Bakıda səhər saatlarında yollardakı və meteoroloji
vəziyyətin nəzərə alınmaması səbəbindən iki qəza baş
verib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş
Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə
bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat
verib.
Onun sözlərinə görə, yol qəzaları cüzi maddi zərərlə
nəticələnib.
V.Əsədov bildirib ki, mövcud meteoroloji vəziyyətlə bağlı
paytaxtın bəzi yollarında sıxlıq yaşanır. Belə ki, hazırda Babək
prospekti, Afiəddin Cəlilov küçəsi, Bakı-Sumqayıt yolundan Tbilisi
prospekti istiqamətinə, Koroğlu Rəhimov, Yusif Səfərov küçələri,
metronun "Koroğlu" stansiyasının yanından köməkçi yolla şəhər
istiqaməti və digər yollarda sıxlıq yaşanır.
Bakı yol polisi bildirir ki, hava şəraiti ilə əlaqədar
işıqforlar işləmədiyi halda sürücülər yol nişanlarına uyğun hərəkət
etməlidirlər.
Qeyd edək ki, Bakı yol polisi bazar günü gecədən paytaxtda
çiskinli və yağmurlu hava şəraiti ilə bağlı sürücüləri diqqətli
olmağa çağırıb.
Bildirilib ki, yağışlı və çiskinli hava şəraitində sürücülər
sürət həddinə, yol və meteoroloji şəraitə lazımınca diqqət
yetirməlidirlər.
Xatırladaq ki, Azərbaycan sinoptikləri noyabrın 5-dək ölkə
ərazisində qeyri-sabit, yağmurlu hava şəraitinin üstünlük təşkil
edəcəyini açıqlayıblar.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yağan
yağışlar nəticəsində Bakıda bəzi evləri su basıb.