"Marşrutlarda plastik kart
mövcud qaydalarla işləməyəcək. İlk gündən bunun tərəfdarı olsaq da,
mövcud durum onu göstərir ki, prosesdə gecikmələr olacaq. Plastik
kartla birdəfəlik keçid çox vaxt alacaq".
Bu sözləri Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov
marşrutlarda plastik kartla ödəniş prosesinin özünü doğrultmaması
ilə bağlı danışarkən dedi.
İqtisadçının sözlərinə görə, bu, əvvəlcədən
proqnozlaşdırılırdı:
"Plastik kartların mövcud qaydalarla işləməsi mümkün deyil.
Bunun üçün bütün marşrutlar eyni prosesə keçməli idi. Bu az sayda
marşrutları əhatə edirsə, həmin kartlara tələbat da yüksək ola
bilməz. İlk gündən əhatə dairəsi elə də geniş olmayan bu kartların
işlək olacağı proqnozlaşdırılmırdı".
V.Bayramovun fikrincə, plastik kartlara birdəfəlik keçid o halda
mümkündür ki, istifadə alternativsiz olsun:
"Yəni vətəndaş ödənişi ancaq plastik kart vasitəsilə etməyə
məcbur olsun. Nağd şəkildə ödəniş etmək imkanı da mövcud olduğundan
plastik kartlardan istifadə gecikir və bu şəkildə davam edərsə,
hələ uzun müddət ləngiyəcək. Marşrutlarda plastik kartlardan
istifadəyə keçid məqsədilə nağd ödəniş qəti qadağan edilməlidir.
Seçim qarşısında vətəndaş nağd ödənişi seçəcək".
Ekspert qeyd edir ki, prosesin gecikməsinin digər səbəbi isə
marşrutlarda tətbiq edilən plastik kart sisteminə metronun da daxil
edilməməsidir:
"Bu gün dünyanın əksər ölkələrində bir kartla bütün ictimai
nəqliyyatdan istifadə etmək mümkündür. Nə qədər ki, bütün ictimai
nəqliyyatlar üçün ümumi plastik kartlar nəzərdə tutulmayıb, bir o
qədər də kartlardan kütləvi istifadə reallaşmayacaq. Bu Nəqliyyat
Nazirliyinin məsuliyyəti deyil, Metropoliten bu prosesdə maraqlı
olmalı idi. Plastik kartlardan istifadəyə keçməzdən öncə bütün
bunlar nəzərə alınmalı idi".
Qeyd edək ki, marşrutlarda plastik kartlara keçid bu ilin yanvar
ayından etibarən start verilib. Ümumilikdə proses 2014-cü ilin
sonunadək başa çatdırılmalı və plastik kartlardan istifadə bütün
marşrutlarda həyata keçirilməli idi.