Azərbaycan Milli Elmlər
Akademiyasında (AMEA) doktoranturaya qəbul və doktorluq imtahanları
qaydalarına dəyişiklik edilib.
AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin
populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin
rəisi Baba Əliyev APA-ya açıqlamasında deyib ki, bu vaxta kimi olan
qaydalara əsasən, doktoranturaya qəbul olmaq istəyənlər ixtisas
fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin
magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları
həcmində qəbul imtahanları veriblər.
Bu ildən ediləcək dəyişikliyə əsasən isə doktoranturada təhsil
almaq istəyənlərin ingilis dili fənni üzrə imtahanda iştirak etmək
üçün beynəlxalq ingilis dili proqramları - TOEFL və IELTS
proqramları üzrə sertifikatları olmalıdır. Bu sertifikat olmadığı
halda onlar doktoranturaya qəbul imtahanlarında iştirak edə
bilməyəcəklər.
AMEA-nın doktorluq imtahanları zamanı da TOEFL və IELTS
proqramları üzrə sertifikat tələb olunacaq. Belə ki, AMEA-da
doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil
biliklərinin müasir səviyyədə qiymətləndirilməsi üçün qaydalar
müəyyən edilib. Tələbləri yüksəltmək məqsədilə namizədlərin ingilis
dili biliklərinin qiymətləndirilməsi üçün doktoranturaya qəbul
zamanı iddiaçı TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS
proqramı üzrə ən azı 6.5 bal, doktorluq imtahanları zamanı isə
iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı
üzrə ən azı 7 bal toplaması barədə sertifikat təqdim etməlidir.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin iclasında fəlsəfə doktoru
hazırlığı üzrə xarici dil biliklərinin keyfiyyətinin
yüksəldilməsinə dair tədbirlər haqqında qərar qəbul olunub.
Doktoranturaya qəbul və doktorluq imtahanları qaydalarına
dəyişiklik bu qərara əsasən həyata keçiriləcək.