14:11
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oktay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid qismində Adil Qasımov ifadə verib.
Yeni Həyat MMC-də direktor işlədiyini bildirən şahid təqsirləndirilən şəxsləri tanımadığını deyib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandıran Adil Qasımov bildirib ki, "Aztelekom"da təmir-tikinti işlərinin aparılması üçün 80 min manat ayrılıb: "Aldlığım pulun yarısını "Aztelekom"un Həsənalı adlı işçisinə qaytardım. Onun pulu kimə verdiyini bilməmişəm. "Aztelekom" rəhbərliyi ilə birbaşa ünsiyyətim olmayıb".
Təqsirləndirilən Oktay Rüstəmov deyib ki, şahidin "Aztelekom"la heç bir əlaqəsi olmayıb: "Onun bir işçisi yanıma gəlmişdi. Goranboy rayonundan verginin ödənilməsi ilə bağlı gecikmə var idi. Həmin vaxt işçi bildirdi ki, işlərini Vidadi Zeynalovla görürlər".
Daha sonra Adil Qasımovun istintaqa verdiyi, indiki sözləri ilə ziddiyyət təşkil edən ifadələri açıqlanıb. O, istintaqa Oktay Rüstəmovu tanıdığını, pulu ona verdiyini söyləyib.
Şahid istintaqa verdiyi ifadəsini təsdiqləyib, amma yenə Oktay Rüstəmovu tanımadığını bildirib: "Mənə deyirdilər ki, tenderlerə ayrılan pulun 40 faizi "Aztelekom"un rəhbərliyinə verməlisən. Mən də məcbur olub vermişəm. Burada biz hamballıq etmişik".
Digər şahid Fikrət Vəliyev Poçtdaşıma Mərkəzinin rəisi olduğunu, təqsirləndirilən şəxsləri işgüzar münasibətdə tanıdığını deyib.
Şahid Əhməd Mehdiyev bildurib ki, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyində direktor müavini işləyib. Onun sözlərinə görə, Avropa oyunları zamanı kabelləşmənin 200 kilometrlik hisəsini qovşaqlar, qalanını isə özəl şirkətlər görüb: "Qovşaqlardan orada iş görənlərin siyahısını mənə veriblər. Mən də imza etdirmişəm, sonra geri qaytarmışam. Hər işi görənə 100 dollar verilib. Bu, ilkin pullar idi. Sonradan pul verilibsə, bundan xəbərim olmayıb".
Beytulla Hüseynov bildirib ki, Avropa Oyunları zamanı görülən işlərin dəyəri 10 milyon manat olub: "Əvvəlcə bizə 5 milyon manat verdilər, materallar aldıq. Sonradan Maliyyə Naziərliyinə müraciət elədik, qalan pulu vermədilər".
Şahid Ələddin Quliyev bildirib ki, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-də iş icraçısı olub, rayonlarda işlər görüblər, görülən işləri başa çatdırıblar.
Şahid Rəşad Məmmədovun sözlərinə görə, təqsirləndirilən Namazalı Məmmədovun dayısı oğludur. O, istintaqa verdiyi igşfadəsini təsdiqləyib. Deyib ki, "Optik, Tikint, Montaj" MMC-də rəhbər işləyib.
Şahid Qorxmaz Həziyev qeyd edib ki, "Qafqaz inşaat" MMC-nin rəhbəri olub, rayonlarda kabelləşmə işləri görüblər: "Bütün icra başçıları bizim işimizdən razı qalıb. Çünki biz səliqəli işləmişik. Gördüyümüz işlərin ümumi xərci dəqiq yadımda qalmayıb, amma 18 milyon manatdan çox olub.
Müəssisədə gəlir mənə çatıb. Əli Abbasovun qaynı Elçin İbrahomov dostum olub. Hamı bilirdi ki, o, rabitə nazirinin qaynıdır. Mən Elçin İbrahimovla 2001-ci ildən tanışam. Onun şirkətlə əlaqəsi olmayıb".
Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov bildirub ki, Qorxmaz Həziyevin istintaqa verdiyi ifadəsində ziddiyyətlər var. Bəzi vəkillər onun ifadəsinin elan olunmasına etiraz ediblər. İfadə elan olunmayıb.
Vidadi Zeynalov bildirib ki, Qorxmaz Həziyevin şirkətinə pulların ayrılması nazirin göstərişi olub, şişirdilmiş rəqəmlər də onların özlərinə aiddir: "Bizə nə deyirdilər, onu da göndərirdik".
Şahid İlyas Tağıyevin sözlərinə görə, təqsirləndirilən şəxslərdən Namazalı Məmmədovu tanıyıb: "Optik rabitə" MMC-də təsərrüfat işləri görmüşəm. İstintaqa verdiyim ifadəmi təsdiqləyirəm".
Proses günün ikinci yarısında davam edəcək.
***
Günün ikinci yarısında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Şahid qismində ifadə verən Vüqar Əfəndiyev bildirib ki, “Azərpoçt”da mühasib vəzifəsində çalışıb:
“Bizim əsas işimiz maliyyə hesabatlarını hazırlayıb müvafiq qurumlara göndərməkdən ibarətdir. Mən baş mühasib olaraq avadanlıqlar alan şirkətlərə maliyyənin ayrılmasında iştirak etmişəm, ancaq onlarla heç bir təmasım olmayıb. Bəzi hallarda isə rəhbərlikdən pul alaraq, onu Vidadi Zeynalova çatdırmışam. Pulları bağlı şəkildə şirkətlərdən alıb, Vidadi müəllimə çatdırmışam”.
Digər şahid Həsənqulu Qurbanovun sözlərinə görə, Aztelekom MMC-də tikinti şöbəsinin rəisi işləyib, “Aztelekom”un balansında olan binaların tikintisinin layihələrini hazırlayıb: “Biz tikilən binaların eskiz layihələrini hazırlayırdıq. Torpaq sənədlərini və digər zəruri sənədləri tikinti şirkətlərinə təqdim edirdik. Nazir Əli Abbasov mənim xalam oğludur”.
Şahidin ifadəsi ibtidai istintaqla ziddiyyət təşkil etdiyi qeyd olunub. Buna görə də vəkillər onun istintaqa verdiyi ifadəsinin elan edilməsini istəyiblər.
O, istintaqa ifadəsində göstərib ki, Aztelekom MMC-də alınacaq tikinti materiallarının qiyməti yüksək göstərilib və buna görə dövlətə külli miqdarda ziyan dəyib.
Həsənqulu Qurbanov isə bu ifadəsindən xəbərsiz olduğunu deyib.
Daha bir şahid Mahir Axundov bildirib ki, Tovuz Telekomunikasiya Qovşağında işləyib. Onun sözlərinə görə, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədovun həbs olunmasından sonra işlər yarımçıq qalıb.
Digər şahid İlqar Hüseynov bildirib ki, “Təmir Təchizat Servis” MMC-də anbardar vəzifəsində çalışıb. Onun sözlərinə görə, tikinti materiallarının qiymətləri cəmiyyətin mühasibatlığında bir neçə dəfə artıq göstərilib.
Proses dekabrın 23-də davam edəcək.