"Baku Elekroniks mağazalar şəbəkəsi "Samsunq"
markasının zay və keyfiyyətsiz məhsullarını
baha qiymətə satışa çıxarır. Zəmanətlə satışa çıxarılan məhsullar
il ərzində dəfələrlə təmir edilməli olur.
Axar.az xəbər verir ki, "Baku Elektroniks" Cənubi Koreyadan
Bakıya "Samsunq" markalı elektrik məişət əşyalarının, xüsusilə
televizorların ancaq keyfiyyətsizlərini gətirir. Məhsulların
keyfiyyəti olduqca aşağı, davamlılığı isə sıfır səviyyədədir.
Sözügedən mağazadan cəmi il yarımdır "Samsunq" markalı televizor
alan müştəri bildirib ki, televizorun zəmanət müddəti başa çatmamış
bir neçə dəfə sıradan çıxıb. İl yarımdır alınan televizor artıq 4
dəfə texniki səbəblərdən yararsız hala düşüb və mağazada televizoru
yenisi ilə əvəz etməkdənsə, lazım olan hissəni guya düzəldərək
müştəriyə geri verib.
Müştəri qeyd edir ki, öz televizorunun təmirə aparıldığı
müddətdə əvəzedici olaraq şirkətin təklif etdiyi televizorlar
bərbad gündədir: "Qaralmış, heç nə sezilməyən ekrana malik bir neçə
televizor təklif edirlər ki, təmir müddətində müştəri guya
televizorsuz qalmasın. O televizorlar o qədər bərbaddır ki, baxmaq
mümkün deyil".
Müştəri bildirib ki, şirkətə məhsulun keyfiyyətsiz olması və
dəfələrlə təmirə aparılması ilə bağlı etiraz bildirəndə qurumun
hüquqşünası alınan malın heç vaxt təmirə gəlmədiyində inad
edib:
"Şirkət rəsmiləri guya kompüterlərindəki məlumatlara uyğun
davrandıqlarını iddia edirlər. Halbuki televizorun zəmanət
müddətində 3 dəfə təmir olunduğunu təsdiqləyən qəbzlər var
(qəbzlərin fotosu təqdim edilir). Bu da görünür şirkətin növbəti
fırıldağıdır: kompüterin yaddaşına "yazılmadığı" bəhanəsi ilə
özlərinə haqq qazandırmaq istəyirlər. Əgər müştəri qəbzləri itirmiş
və ya atmış olarsa, onda şirkət haqlı durumda qalır və ona heç nəyi
sübut etmək olmur. "Bədbəxtlikdən", biz neçə dəfə təmirə gedibsə,
həmin qəbzləri saxlamışıq. Amma bu qəbzlər də deyəsən keçərli
deyil. Şirkətin hüquqşünası öz kompüterinə "inanmaqda" israr
edir".
Müştəri qeyd edib ki, zəmanət müddətinin bitməsinə 3 aydan bir
az çox vaxt qalıb: "Şirkət ən geci 21 gün müddətində televizorun
təmir edilib, geri qaytarılacağı öhdəliyi götürüb. Beləliklə, bütün
vasitələrlə yararsız və keyfiyyətsiz məhsulunu zəmanət müddətinin
bitməsinə qədər sürüyüb aparmağa cəhd göstərirlər. Yararsız və
keyfiyyətsiz məhsul təbii ki, qısa müddətdə sıradan çıxacaq və
zəmanət müddəti bitən kimi təmirdən də imtina ediləcək. Biz də o
televizoru atmağa məcburuq. Bu şirkət müştəriləri görün necə ələ
salıb aldatmaqla məşğuldur".
Artıq dəfələrlə "Baku Elektroniks"dən alınan məhsulların zay və
keyfiyyətsiz çıxmasından bezən müştəri alıcılara sözügedən
mağazadan elektrik əşyası almamağı məsləhət bilir.
Xatırladaq ki, "Baku Elektroniks"i əslən Güney Azərbaycandan
olan Məcid, Həbib və Səid Naxçıvani qardaşları idarə edir.
Ölkəyə zay məhsullar gətirib, müştəriləri aldadan bu şirkətlə
bağlı araşdırma aparmağa çalışacağıq.