Dünəndən "Feysbuk" sosial şəbəkəsində Təhsil
Nazirliyinin məktəblərə direktor seçilməsi ilə bağlı maraqlı
təşəbbüs qaldırdığı haqqında xəbərlər yayılıb. Guya, 3 ay
pedaqoji kurs keçən istənilən adam direktor ola
biləcək.
Bu xəbəri "ANS" TV-nin "İç Xəbər" verilişində aparıcı deyib. Bu
xəbərə ziyalı təbəqə nümayəndələri haqlı olaraq sərt reaksiya
versələr də, məsələyə bir az da ironik yanaşıblar. Ərəstun Oruclu
və Aynur Zərrintacın məsələyə münasibətlərini təqdim edirik.
Ərəstun Oruclu məsələyə bir az ironik yanaşır:
"Müəllim olmayan istənilən şəxs 3 aylıq kurs keçdikdən sonra
məktəb direktoru ola biləcək. Təhsil Nazirliyindən gələn bu nəcib
təşəbbüs nədənsə bəzi insanlarımız tərəfindən süngüylə qarşılandı.
Niyə, düzü anlamıram? Çobandan icra başçısı, "kqbşnik"dən molla ola
bilər, amma məsələn, alverçidən və ya sürücüdən məktəb direktoru
yox? Anlamıram bu məntiqi..."
Aynur Zərrintac bu xəbərin acı nəticə doğuracağını belə ifadə
etdi:
"ANS-in xəbərində Təhsil Nazirliyinin yeni ideyasını - təhsil
menecerlərinin hazırlanması xəbərini eşitdim. İstənilən şəxs 3
aylıq kurs hazırlığı keçməklə məktəbə direktor ola biləcək. Əgər
mən fikirləşdiyimdisə, böyrü üstə olan evimizin olan-qalan
taxtalarını da külək apardı, deməli".
"İç Xəbər" verilişi aparıcısının "gələn ildən istənilən şəxs
kurs keçməklə direktor ola biləcək, yəni, ixtisasından asılı
olmayaraq hər kəs - həkim də, iqtisadçı da Təhsil Nazirliyinin
təşkil etdiyi 3 aylıq pedaqoji kursu keçməklə direktor ola biləcək"
kimi fikirləri yanlış olsa da, reportajda və Təhsil nazirinin
açıqlamasında məsələ aydınlaşır: İstənilən ixtisasa sahib Ali
təhsilli şəxs 3 ay kurs keçməklə "Təhsil meneceri", kurs keçən və
eyni zamanda 5 illik pedaqoji təcrübəsi olan şəxslər isə direktor
ola biləcək.
Üç ay, gündə 3 saat
Qeyd edək ki, 26 noyabrda Təhsil Nazirliyi Qafqaz Universiteti
ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu
vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə
iştirakı üçün müsabiqə elan etmişdi.
Təhsil Nazirliyinin rəsmi saytına istinadən deyə bilərik ki,
təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş,
informasiya texnologiyalarına bələd, zəruri pedaqoji və psixoloji
bilikləri olan, strateji düşüncə tərzi sərgiləyən ölkəmizin təhsil
və sosial inkişafına töhfə verə biləcək məktəb direktorları
yetişdirmək olaraq göstərilir.
Elanda qeyd edilir ki, təlimlərin müddəti 2014-cü il yanvarın
21-dən aprelin 21-inə qədərdir. Dərslər isə gündə 3 saat (həftəlik
15 saat) olmaqla, həftənin 5 günü təşkil ediləcək.
Müsabiqədə iştirak üçün minimum Ali pedaqoji
təhsil və 5 illik pedaqoji təcrübə
lazımdır.
Rəsmi münasibət
Məsələylə bağlı "Axar.az"a açıqlama verən Azərbaycan Təhsil
Şurasının sədri Əjdər Ağayev bildirdi ki, belə bir təklif var:
"ANS-də kimin nə danışdığı barədə dəqiq məlumatım yoxdur. Ya
açıqlama verən adam nələrisə yanlış deyib, ya da tamaşaçılar yanlış
anlayıb. Pedaqoji fəaliyyəti olmayan heç kim direktor ola bilməz.
İstənilən adamın 3 aylıq pedaqoji kurs keçəndən sonra direktor
işləməsi qeyri-mümkündür".