmişdi.
Buna görə də Trampı Şençjenə səfərində Si Szinpin şəxsən qarşıladı.
Putinə də hörmətsizlik edilmədi: Əgər Szinpini Rusiyada baş nazirin müavinləri qarşılayırdısa, Putini Çində daha yüksək vəzifə sahibi - Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kay Szi (Cai Qi) qarşıladı.
Putinə həqiqətən də “yeri” göstərildi!
Amma beynəlxalq müşahidəçilərin Çində Putinlə Trampa fərq qoyulduğu barədə irəli sürdükləri iddialar da boş yerdən səslənməyib.
1. Szinpin Trampı “qarşılıqlılıq” prinsipinə görə şəxsən qarşıladı. Ancaq trapın düz önündə, qucaqlayaraq, səmimi dost münasibəti göstərməsi xüsusi yanaşma idi.
Putin bu cür münasibət görmədi.
2. Putini doğrudan da yüksək vəzifəli şəxs qarşıladı. Ancaq Rusiya liderinin boyla bağlı həssasiyyəti var. Onu qarşılamağa gedən çinli məmur isə Putinlə müqayisədə çox ucaboy idi.
Putinin həssaslığı nəzərə alına bilərdi, alınmamışdı.
3. “Ailə fotosu” çəkilən zaman Szinpin Putinə xanımının yanında, Trampa isə birbaşa öz yanında yer göstərdi.
4. Ailə fotosundan dərhal sonra Szinpin Trampa əli ilə istiqaməti nişan verib, yanaşı addımladı, Putin isə bu zaman arxada qaldı.
5. Eskalatorla hərəkət zamanı Trampla Si yanaşı və əl-ələ idilər, Putin isə mühafizəçilərinin əhatəsində və arxada (kölgədə də demək olar).
Bu xırda nüanslar hələ kameralara düşənlərdir və sammitdə kifayət qədər diqqət çəkdi.
Bu cür tədbirlərdə və mərasimlərdə təsadüflər və “diqqətdən qaçan” nüanslar olmur, hər şey əvvəlcədən dəqiqliklə hesablanır və xüsusi mesaj mahiyyəti daşıyır.
Bu baxımdan Putinlə Trampa ciddi fərq qoyulduğu haqda iddialar təsadüfi deyil.