Yuxarı

Prezidentin yeni struktur islahatları başladı - 7 fərman

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:59

Prezident İlham Əliyev “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

“İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və strukturunun təkmilləşdirilməsi baxımından sənayenin inkişafı ölkədə aparılan iqtisadi siyasətin əsas prioritetlərindən biridir.

Son illərdə qlobal iqtisadi çağırışlara uyğun olaraq bu sahədə həyata keçirilmiş, konkret hədəflərə yönəlmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə iqtisadiyyatın digər sektorları kimi sənaye infrastrukturu da təkmilləşdirilmiş, sənayenin üstün artımı təmin edilmiş, bu sahənin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması və yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi istiqamətində mühüm tədbirlər görülmüşdür.

Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən sənaye məhsullarının istehsalının artırılması, eyni zamanda, ölkənin müdafiə siyasətinin başlıca istiqamətlərindən olan müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsi bu sahədə fəaliyyət göstərən yüksək inkişaf potensialına malik müəssisələrin qabaqcıl təcrübə və texnologiyalar əsasında modernləşdirilməsinin həyata keçirilməsini, qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə, mövcud iqtisadi konyunkturada rəqabətədavamlılığının artırılmasını zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) yaradılsın.

2. Cəmiyyətdə ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2.1.2. Cəmiyyətin İdarə Heyəti sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

2.1.3. Cəmiyyətin yenidən təşkili və ləğvi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. bu Fərmanın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

3. Müəyyən edilsin ki:

3.1. Cəmiyyət qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycan Respublikasında silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxsidir;

3.2. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən – Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. üç ay müddətində:

4.1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.1.3. Cəmiyyətin nizamnaməsinin layihəsini, strukturu, o cümlədən nizamnamə kapitalının miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.4. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrin Cəmiyyətin tabeliyinə verilməsi, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla, onların fəaliyyətində səmərəliliyinin daha da artırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.5. Cəmiyyətin balansına veriləcək aktivləri fəaliyyət profilinə uyğun olaraq təsnifləşdirsin, onun fəaliyyət istiqamətləri ilə uzlaşmayan və ya problemli aktivləri müəyyən etsin və beynəlxalq təcrübə nəzərə alınmaqla, həmin aktivlərin mərhələli şəkildə Cəmiyyətin balansından çıxarılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.6. Cəmiyyətin tabeliyinə veriləcək müəssisələrin infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş gündən:

4.2.1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin normativ hüquqi aktlarına münasibətdə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti Cəmiyyətin təklifləri əsasında həyata keçirsin və nəticəsi barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2.2. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin balansında olan dövlət əmlakının Cəmiyyətin balansına verilməsini bir ay müddətində təmin etsin və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Cəmiyyət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilsin.

2. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilsin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilsin və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının balanslarında olan dövlət əmlakına münasibətdə “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına uyğun olaraq tədbirlər görüb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq təkliflərini və müvafiq normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan komissiyalara və Tarif (qiymət) Şurasına tapşırılsın ki, müvafiq işçi qrup və katiblikləri həmin komissiyaların və Tarif (qiymət) Şurasının üzvlərinin təmsil etdikləri dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət tərkibdə formalaşdırsın, onların əsasnamələrini təsdiq etsin və bu barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması, həmin dövlət xidmətlərinin daha az həcmdə resurs sərf edilməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Agentlik:

2.1.1. baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirir, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) fəaliyyətini əlaqələndirir;

2.1.2. kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini DAİM vasitəsilə həyata keçirir;

2.1.3. aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarət edir;

2.1.4. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin digər hüquq və vəzifələrini həyata keçirir;

2.2. Agentliyin Aparatının işçilərinin say həddi 85 nəfərdir.

3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin regional bölmələrinin işçilərinin say həddində ştat vahidləri DAİM-ə verilsin.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

4.1. Agentliyin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. regionlarda DAİM vasitəsilə göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin reqlamentlərini üç ay müddətində təsdiq etsin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərində işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görsünlər.

6. Agentliyin əsasnaməsi təsdiq edilənədək bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri öz fəaliyyətlərini davam etdirsinlər.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin balanslarındakı dövlət əmlakının Agentliyin əsasnaməsi təsdiq edildiyi gündən bir ay müddətində Agentliyin balansına verilməsini təmin etsin;

7.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1133; 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 525, № 7, maddə 1339; № 11, maddə 2029, № 12 (I kitab), maddə 2329) 3-cü hissəsi və 4.7-ci bəndi ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 897, № 8, maddə 1690) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 4.4.7-ci yarımbəndi ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 526, № 7, maddələr 1340, 1370, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 900, № 9, maddə 1825) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.5-ci yarımbənd ləğv edilsin;

1.2. 4.7-ci bəndə “istəyən şəxs,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı müddət nəzərdə tutulmayıbsa” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda 5.12-ci bənd əlavə edilsin:

“5.12. Müvəkkil bankın lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda Fondun İdarə Heyətinin qərarı əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Fondun vəsaiti hesabına ilkin maliyyələşdirilən kredit portfelini ləğvetməyə məruz qalmış bankdan digər müvəkkil banka keçirir. Bu zaman həmin kredit portfelinin təminatı kimi müvəkkil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak üzrə hüquqlar yeni müvəkkil banka ötürülür.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1820; 2017, № 5, maddə 821, № 11, maddə 2006; 2018, № 2, maddə 181, № 6, maddə 1196) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.4-cü bənddən “Cəmiyyət tərəfindən” sözləri çıxarılsın;

1.2. 6-cı bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin;

1.3. 6.3-cü bənddə “Cəmiyyətə” sözü “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə” sözləri ilə əvəz edilsin;

1.4. 8.2-ci bənddə “Cəmiyyətlə” sözü “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə” sözləri ilə əvəz edilsin;

1.5. aşağıdakı məzmunda 8.3-cü bənd əlavə edilsin:

“8.3. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş Qaydaya uyğun olaraq edilən müraciətlərin cavablandırılması, o cümlədən yaranan çətinliklərlə bağlı müraciətlər və onların aradan qaldırılması “ASAN xidmət” mərkəzləri vasitəsilə də həyata keçirilir.”;

1.6. 9.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“9.3. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitinin bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq vətəndaşlar tərəfindən mənzillərin əldə edilməsinə yönəldilən hissəsini hər maliyyə ilinin əvvəlində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;”.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddə “Cəmiyyətlə” sözü “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə” sözləri ilə əvəz edilsin və həmin bənddən “Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş” sözləri çıxarılsın;

2.2. 1.2.1-ci yarımbənddə “Cəmiyyətinin” sözü “Cəmiyyəti” sözü ilə, “Cəmiyyətlə” sözü “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə” sözləri ilə əvəz edilsin və həmin bənddən “Fərmanın 1-ci hissəsi ilə təsdiq olunmuş” sözləri çıxarılsın;

2.3. aşağıdakı məzmunda 1.2.4-1-ci və 1.2.9-1-ci yarımbəndlər əlavə edilsin:

“1.2.4-1. elektron kabinet verilmiş şəxs – bu Qaydanın 5.5-ci bəndinə əsasən “Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq elektron kabineti yaradılmış Azərbaycan Respublikasının vətəndaşı;”;

“1.2.9-1. mənzil əldə edənin öz vəsaiti (bundan sonra – öz vəsaiti) – Fondun vəsaiti hesabına verilən güzəştli ipoteka krediti istisna olmaqla digər vəsait (kredit hesabına cəlb etdiyi vəsait daxil olmaqla).”;

2.4. 1.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.2.5. ərizəçi – bu Qaydanın 5.7-ci bəndinə əsasən “Güzəştli mənzil” sistemində güzəştli şərtlərlə əldə edilməli mənzili seçmiş elektron kabinet verilmiş şəxs;”;

2.5. 1.2.10-cu yarımbənd ləğv edilsin;

2.6. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. Bu Qaydaya uyğun olaraq mənzil güzəştli qiymətlə, ipoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq ilkin razılıq qərarı əsasında ipoteka krediti hesabına və ya ərizəçinin öz vəsaiti, yaxud kredit təşkilatından cəlb etdiyi kredit hesabına əldə edilir.”;

2.7. 3.2-ci bənddə "Agentlik (onun kollegial orqanı) mənzilin orta bazar qiymətindən aşağı" sözləri "Agentliyin İdarə Heyəti" sözləri ilə əvəz edilsin;

2.8. aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilsin:

“3.5. Mənzillər satışa çıxarılarkən onların elektron kabinet verilmiş şəxslər tərəfindən ipoteka kreditindən istifadə etməklə və öz vəsaiti hesabına, yaxud yalnız öz vəsaiti hesabına əldə etməsi bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan elanda göstərilməlidir. Satışa çıxarılan mənzillərin yalnız öz vəsaiti hesabına əldə edilməsini nəzərdə tutan elan iki dəfə və daha çox ardıcıl olaraq verilə bilməz.”;

2.9. 4.3.8-ci yarımbənddə “satışının” sözündən sonra “(“Güzəştli mənzil” sistemi vasitəsilə seçilməsinin)” sözləri əlavə edilsin;

2.10. 4.3.9-cu yarımbənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.3.10-cu yarımbənd əlavə olunsun:

“4.3.10. satışa çıxarılan mənzillərin dəyərinin aşağıdakı ödəniş üsullarından biri:

1. ipoteka kreditindən istifadə etməklə və öz vəsaiti hesabına və ya;

2. öz vəsaiti hesabına.”;

2.11. aşağıdakı məzmunda 5.5-1–5.5-3-cü bəndlər əlavə edilsin:

“5.5-1. Mənzili ipoteka kreditindən istifadə etməklə, yaxud həm ipoteka krediti, həm də öz vəsaiti hesabına əldə etmək istəyən elektron kabinet verilmiş şəxs “Güzəştli mənzil” sistemi vasitəsilə “Elektron ipoteka” sisteminə yönəldilir və “Elektron ipoteka” sistemində onun qeydiyyatı yoxdursa, şəxs həmin sistemdə avtomatik qeydiyyata alınır. Bu barədə “Güzəştli mənzil” sistemi vasitəsilə şəxsin elektron kabinetində müvafiq bildiriş yerləşdirilir.

5.5-2. Elektron kabinet verilmiş şəxs bu Qaydanın 5.5-1-ci bəndində nəzərdə tutulan bildiriş onun elektron kabinetində yerləşdirildikdən sonra ilkin razılıq qərarının alınması üçün agent banka müraciət etməli və ipoteka kreditinin verilməsi Qaydası ilə müəyyən edilmiş sənədləri təqdim etməlidir. Belə müraciətə ipoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq baxılır. Elektron kabinet verilmiş şəxs agent bankdan aldığı ilkin razılıq qərarını “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

5.5-3. İlkin razılıq qərarı almış elektron kabinet verilmiş şəxs həmin qərarın verildiyi tarixdən bir il ərzində bu Qaydaya uyğun olaraq mənzil əldə etmədikdə, lakin mənzili ipoteka kreditindən istifadə etməklə, yaxud həm ipoteka krediti, həm də öz vəsaiti hesabına əldə etmək istəyində olarsa yenidən ilkin razılıq barədə qərar almalı və həmin qərarı “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirməlidir.”;

2.12. 5.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“5.6. Elektron kabinet verilmiş şəxs “Güzəştli mənzil” sistemində barəsində elan verilmiş mənzili seçə bilər. Belə seçim zamanı mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ipoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq ilkin razılıq qərarı almış şəxs seçə bilər. Bu Qaydanın 5.3.6-cı yarımbəndində göstərilmiş otaq sayı və 5.3.7-ci yarımbəndində göstərilmiş ödəniş üsulu elektron kabinet verilmiş şəxs tərəfindən satışa çıxarılan istənilən otaq sayı olan mənzilin və bu Qaydada nəzərdə tutulan istənilən ödəniş üsulunun seçilməsini məhdudlaşdırmır.”;

2.13. 5.7-ci bənddə “Müraciət edən” sözləri “Elektron kabinet verilmiş” sözləri ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Elektron kabinet verilmiş şəxs barəsində elan verilən yalnız bir mənzili seçə bilər.”;

2.14. aşağıdakı məzmunda 5.7-1 – 5.7-3-cü bəndlər əlavə edilsin:

“5.7-1. Bu Qaydanın 5.7-ci bəndinə uyğun olaraq seçilməsi imkanı məhdudlaşdırılmış mənzil bu Qaydanın 4.3.8-ci yarımbəndində müəyyən edilmiş müddətdə həmin elan çərçivəsində mənzil seçməyən elektron kabinet verilmiş iki şəxs tərəfindən ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Elektron kabinet verilmiş şəxs bir elan çərçivəsində gözləmə qaydasında yalnız bir mənzili seçə bilər.

5.7-2. Ərizəçinin etdiyi mənzil seçiminin bu Qaydanın 5.9-cu bəndinə əsasən ləğv edilməsi barədə onun elektron kabinetində müvafiq bildiriş yerləşdirildikdə gözləmə qaydasında həmin mənzili birinci sırada seçmiş elektron kabinet verilmiş şəxs ərizəçi statusunu əldə edir və onun həmin mənzili almaq hüququ yaranır. Bu barədə onun elektron kabinetində “Güzəştli mənzil” sistemi vasitəsilə müvafiq bildiriş yerləşdirilir.

5.7-3. Bu Qaydanın 5.7-2-ci bəndinə əsasən ərizəçi statusu əldə etmiş şəxsin etdiyi mənzil seçiminin bu Qaydanın 5.9-cu bəndinə əsasən ləğv edilməsi barədə onun elektron kabinetində müvafiq bildiriş yerləşdirildikdə gözləmə qaydasında həmin mənzili ikinci sırada seçmiş elektron kabinet verilmiş şəxs ərizəçi statusunu əldə edir və onun həmin mənzili almaq hüququ yaranır. Bu barədə onun elektron kabinetində “Güzəştli mənzil” sistemi vasitəsilə müvafiq bildiriş yerləşdirilir.”;

2.15. 5.8-ci bənddə “və ərizəçinin seçdiyi mənzili onun əldə etməsinin mümkün olub-olmaması məsələsinə baxılır” sözləri çıxarılsın;

2.16. 5.9-cu bənd aşağıdakı redaksiyada verilsin:

“5.9. Ərizə təmin edilmədikdə, ərizənin təmin edilməsi barədə qərar ləğv edildikdə, müqavilənin rəsmiləşdirilməsi üçün bu Qaydanın 6.2-ci bəndi ilə müəyyən edilmiş müddətdə ərizəçi gəlmədikdə və ya ərizəçi mənzil almaqdan imtina etdikdə, həmin ərizəçinin etdiyi mənzil seçimi ləğv edilir və bu barədə onun elektron kabinetində müvafiq bildiriş yerləşdirilir. Belə halda bu Qaydanın 5.7-2-ci və 5.7-3-cü bəndləri nəzərə alınmaqla mənzilin üzərinə qoyulmuş bu Qaydanın 5.7-ci bəndində qeyd olunan məhdudiyyət götürülür və həmin mənzillər növbəti elanla satışa çıxarılır.”;

2.17. 6.3-cü və 6.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“6.3. Mənzil seçimi zamanı onun dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu seçmiş ərizəçinin elektron kabinetində mənzil barədə bu Qaydanın 6.1-ci bəndinə uyğun olaraq bildiriş yerləşdirildikdən sonra ərizəçi ipoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq seçdiyi mənzilin qiymətləndirilməsinin aparılması və ipoteka kreditinin verilməsinə razılıq barədə qərar alınması üçün on iş günü müddətində agent banka müraciət etməlidir. Belə müraciətə ipoteka kreditinin verilməsi Qaydasına uyğun olaraq baxılır.

6.4. Mənzilin ipoteka kreditindən istifadə etməklə əldə edilməsini seçmiş ərizəçinin elektron kabinetində mənzil barədə bu Qaydanın 6.1-ci bəndinə uyğun olaraq yerləşdirilən bildirişdə agent bankın ipoteka kreditinin verilməsinə razılıq barədə qərarı “Elektron ipoteka” sistemində yerləşdirildikdən sonra ərizəçinin və (və ya) həmin bankın tələbinə əsasən alqı-satqı və ipoteka müqaviləsinin rəsmiləşdirilməsi üçün notariatda iştirakın təmin edilməsi barədə Cəmiyyətin öhdəliyi əks olunmalıdır.”;

2.18. 6.5.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.5.3. ərizəçi bu Qaydanın 6.1-ci bəndinə uyğun olaraq bildiriş yerləşdirildikdən sonra bu Qaydanın 6.3-cü bəndində müəyyən olunan müddətdə seçdiyi mənzilin qiymətləndirilməsinin aparılması və ipoteka kreditinin verilməsinə razılıq barədə qərar alınması üçün agent banka müraciət etmədikdə və həmin müddətdə mənzili öz vəsaiti hesabına əldə etmək niyyətini “Güzəştli mənzil” sistemi vasitəsilə bildirmədikdə, ərizəçinin ipoteka kreditindən istifadə etməklə mənzil almaq üçün ərizəsi agent bank tərəfindən ipoteka kreditinin verilməsi Qaydasına əsasən təmin edilmədikdə və ərizəçi mənzili öz vəsaiti hesabına əldə etmək niyyətini ipoteka kreditinin verilməsindən imtina edilməsi barədə qərar elektron kabinetində yerləşdirildiyi gündən 3 (üç) iş günü müddətində “Güzəştli mənzil” sistemi vasitəsilə bildirmədikdə.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərmanın 2-ci hissəsi 2019-cu il mayın 1-dən qüvvəyə minir. Bu Fərmanın 2-ci hissəsi qüvvəyə minənədək “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda nəzərdə tutulan mənzilin orta bazar qiyməti kimi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası tərəfindən sonuncu təsdiq edilmiş qiymət nəzərdə tutulur.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

Tarix
2019.01.14 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Duda Azərbaycanla sərhəddə... - Video

Azərbaycanda 29 yanvara seçki təyin edildi

İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?

Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya

Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi

Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video

Bu, Əliyevin qələbəsidir - Solonnikov

Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto

Duda İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər

Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla