Təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan" qəzetinə
verdiyi müsahibədə bir sıra maraqlı məqamlara toxunub. M.Cabbarov
etiraf edib ki, respublikada məktəbəqədər təhsilə cəlb olunma
səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə
səviyyəsi şəhərlərdə 23,4 faiz, kəndlərdə 8,7 faiz, ölkə üzrə isə
16,5 faiz təşkil edir.
Nazir son illər bu sahədə müəyyən addımların atılmasına rəğmən,
bu sahədə həllini gözləyən problemlərin qaldığını da önə çəkib.
- Ölkənin yaşayış məntəqələrinin əksəriyyətində məktəbəqədər
təhsil müəssisəsi yoxdur. Dövlət Strategiyasında uşaqların erkən
yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan
standart və kurikulumlarının hazırlanması, məktəbəqədər yaşlı
uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən,
yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və
bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının
və yeni kurikulumların hazırlanması, məktəbəqədər, eləcə də ümumi
təhsil müəssisələrində uşaqlara pulsuz əsaslarla müvafiq
xidmətlərin göstərilməsi (dərs və ya təlim vəsaitləri və s.) də
strateji hədəflər sırasında yer alıb.
12 illik ümumi təhsili tətbiq edən ölkələrin sayı 170-i
ötüb
Daha sonra 12 illik təhsilə toxunan nazir bu sistemin artıq
dünyanın 170 ölkəsini əhatə etdiyini bildirib.
- Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin
müddəti 14 ildir. Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və
Yeni Zelandiyada 13 illik ümumi təhsil tətbiq olunur. ABŞ,
Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə
ümumi təhsilin müddəti 12 ildir. Ümumiyyətlə, hazırda 12 illik
ümumi təhsili tətbiq edən ölkələr dünya üzrə çoxluq təşkil
edir.
Nazir 12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar ölkəmizdə
10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil
modelinin tətbiq olunacağını deyib. "Bu modelə mərhələli şəkildə
keçmək planlaşdırılır".
Müəllimlərin əməkhaqqının 2 dəfəyədək
artacaq
Mikayıl Cabbarovun müsahibədə ən önəmli aşıqlamalarından biri də
müəllimlərin maaşının artırılmasıdır. Nazir bildirir ki, təhsil
xərclərini Ümumi Daxili Məhsulun 5-6 faizinə çatdırmaqla,
müəllimlərin əməkhaqqını 2 dəfəyədək qaldırmaq nəzərdə tutulur:
- Bu gün müəllimlərimizi əməkhaqqının artırılması məsələsi çox
maraqlandırır və bu barədə tez-tez müraciətlər olunur. Dövlət
Strategiyasında bu məsələ də öz əksini tapmışdır. Belə ki,
strategiyada müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması,
onların illik əməkhaqqının adambaşına düşən Ümumi Daxili Məhsula
nisbətən mərhələlərlə, səriştə və nəticə əsasında
diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması nəzərdə
tutulmuşdur. Bununla bağlı daha dəqiq meyarlar fəaliyyət planında
öz əksini tapacaqdır.