Bu gün Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) "Məlumat mübadiləsi saatı"nın
tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin
təkmilləşdirilməsi, məşğulluq siyasəti sahəsində qabaqcıl
beynəlxalq təcrübənin öyrənilməsi istiqamətlərində aparılan işlərə
dair növbəti iclası keçirilib.
Bu barədə Report-a nazirliyin İctimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxışı
zamanı deyib ki, ötən il Mərkəzləşdirilmiş İnformasiya Sistemində
tibbi-sosial ekspertiza və reabilitasiya alt sisteminin
hazırlanması əlillik müayinəsi və onun nəticələri barədə
məlumatların ƏƏSMN-nin Tibbi-sosial ekspert komissiyaları (TSEK)
ilə digər qurumlar arasında kağız daşıyıcılara son qoyulmaqla,
elektron şəkildə mübadiləsinə imkan verib: "Həmin sistem əlillik
təyinatının tam avtomatlaşdırılmasına və bu sahədə məmur-vətəndaş
təmaslarını minimallaşdırmağa yönəlib. Artıq cari ilin əvvəlindən
TSEK-lər tərəfindən əlillik müayinələri məhz elektron göndəriş
formaları əsasında aparılır və bu formaların təkmilləşdirilməsi,
ümumi elektron informasiya sisteminə inteqrasiyası sahəsində işlər
görülür".
S.Müslümov bununla yanaşı, tibbi-sosial ekspertiza xidmətinə
daim ciddi nəzarət olunduğunu, ötən il ilkin əlillik təyin
olunanların 2013-cü ilə nisbətən 7664 nəfər, təkrar əlil hesab
edilənlərin 3937 nəfər azaldığını qeyd edib: "Ötən il həmçinin
ilkin əlillik təyin olunanlar arasında ağır dərəcəli əlillərin
xüsusi çəkisi də 82,1 faizdən 79,9 faizə düşməklə 6983 nəfər
azalıb. Bu müddətdə tam reabilitasiya olunanlar 1802 nəfər artaraq
7667 nəfər, hissəvi reabilitasiya olunanlar isə 3102 nəfər artaraq
4361 nəfər təşkil edib. Başqa sözlə, tam reabilitasiya 2,9 faizdən
3,8 faizə, hissəvi reabilitasiya 0,7 faizdən 2,7 faizə
yüksəlib".
İclasda həmçinin əhalinin sosial müdafiəsi sisteminin mövcud
çağırışlara, xüsusilə də valyuta kurslarının dəyişilməsi səbəbindən
inflyasiya gözləntilərinin yarana biləcəyi şəraitdə adekvat cavab
verə bilməsi üçün gərəkən tədbirlər müzakirə olunub. Nazirliyin
Aparatının Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar
şöbəsinə bununla bağlı təcili tədqiqatlar aparıb nəticələrini
məruzə etmək barədə tapşırıqlar verilib.
ƏƏSMN-in Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri
Saday Abdullayevin, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin
İşaxtaran və işsiz vətəndaşların peşə hazırlığı sektorunun müdiri
Fuad Mehdizadənin məlumatları dinlənilib, verilən məlumatlar
əsasında müzakirələr aparılıb.