"Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal
Yusifovun 81 nəfərin milyonlarla manat pulunu mənimsəməsi ilə bağlı
yenidən Ali Məhkəməyə müraciət olunub.
Teleqraf.com-un xəbərinə görə, Zal Yusifovun atası
Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin qərarından üçüncü dəfə
Ali Məhkəməyə şikayət edib.
Onun şikayətinin iki gün əvvəl məhkəməyə daxil olduğu
bildirilir.
Bundan əvvəl də Zal Yusifov iki dəfə eyni qərardan şikayət
verib. Lakin prosesin gedişi zamanı şikayətini geri götürüb. Zakir
Yusifovun şikayəti artıq Ali Məhkəməyə daxil olub və yenə də hakim
İlqar Hüseynovun icraatına verilib.
Yaxın günlərdə kasasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum
olacaq.
Zakir Yusifovun növbəti dəfə məhkəməyə şikayət etməsinə cinayət
işi üzrə adı keçən zərərçəkmişlər narazılıq edir. Onlar bildirirlər
ki, Zakir Yusifov müsadirə olunması üçün üzərinə həbs qoyulan
əmlakın hərraca çıxarılmasına mane olur. Zərərçəkmişlər qeyd
edirlər ki, Zakir Yusifovun oğlu Zal Yusifov onların külli miqdarda
pullarını mənimsəyib.Dələduzluq yolu ilə əllərindən alınan pulların
geri qaytarılması üçün 9 ildir məhkəmələrin qapısında
sürünürlər.
Zal Yusifovun yaşlı atası imkan vermir zərərçəkmişlərə dəymiş
ziyan ödənilsin.
Qeyd edək ki, Zal Yusifov 8 il əvvəl - 2008-ci ildə həbs olunsa
da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb
dələduz bankirin atasının Azərbaycan qanunlarına, haqq-ədalətə
məhəl qoymaması, müxtəlif dolandırıcı üsullara, fırıldaqlara əl
atmasıdır.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı
müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə
cəzalandırılıb.
Hökmdən narazı şəxslər apelyasiya şikayəti verib. Bakı
Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin
etməyib. Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali
Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri
qaytarılmasını istəyib.
Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün
əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat
verib.
Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan
Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı
şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, həmin
məhkəmədə işə baxan hakimlər şikayətin baxılmamış saxlanması barədə
qərar qəbul ediblər. Bundan sonra iş yenidən baxılması üçün
apelyasiya instansiyasına qaytarılıb.
2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan
Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun
iddiası əsassız olduğu üçün təmin edilməyib.
Zakir Yusifov Ali Məhkəməyə kasasiya şikayəti verərək işin
yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul
etməyə nail olub. Bu dəfə apelyasiya instansiyasında işə hakim
Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir
Yusifovun iddiası rədd edilib.
Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur
və məhkəmələr Əmlak Komitəsinə müraciət etməyib. Ali Məhkəmənin
hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya cavab olaraq
bildirilib ki, müsadirə olunması üçün nəzərdə tutulan mülklər Zal
Yusifova məxsusdur. Beləliklə, Zal Yusifovun atasının daha bir
yalanı rəsmi şəkildə ifşa edilib.
Yalanlarının ifşa edilməsinə baxmayaraq Zakir Yusifov yenə də öz
əməllərindən qalmayıb. O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral
2016-cı il tarixli qərarından kasasiya şikayəti verib. Zakir
Yusifov şikayətində göstərib ki, guya məhkəmə proseslərindən
iştirak etməyib. O, indi də məhkəmə proseslərində iştirak etmədiyi
bəhanəsi ilə Ali Məhkəmədə qərarı dəyişdirmək məqsədi güdür. Belə
hərəkətləri ilə Zakir Yusifovun bir məqsədi var - məhkəmənin yekun
qərarını uzatmaq...
Amma hər kəsə məlumdur ki, Zakir Yusifov və onun hüquqi
nümayəndəsi bütün məhkəmə proseslərinə qatılıblar. Onun və
nümayəndəsinin iştirakı olmadan bir dəfə də proses
keçirilməyib.
Hələ 2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində keçirilən
proseslərdən birinə Zakir Yusifov və onun nümayəndəsi gəlməmişdi.
Həmin vaxt prosesə sədrlik edən hakim Sahibxan Mirzəyev iclası
keçirməmiş və şikayətçi iştirak etmədiyi üçün məhkəmə prosesini
təxirə salmışdı.
Zakir Yusifov 2015-ci ildə də eyni oyuna əl atmışdı. O, 2015-ci
ilin yay aylarında kasasiya şikayəti vermişdi. Həmin vaxt şikayət
hakim Fərhad Kərimovun icraatına təqdim olunmuşdu. Sonradan naməlum
səbəblərdən Zakir Yusifov şikayətini geri götürmüş, noyabr ayında
isə yenidən tələsik şikayət vermişdi.
Bu il iyunun 8-də də Ali Məhkəmədə hakim İlqar Hüseynovun
sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifov kasasiya şikayətini
geri götürdüyünü açıqladı. O, bildirdi ki, kasasiya şikayətinə bəzi
əlavələr edəcək və bundan sonra yenidən kasasiya şikayəti
verəcək.
Növbəti prosesi isə oktyabrın 5-də keçirilib. Həmin gün də heç
bir səbəb olmadan Zakir Yusifov yenidən kasasiya şikayətini geri
götürməklə növbəti dəfə vaxt qazanmağa, dəyən ziyanın ödənilməsinə
mane olmağa çalışıb.
Elə buna görə də neçə illərdir məhkəmə prosesi davam edir. Ancaq
bu adam anlamır ki, sonsuzadək belə davam edə bilməz. Gec-tez
zərərçəkənlərə dəyən ziyan ödənməlidir. Çünki əmlakların Zakir
Yusifova deyil, Zal Yusifova məxsus olduğu artıq təsdiqlənib. Zakir
Yusifov vaxtı uzatmaqla əmlakların üzün də saxlamağa çalışsa da,
bu, baş tutumayacaq...