Şahid Əli Əşrəf Əlizadə - Geologiya-mineralogiya elmləri
doktoru, professor, iki dəfə Stalin mükafatı laureatı, Azərbaycan
KP MK-nın keçmiş 2-ci katibi, hazırda Türkmənistan Dövlət
Universitetinin geologiya kafedrasının müdiri:
"Mir Cəfər Bağırov öz işi və fəaliyyəti barədə kiçicik bir
tənqidə də dözmürdü, onun haqqında öz şəxsi fikrini bildirməyə
cəsarət edənləri hər cür təqib edirdi. Onu tənqid edənlərə qarşı
kinli və amansız olan Bağırov "günah işlədənləri" "yerində
oturtmağa" çalışırdı.
Bu hadisə 1947-ci ildə baş verdi. Arvadım Qəmər, onun ögey
qardaşı Mustafayev (o vaxtlar dövlət təhlükəsizlik nazirinin
müavini işləyirdi) və Mustafayevin arvadı Zina mənim mənzilimdə
oturub söhbət edirdik. Otaqda kənar adam yox idi. Hətta qulluqçu da
evdə deyildi. Söhbət Bağırovun Zuğulbadakı bağından düşdü. Mən
dedim ki, Bağırov evdə yaşamaq barədə özgələrinə ağıl öyrədir, özü
isə ölkənin müharibədən çıxdığı indiki şəraitdə nəhəng, çoxlu
vəsait tələb edən hovuzlar tikdirir. Neft sənayesi işçilərininsə
istirahət evi yoxdur. Bu hovuzların tikintisinə neft sənayesinin
materialları sərf olunur. Həmin tikintidə yüzlərlə əsgər tər tökür.
Yaxşı olardı ki, onlar Bağırovun bağında hovuz əvəzinə neftçi
fəhlələr üçün istirahət evi tikəydilər.
Mustafayev də mənimlə razı olduğunu bildirdi.
Ertəsi gün Mustafayev dövlət təhlükəsizlik naziri Yemelyanovun
yanına çağırıldı. Yemelyanov ona bildirib ki, mənimlə olan söhbət
ona məlumdur. Mustafayevin dediyinə görə, o, hətta sözbəsöz həmin
söhbəti təkrar edib. Biz başa düşdük ki, söhbətimizə hansı
vasitəyləsə gizlicə qulaq asıblar.
Yemelyanov söhbətimizin tam mətni yazılmış hansısa sənədi
Mustafayevə təqdim edir. Mustafayevsə bunun ciddi repressiyalarla
nəticələnəcəyini duyaraq, Bağırov barədə söhbəti qətiyyətlə
boynundan atır.
Yemelyanovla söhbətdən dərhal sonra Mustafayev dövlət
təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad olunur, sonra isə
partiyadan xaric edilir.
Bundan sonra Bağırov mənə Moskvadan zəng vurub "vicdanı ləkəli"
olan Mustafayevlə hər cür əlaqəni kəsməyi və onu evimə buraxmamağı
tapşırdı.
Elə həmin 1947-ci ildə həkim Cavadov Moskvaya imzasız məktub
yazaraq, Bağırov və Teymur Quliyev barədə bəzi məlumatlar
verirdi. Əsasən onu göstərirdi ki, onlar dəbdəbəli həyat sürür,
bağ meyvələrinin alverilə məşğul olur və s.
Cavadovun imzasız məktubları Moskvadan Bakıya Bağırovun üstünə
göndərildi. Bağırov da həmin məktub müəlliflərini müəyyənləşdirməyi
Yemelyanova tapşırdı. Müəyyən olunurdu ki, həmin imzasız məktubları
arvadı Firuzənin (Firuzə mənim arvadım Qəmərin ögey bacısıdır) və
qayınanası Xavər Rəşidzadənin iştirakı ilə həkim Cavadov yazıb.
Bağırovun göstərişi ilə hər üçü – Cavadov, arvadı və qayınanası
Xavər həbs edildi. Həm də Xavəri qabaqcadan düzülüb-qoşulmuş plan
əsasında mənim mənzilimdə, qızı Qəməri yoluxmağa gələrkən
tutdular.
Qayınanam Xavərin bu şəkildə həbs edilməsi bir daha göstərirdi
ki, onun mənzilimdə həbs olunması ilə mənə ləkə atmaq
istəyirmişlər.
Bundan sonra mən Azərbaycan KP MK-nın büro yığıncağına
çağırıldım. Burada məlumat verən Atakişiyev mənə böhtan ataraq
bildirdi ki, bütün imzasız məktublar mənim rəhbərliyim altında
yazılırmış və mən buna görə cəzalanmalıyam. Mən imzasız
məktublardan xəbərsiz olduğumu qətiyyətlə bildirdim".
Belə ki, həqiqətən də, belə bir məktub Moskvaya göndərilmiş və
Kremldə əyləşmiş M.C.Bağırova qarşı olan müəyyən qüvvələrin siyasi
sifarişinə uyğun şəkildə tərtib olunmuşdu. N.K.Baybakov "От
Сталина до Ельцина" kitabının 123-cü səhifəsində qeyd edir: "Stalin
M.C.Bağırova qarşı məktubda qaldırılan iddiaların təftişini və
buradakı faktları yoxlayaraq, sonra şəxsən özünə bu barədə məruzə
etməyi SSRİ Dövlət Nəzarət Komitəsinin sədri Mexlisə tapşırır.
Partiya Nəzarət Komitəsinin sədr-müavini Yevdokimovun rəhbərliyi
altında böyük briqada Stalinin tapşırığından bir gün sonra
gözlənilmədən Bakıya gəldi.
M.C.Bağırov başa düşürdü ki, Stalin belə hallarda adətən çox
ciddi cəzalandırır. Ona görə də M.C.Bağırovu hər hansı bir
fövqəladə hal xilas edə bilərdi".
SSRİ dövlət nəzarət komitəsinin sədri Lev Mexlislə M.C.Bağırov
arasında ziddiyyət hələ 1942-ci ildən başlayırdı. Belə ki, 1942-ci
ildə ali baş komandanlığın Krım cəbhəsi üzrə nümayəndəsi Mexlis
hərbi əməliyyatlara rəhbərlik edirdi. M.C.Bağırov Kerç
yarımadasındakı hərbi əməliyyatların uğursuzluğa uğramasında və
minlərlə azərbaycanlının yarıtmaz hərbi taktika ucbatından məhv
olmasında Lev Mexlisi günahlandırırdı. M.C.Bağırov Stalin
qarşısında bu barədə məruzə ilə çıxış edir və nəticədə Lev Mexlis
Krım cəbhəsindən geri çağırılaraq səlahiyyətləri əlindən
alınır.
Mənə (A.M.) elə gəlir ki, M.C.Bağırovun köməyinə burada yenə də
L.P.Beriya gəlir.
Ona görə ki, N.K.Baybakov öz kitabında qeyd edir ki, M.C.Bağırov
hardansa Yevdokimovun gözəl qadınların aludəçisi olduğunu öyrənir.
Yəqin ki, bu mərhəm məsələləri yalnız daxili xüsusi xidmət
orqanlarına uzun illər rəhbərlik edən L.P.Beriya bilə bilərdi.
Belə ki, N.K.Baybakov öz kitabında qeyd edir:
"M.C.Bağırov süni surətdə Yevdokimovun Mahaçqalaya gedişini
təşkil edir və bu səfər zamanı Bakının gözəl qadınlarından bir
nəfər onu müşayiət edir. Bu səfərin səhəri günü artıq Stalinin
Kremldəki iş stolunun üstündə Yevdakimovun bu gözəl qadınla intim
fotoşəkilləri peyda olur".
Görünür ki, Beriya, Stalinin stolunun üstündə şəkillərin peyda
olmasında Bağırova köməklik göstərir. Stalin bu hadisədən sonra
SSRİ Xalq Nəzarəti Komitəsinin sədrini yanına çağıraraq onu
möhkəm tənqid edir və partiyanın ciddi məsələlərini Yevdakimov
kimi əxlaqsız adama tapşırdığından Mexlisi cəzalandırır. Bu
səbəbdən Mexlis bu dəfə də məğlub olur. Ancaq təəssüf hissi ilə
qeyd etmək istəyirəm ki, Mexlisin bu oyununun iştirakçıları
M.C.Bağırovun zəhmindən qurtula bilməyəcəkdilər və məhkəmə
materiallarından da biz bunu görürük. Bir müddətdən sonra,
ümumiyyətlə, Mexlis, Stalin tərəfindən təqaüdə göndərilir. Bakıda
məhkəmə prosesi başladıqda Bağırovun artıq 61 yaşı var idi. İlk
günlər sakit görünən Mir Cəfər yenə də temperamentinə uyğun olaraq
məhbuslarla ünsiyyətə girir və başına gələn əhvalatları nağıl
edirdi. Paradoks ondadır ki, illərlə kommunist ideologiyasının
carçısı zindanda tamamilə zindan qanunları ilə yaşayırdı.
M.C.Bağırov və onunla birlikdə həbs olunanlar Dövlət Təhlükəsizlik
Nazirliyinin istintaq təcridxanasında yerləşdirildilər. O
günlərdə gənc bir Azərbaycan çekisti kimi fəaliyyət göstərən,
hazırda isə ahıl yaşlarında olan Mürvət müəllim öz xatirələrini
mənə bu cür danışdı: "Mən o illərdə Dövlət Təhlükəsizlik
Nazirliyinin istintaq təcridxanasında konvoy kimi öz xidməti
vəzifəmi icra edirdim. Həmin günlərdə siyasi məhbus kimi Bağırov,
Atakişiyev, Yemelyanov, Markaryan, Qriqoryan, Borşev istintaq
təcridxanasının kameralarında saxlanırdılar. Bağırov olduğu
kamerada hər cür şərait yaradılmışdı. Divar mebeli, işləmək üçün
yazı mebelləri qoyulmuşdu. Bağırov səhərdən axşamadək yazı-pozu
işləri ilə məşğul idi. Məhkəmə günləri məhbus maşını xüsusi liftlə
yerin altına enir və siyasi dustaqları Dzerjinski (indiki Şəhriyar
adına) klubunda olan məhkəmə salonuna aparırdılar. Məhkəmə
prosesinin sonuncu, yəni, hökm oxunan günü idi. Mən Bağırovun
kamerasına nahar yeməyi apardım və ona müraciət etdim: "Məhbus
Bağırov, məhkəməyə getməyinizə 30 dəqiqə var, sizin naharınızı
gətirmişəm". Bağırov başını qaldırmadan əli ilə "istəmirəm"
işarəsini verdi. Mən kameranı tərk etdim. Bağırov isə məhkəməyə çox
ciddi hazırlaşaraq dayanmadan yazırdı. Mən istər-istəməz bir
azərbaycanlı kimi, Bağırovun bu cür yuxusuz gecələr keçirməyinə,
dayanmadan işləməsinə, üstəlik, qidalanmamasına yanırdım. Özümlə
bacara bilmədim. Nahar yeməyini əlimə götürüb Bağırovun kamerasına
girdim və dedim: "Yoldaş Bağırov, məhkəməyə getməyinizə 15 dəqiqə
qalıb. Sizin naharınızı gətirmişəm". Bu dəfə də Bağırov başını
qaldırmadan əli ilə mənə "istəmirəm" işarəsi etdi. Mən yenə
kameranı tərk etməli oldum. Artıq siyasi məhbusları məhkəməyə
aparan maşın gəlmişdi. Mən hər bir məhbusa məhkəməyə getməklə
əlaqədar hazırlaşmalarını xəbərdar etməli idim. Bağırovun
kamerasına gedəndə isə ürəyim durmadı, onun nahar yeməyini özümlə
götürdüm. Kameranı açıb içəri daxil olub hazırlaşmağı barədə onu
xəbərdarlıq etdim. Bağırov mənim əlimdə nahar yeməyini görcək
ürəkdən gülməyə başladı. Məni yanına çağırdı və dedi: "Oğlum,
səndən çekist olmaz. Ona görə ki, sənin ürəyin kövrəkdir". Bu
sözlərdən sonra Bağırov naharını etdi və məhkəməyə aparıldı. Həmin
gün məhkəmədə Mir Cəfər Bağırova güllələnmə hökmü kəsilmişdi.
M.C.Bağırova hökm oxunduqdan sonra onun məhkəmə heyətindən yeganə
bir xahişi olur. Bu xahişi isə müharibədə qəhrəmancasına həlak olan
oğlu Mir Cahangirin qəbrini ziyarət etmək istəyi ilə bağlı olur.
Məhkəmə heyəti qəhrəmanlıq şücaəti göstərmiş və Lenin ordeninə
ölümündən sonra layiq görülmüş Mir Cahangirin qəbrini ziyarət
etməyə M.C.Bağırova mane olmur. Məhkəmə qurtardıqdan sonra
M.C.Bağırov gözətçilərin müşayiəti ilə oğlu Mir Cahangirin Badamdar
qəbiristanlığındakı qəbrinin yanına gətirilir. Mir Cəfər oğlunun
qəbrini görcək, məzarı oxşayaraq, onunla danışmağa başlayır.
Qurumuş dodaqları ilə oğlunun başdaşından öpür. Bu an onun
gözlərindən axan göz yaşları məzarın sinədaşının üzərinə damır. Ani
bir səssizlik hökm sürür. Bu səhnədən qəhərlənən hərbi konvoyun
(gözətçi) azərbaycanlı üzvləri rus komandirlərdən Bağırova mane
olmamalarını xahiş edirlər. M.C.Bağırovun oğlunun məzarı ilə
vidalaşması 1 saat 26 dəqiqə çəkir. Sonda o, oğlunun göz yasları
ilə islanmış sinədaşından öpərək dərindən ah çəkir və: "Sənin
yanında ölmək mənə qismət olmadı", - deyərək, gözlərini oğlunun
məzarından çəkməyərək oradan ayrılır.
(Haşiyə: Onu da bildirmək istəyirəm ki, müharibədə göstərdiyi
qəhrəmanlığa görə ölümündən sonra SSRİ Ali Sovetinin qərarına
əsasən Mir Cahangir Lenin ordeninə layiq görülür və Quba şəhərində
ona büst qoyulur. Lakin sonralar Mir Cahangir Bağırovun adı bu
büstün altından silinir. İndinin özündə də bu büst Qubanın mərkəzi
parklarının birində durur. Lakin təəssüf ki, hələ də bu büstün
altında Mir Cahangir Bağırovun adı həkk olunmayıb).
Bizim oxucular üçün qaranlıq qalan şəxslərdən biri də Yuvilyan
Davidoviç Sumbatov-Topuridzedir. Bu şəxs üzərində dayanmağımın
bir neçə səbəbi vardır.
1956-cı il məhkəməsində ittiham olunan şəxslər içərisində onun
adının olmasına baxmayaraq, o, məhkəmə prosesində müttəhimlər
kürsüsündə deyildi (xəstə olduğu əsas gətirilmişdi – A.M.).
Sumbatov, Stalinin repressiya siyasətinin ən tüğyan etdiyi
dövrdə - 12.01.1937-ci ildən 10.01.1938-ci ilə qədər Azərbaycan
Daxili işlər xalq komissarı vəzifəsində çalışmışdı.
Biz gördük ki, Beriya ilə sıx yaxın olan şəxsləri N.S.Xruşşov
güllələtdirirdi. Onda sual oluna bilər: necə ola bilər ki, Sumbatov
Beriya ilə yaxın olsun və ona toxunmasınlar?
Sumbatov 1923-cü ilin noyabrından 1924-cü ilin oktyabr ayına
qədər AzFK-da quldurluqla mübarizə idarəsində şöbə müdiri
vəzifəsində işləmişdi. Sonra 1924-cü ilin oktyabrından 1926-cı ilin
mart ayına qədər FK-da informasiya-agentura şöbəsinin rəisi,
1927-ci ildən Azərbaycan siyasi idarəsinin informasiya və siyasi
nəzarət şöbəsinə rəhbərlik edir. Bu dövrdə M.C.Bağırovun Azərbaycan
siyasi idarəsinin rəhbərliyindən kənarlaşdırılması Sumbatovun da
taleyində dəyişikliklər yaradır.
Belə ki, Sumbatov Azərbaycan siyasi idarəsindən kənarlaşdırılır
və bir müddət - 1929-cu ilə qədər Bakı və Batum gömrük komitəsinin
rəisi işləyir. Sonradan Bağırovun vasitəsilə o, Beriya ilə tanış
olur. 1929-cu ilin yanvarından Gürcüstan siyasi idarəsinin
informasiya-agentura şöbəsinə rəis təyin edilir. Sonra isə may
ayında İttifaq Baş Siyasi İdarəsinin Zaqafqaziya üzrə nümayəndəsi,
sərhəd və siyasi idarə qoşunlarının idarə rəisi təyin edilir.
Görünür, bu təyinatda Beriya ilə Bağırovun çox rolu olur. Belə ki,
o, mərkəzdən gələn bütün göstərişləri Zaqafqaziya respublikalarının
siyasi idarələrinə ötürən və onlardan siyasi və ictimai proseslərlə
əlaqədar əməliyyat məlumatlarını alan mühüm bir fiqura çevrilir. O
dövrdəki Azərbaycan rəhbərliyi Bağırov barədə mənfi fikirlərlə dolu
məlumatları Moskvaya ötürürdü və bu məsələləri araşdırmaq üçün
təhkim olunan orqanlardan ən əsası Siyasi İdarə idi.
Təsəvvür edin ki, Azərbaycan Siyasi İdarəsinin məlumatları isə
Sumbatov-Topuridzenin stolunun üstünə qoyulurdu. Belə ki,
Azərbaycan Siyasi İdarəsinin rəisi olmuş Novruz Rzayev
M.C.Bağırovu həbs etmək üçün Ə.Zizinskidən istifadə etmək
istəyirdi. O, Əli bəydən M.C.Bağırovun əleyhinə ifadələr almağa
cəhd edirdi. Lakin hətta belə bir ifadə alınmış olsaydı belə,
Moskvaya göndərilən bu məlumat Tiflisdə ilişib qalacaqdı.
Artıq 1933-cü ildən M.C.Bağırov Azərbaycan K(b)P MK-ya I katib
seçildikdən sonra Y.D.Sumbatov-Topuridze Azərbaycan Siyasi
İdarəsinin rəis müavini təyin edilir. 1934-cü ilin fevralından
həmin idarənin rəisi, iyul ayında isə Xalq Daxili İşlər
Komissarlığının idarə rəisi təyin edilir. 1937-ci yanvarın 12-dən
Azərbaycan Daxili işlər xalq komissarı vəzifəsinə yüksəlir. Bu
vaxtlar həm Bağırov üçün, həm də Sumbatov-Topuridze üçün çətin dövr
olur. Belə ki, birincisi, Moskvadan SSRİ daxili işlər xalq
komissarı Yejovun verdiyi əmrə əsasən (o əmri kitabda göstərmişəm
– A.M.), təbəqələrə bölünmüş insanlar repressiyalara uğramalı idi.
İkinci bir tərəfdən, Moskvada həbs olunmuş Buxarin və Rıkovun
ifadələrinə görə, onlarla Zaqafqaziyada yaxın münasibətdə olanlar,
yəni Sovet İttifaqında hakimiyyəti ələ almaq istəyənlər həbs
olunmalı idilər. Üçüncü bir tərəfdən, sonradan Stalinə müxalif olan
Orconikidze tərəfdarları da həbs olunmalı idilər. Belə bir çətin
məqamda M.C.Bağırov keçmişi müsavatla, bəy nəsli ilə, çar ordusu
ilə, hətta türk ordusu ilə əlaqəli olan insanların böyük bir
hissəsini xilas edə bilir. Sözsüz ki, Bağırovun bu canfəşanlığı
Moskva tərəfindən cavabsız qalmayacaqdı. Artıq 1937-ci ilin
sonlarından başlayaraq, 1938-ci il yanvarın 6-dək SSRİ Daxili İşlər
Komissarlığından və ÜİK(b)P-dən komissiya Azərbaycanda əksinqilabi
qüvvələrlə mübarizədə respublika rəhbərliyinin fəaliyyətsizliyini,
xüsusilə, M.C.Bağırovun özünü yoxlayırdı. Hətta artıq 1938-ci il
yanvarın 10-da Y.D.Sumbatov-Topuridze Azərbaycan daxili işlər
komissarı vəzifəsindən azad edilir. Artıq növbə Bağırova çatırdı və
onu "millətçi sağ təmayülçü və hümmətçi" kimi əksinqilabi ünsürlərə
yardım göstərməkdə günahlandıraraq həbs olunmaq məsələsini
Moskvadan gəlmiş komissiya üzvləri gündəmə gətirirlər. Burada bir
amili də nəzərdən qaçırmaq lazım deyil ki, bu dövrdə SSRİ Xalq
daxili işlər komissarının müavini vəzifəsinə yüksələn L.P.Beriya bu
andan sonra artıq Moskvada M.C.Bağırovu xilas etmək missiyasını
ardıcıl surətdə həyata keçirməyə başlayır. Belə ki, L.P.Beriya
Yejovun göstərişlərinə uyğun həbslərin aparılması və bəzi
məqamlarda bu həbslərin əsassız olması, bu əsassız həbslərə etiraz
bildirənlərin təqib olunması və bu təqib olunanlardan birinin
M.C.Bağırovun olması barədə Stalin qarşısında məruzə ilə çıxış
edir. Beriya tərəfindən atılan bu addım Stalində Yejov barədə
yığılan siqnalların bir daha əsaslı olduğunu sübut edirdi. Bu da
artıq Yejovun sonu demək idi. Yeni təyin edilmiş Xalq Daxili İşlər
Komissarının müavini Beriya ilk olaraq bu orqanlardan Yejovun
dəstəsinin təmizlənməsi ilə məşğul olur. Bir neçə ay işsiz qalan
Sumbatov 1938-ci ildən SSRİ Daxili İşlər Xalq Komissarlığında şöbə
rəisi vəzifəsinə təyin edilir. 10 il bu vəzifədə işləyən Sumbatov
yalnız Beriyaya əks mövqedə dayanan Abakumov dönəmində SSRİ daxili
işlər sistemindən uzaqlaşdırlır. 1947-ci il martın 27-də o, yenidən
Azərbaycana qayıdaraq, Bağırov tərəfindən Azərbaycan SSR Nazirlər
Sovetinin sədr müavini vəzifəsinə təyin edilir.
Baş tutmamış çevrilişdən sonra 1953-cü ilin iyulun 17-də
Y.D.Sumbatov-Topuridze həbs edilir. Onun məhkəmədə iştirak
etməməsi isə heç də rəsmi məlumatlarda deyildiyi kimi deyildi.
Əslində, M.C.Bağırovun əleyhinə bir kəlmə ifadə verməyən və
1937-38-ci ildə respublikada aparılan həbslərin birbaşa Moskvadan
idarə olunduğunu göstərən Y.D.Sumbatov-Topuridze psixoloji və
fiziki təzyiqlərə tab gətirə bilməyərək sözün əsl mənasında ruhi
cəhətdən sındırılmışdı. 1955-ci ilin iyulundan o, psixiatriya
xəstəxanasına göndərilmiş və 1960-cı ildə isə elə bu tibb
müəssisəsində də vəfat etmişdi (çox guman ki, onun ölməsinə "kömək"
edilmişdi – A.M.).
Publika.az