Ana səhifə Toplum |
Milli Hidrometeorologiya Departamenti ilə bağladığımız müqaviləyə əsasən, dopler radar sistemi ilin sonuna kimi Azərbaycana çatdırılacaq və 2020-ci ilin birinci rübündə quraşdırma tam başa çatacaq.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Baron” şirkətinin nümayəndəsi Sergey Brayl bildirib.
Onun sözlərinə görə, radarın radiusu 250 kilometr, yağıntılar zonasının hündürlüyü isə 6 kilometri əhatə edəcək:
"Bütün əraziləri əhatə etmək üçün xüsusi prinsipdən istifadə olunur. Əgər düzənlikdirsə, quraşdırılacaq qüllələrin məsafəsi 400 kilometri əhatə edəcək. Bütün ölkəni əhatə etmək üçün mürəkkəb və çətin hesablamalara ehtiyac var. 250 kilometr deyən zaman biz dənizi də nəzərdə tuturuq. Ona görə, bu cihaz sahildə də quraşdırılmalıdır. Hətta qonşu ölkədən hava axınını görmək üçün sərhəddə də quraşdırılmasına ehtiyac var. Bütün bunları etmək üçün vaxt lazımdır".
Mütəxəssis qeyd edib ki, cihaz Azərbaycanda sentyabrda sınaqdan keçiriləcək:
"Daha sonra radar məlumatlarını oxuya bilmələri üçün, biz radar mütəxəssisləri və meteoroloqlara təlimlər keçəcəyik. Sistem istismara verildikdən sonra real məlumatları öyrətmək üçün də təlim keçiriləcək".
“Baron” şirkətinin nümayəndəsi Brian Bellev isə deyib ki, dopler radar sistemi meteorologiya sisteminə yararlı olacaq: "Sistemin əsas funksiyalarından biri, təbii hadisələri öncədən əldə edib ictimaiyyətə məlumat verməkdir. Bu, ən son mövcud olan texnologiyadır ki, bununla da dəqiq və vacib məlumatları vermək olacaq".
Tarix
2019.08.26 / 13:48
|
Müəllif
Axar.az
|