Ana səhifə Toplum |
Çində belə bir məsəl var: “Həqiqi dost pis gündə tanınır”. Çin xalqının üzləşdiyi bu çətin günlərdə biz dostlarımızla düşmənlərimizi daha yaxşı ayırd edir, çətinliklərimizi aradan qaldırmaq üçün bizimlə birlikdə mübarizə aparan dostlarımızın dəyərini daha yaxşı bilirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Szinpinə ünvanlandığı məktubda epidemiyanın yayılmasının və insan tələfatının qarşısının alınması ilə bağlı Çin hökumətinin atdığı addımları, bu işdə Çin xalqının əzmkarlığını yüksək qiymətləndirib. Prezident İlham Əliyev vurğulayıb ki, bu müvəqqəti çətin günlərdə Azərbaycan xalqı dost Çin xalqı ilə həmrəydir və ona hərtərəfli yardım göstərməyə hazırdır. Çin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir, Azərbaycanı dost ölkə, etibarlı dost və mühüm tərəfdaş hesab edir, uzun illər ərzində Azərbaycan tərəfi ilə mövcud olan qarşılıqlı siyasi etimadın, praktiki və səmərəli fəaliyyətin səviyyəsini yüksək qiymətləndirir. Azərbaycan cəmiyyətinin müxtəlif dairələrinin sonsuz qayğısı, diqqəti və maddi dəstəyi bu qış bizi isindirir və buna görə sizə səmimi təşəkkürümüzü bildiririk.
Axar.az xəbər verir ki, bunu ÇXR-in Azərbaycandakı müvəqqəti işlər vəkili Li Cinsonq fevralın 4-də Çin səfirliyində Azərbaycanın bir sıra aparıcı KİV-lərinin nümayəndələri ilə görüşündə bəyan edib.
Görüş Çində yeni tip koronavirus epidemiyası, bu epidemiyaya qarşı mübarizədə Çin hökuməti və xalqı tərəfindən görülən tədbirlərlə bağlı vəziyyət, habelə epidemiya dərəcəsini səmərəli, elmi və obyektiv müəyyən etmək və lüzumsuz qorxudan qurtulmaq üçün Çinin beynəlxalq birlik, o cümlədən Azərbaycanla əməkdaşlığı barədə məlumatlandırma məqsədi ilə təşkil edilib. Li Cinsonq deyib:
«Bu yaxınlarda Uxan şəhərində yeni tip koronavirus infeksiyasının yayılması ilə əlaqədar Çində pnevmoniya epidemiyası başlayıb. Epidemiya beynəlxalq birliyin xüsusi diqqətini cəlb edib. Koronavirus pnevmoniyası infeksiyasının yeni növü artıq bir aydan çoxdur Çin ərazisində tüğyan edir. Təəssüf ki, infeksiyanın yayılması Çinin milli bayramı – Bahar bayramı ilə bir vaxta təsadüf edib. Bayram tətilləri insanların fəal hərəkətdə olduqları və qohum-əqrəbaları sıx görüşdükləri dövrdür ki, bu da xəstəliyin yayılmasına şərait yaradır. Hazırda Çində 20 mindən çox adam bu infeksiyaya yoluxub. Bəzi ölkələrdə də yeni tip koronavirusa yoluxmanın təsdiq edilmiş və ehtimal olunan halları aşkar edilib. Çin qısa müddətdə yoluxmuş insanı sürətlə identifikasiya edən səmərəli virus reaktivləri hazırlayıb. Təsdiq edilmiş faktların sürətlə artmasının əsas səbəbi də budur. Çin bütün səviyyələrdə intensiv mətbuat konfransları keçirmək, epidemiyanın ümumi vəziyyəti ilə bağlı rəqəmləri yeniləmək yolu ilə vəziyyətin inkişafı barədə bütün dünyanı vaxtında məlumatlandırır, insanların dürüst informasiya əldə etmək hüququnu təmin edir. Bu, dünyanın böyük dövlətlərindən biri kimi Çinin yüksək məsuliyyətini nümayiş etdirir. Hazırda sağalma hallarının sayı artır, peyvəndlərin və xüsusi preparatların öyrənilməsi və tətbiqi prosesi sürətlənir. Epidemiyanın qarşısını almaq mümkündür, ona nəzarət edilə bilər və bu xəstəlik müalicə olunandır. Özümüzə əminlik hissi, bacarığımız və resurslarımızın yetərincə olması epidemiya üzərində sürətlə qələbə çalmağımıza imkan verir”.
ÇXR Sədri Si Szinpinin epidemiya ocağı yaranan kimi insanların təhlükəsizliyinin təmin edilməsi üçün mühüm göstərişlər verdiyini vurğulayan müvəqqəti işlər vəkili daha sonra deyib:
“Hərtərəfli profilaktika və nəzarət, epidemiyanın yayılmasının qarşısının ciddi şəkildə alınması üçün mərkəzi rəhbər qrup yaradılıb. Çinin bütün regionlarının hökumətləri xalqın sağlamlığına yüksək əhəmiyyət verir və virusa qarşı mübarizə aparmaq üçün bütün tədbirləri görürlər. Xubey əyalətinin Uxan şəhərindən başlayaraq bütün ölkə ərazisində hazırda profilaktika və nəzarətin kompleks mexanizmi yaradılıb. Bütün işlər açıq, şəffaf, elmi və müntəzəm əsasda aparılır. ÇXR-in Səhiyyə İşləri Dövlət Komitəsi epidemiyanın episentrinə - Uxan şəhərinə ağır xəstəliklər sahəsində mütəxəssislər - 1230 tibb işçisindən ibarət 6 qrup göndərib. Eynən bu qədər qrup ehtiyat heyətdən təşkil edilib və onlar istənilən vaxt epidemiyaya qarşı mübarizəyə başlamağa hazırdırlar. Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) həkim briqadaları təyyarələrlə Uxan şəhərinə göndərilib. Epidemiyanın yayılmasının qarşısını almaq üçün yanvarın 23-də Uxan ilə nəqliyyat əlaqəsi kəsilib. Yanvarın 26-da nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulub. Tibbi heyətə, xəstələrə və çətinliklərlə üzləşən yerli sakinlərə pulsuz xidmət göstərmək üçün şəhərə 6 min taksi cəlb olunub. Bir neçə gün ərzində Uxanda Çin sürəti ilə 2 mindən çox çarpayılıq 2 yeni təcili yardım xəstəxanası inşa edilib. Si Cinpinin fərmanı ilə 1400-dən çox hərbi həkim bu xəstəxanalarda işləmək üçün fevralın 3-də Uxana gəlib. ÇXAO Hərbi Hava Qüvvələrinin səkkiz nəqliyyat təyyarəsi Uxana tibbi ləvazimat gətirib. Bütün şəhər xəstəxanalarında hərarəti yüksək olan pasiyentlər üçün qəbul fasiləsiz rejimdə işləyir. Xəstəxanalar müalicəyə ehtiyacı olan bütün insanları qəbul edir”.
Li Cinsonq vurğulayıb ki, Çin hökuməti epidemiya başlanan andan Dünya Səhiyyə Təşkilatının (DST) tələblərini üstələyən ən ciddi kompleks tədbirlər görüb. Eyni zamanda, Çin epidemiyanın vəziyyəti barədə dünyanı tam məsuliyyət hissi ilə açıq, şəffaf şəkildə və vaxtında məlumatlandırır. DST və dünyanın bir çox ölkələri bunu yüksək qiymətləndirirlər. DST-nin baş direktoru Tedros Hebreyesus deyib ki, Çində virus çox sürətlə aşkar edilib, vaxtında və şəffaf informasiya mübadiləsi aparılıb, dərhal və səmərəli tədbirlər görülüb ki, bu da epidemiyanın başqa ölkələrə yayılmasının qarşısını alıb. Çin hökuməti epidemiyaya qarşı mübarizə gedişində beynəlxalq əməkdaşlığa açıq, şəffaf və fəal olduğunu parlaq nümayiş etdirib. Çin DST ilə sıx əməkdaşlıq edir. Tedros Hebreyesus və DST mütəxəssisləri bir neçə gün əvvəl Uxanda olublar. Onlar profilaktik tədbirlər və epidemiyaya nəzarətlə bağlı Çin tərəfi ilə geniş fikir mübadiləsi aparıb, Çinin xəstəliyə qarşı mübarizədə böyük işlər gördüyünü tam təsdiq edib və onun töhfəsini yüksək qiymətləndiriblər. Diplomat deyib ki, epidemiyanın PHEIC kimi müəyyən edilməsi Çinə qarşı etinasızlıq deyil, daha çox Çinin epidemiyaya qalib gələcəyinə tam əminlik hissidir. Epidemiyaya qarşı mübarizədə Çinin səyləri hörmətə layiqdir və bəyənilməlidir. Bir çox epidemiyaların qarşısının alınması və onlara nəzarət edilməsi üzrə Çin tərəfindən görülən tədbirlər DST-nin müvafiq tələblərini üstələyir və bütün ölkələrin epidemiyaların profilaktikası ilə bağlı fəaliyyəti üçün yeni meyarlar yaradır. T.Hebreyesus onu da vurğulayıb ki, DST Çinə səfərlərə və Çinlə ticarətə qadağaları dəstəkləmir, əksinə, onlara qarşı çıxış edir. Çin qlobal və regional ictimai səhiyyənin təhlükəsizliyinin təmin edilməsi üçün DST və digər ölkələrlə birgə səylər göstərməyə hazırdır. Çinin müvəqqəti işlər vəkili fikrini bu sözlərlə tamamlayıb: “Biz epidemiyaya qalib gələ biləcəyimizə tam əminik”.
Görüşün sonunda xatirə şəkilləri çəkilib.
Tarix
2020.02.04 / 22:55
|
Müəllif
Axar.az
|