Kişilərin çoxu həyatlarının müxtəlif dövrlərində bu cür
sözləri eşitmək məcburiyyətində qalıblar. Kimlərsə bu "cavabdan"
depressiyaya düşür, kimlərsə heç nə olmamış kimi həyatlarına davam
edir. Bu "maddələr" yarı-ciddi, yarı-zarafata hazırlanıb, belə
şeyləri çox da ürəyinizə salmayın.
Qadınları anlamaq ta qədimdən çox çətin olub, buna cəhd etməyin,
məncə. Oskar Uayld boşuna deməyib ki, qadınlar sevilmək üçün
yaradılıb, anlaşılmaq üçün yox.
Bu da klassik bəhanələr:
1. "Sən məndən daha yaxşılarına layiqsən" (sizin yerinizə qərar
vermək qadının vecinə deyil, əslində demək istəyir ki, siz kifayət
qədər yaxşı deyilsiz).
2. "Sən əslində çox yaxşı insansan, amma..." (məncə, "amma"nı
eşidən kimi aradan çıxmalısız, sonrasında eşitmək istəmədiyiniz
cümlələr gələ bilər).
3. "Dost qalaq" (yanımda başqa kişi dostlarımın nələr etdiyini
izah edəcək bir adam lazımdı da).
4. "Kişilərə inamım qalmayıb" (hə, bunu bir az müsbət cavab
saymaq olar, bir dəfə də sizinlə sınaya bilər, möhkəm yapışın).
5. "Problem səndə deyil, məndədir" (bir dəfə kinoya, teatra
getməmisiniz, bir kitab üzü açmamısınız, necə olmalıydı ki?!)
6. "Bu aralar yeni münasibət haqqında fikirləşmirəm. Hazır
deyiləm" (fikirləşir əslində, amma sizinlə deyil. Bir həftə sonra
başqa adamla görsəniz təəccüblənməyin).
7. "Aramızda yıxa bilmədiyim bir divar var" (ildə, ayda bir
mesaj yazıb, zəng eləyəndə belə olacaqdı da, gecdi).
8. "Səndən elektrik almıram" (ən axmaq bəhanə budur, bunu deyən
qadından elə uzaq olsanız yaxşıdır).
9. "Səni üzmək istəmirəm" (adama deyərlər, üzmək istəmirsən, hə
de, bitsin də).
10. "Sən heç güzgüdə özünə baxmısan?" (bunu deməkçün bir az da
üzlü olmaq lazımdı, Allah yaradıb onu da, nə deyəsən).
11. "Tipim deyilsən" (çox səmimi və açıq cavabdı, "sağ ol"
deyib, mədəni sürətdə uzaqlaşın bu qadından).
12. "Mənə bir az vaxt ver" (yazıqdı bunu deyən qadın, sizi
qırmamaqçün özünə əzab verir, gedin, o da rahat olsun, siz də).
13. "Mənim bağlanma problemim var. Bir adama bağlı qala
bilmirəm" ("buynuzlu" görünməkdən çəkinmirsinizsə, bunu deyən
qadınla münasibət qurmağa yenidən cəhd edin).
14. "Mənim sevgilim var" (sənə itirəcəyim vaxtı evdə pişiyimə
sərf edərəm).
15. "Kaş ki, aramızda bu qədər yaş fərqi olmayaydı" (adətən evli
adamlara deyilir bu söz, açıqlaması, "get, boşan,
gələrsən"dir).
16. "Səni qardaşım kimi sevirəm" (sevgili kimi yox, amma yanımda
ol, işim düşəndə lazım olursan).
17. "Bu dəqiqə həyatım çox qarmaqarışıqdı" (köhnə sevgilimlə
hələ ipləri tam kəsməmişik, problem lazım deyil).
18. "Eyni yerdə işlədiyim adamla görüşə bilmərəm" ("dünyada bir
sən qalsan, bir mən, sənə "hə" demərəm", deməkdi bu).
19. "Nişanlım var" (səninlə bir yerdə olmaqdansa istənilən
yalanı deyərəm).
20. "Bu aralar karyeramla məşğulam" (işlə məşğul olmaq belə
səninlə olmaqdan daha maraqlıdı).