Ana səhifə Toplum |
Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti
(İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı
döyüşlərdə iştirak edən Vilayət Həsənli, Malik Musayev, Samir
Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər
Qəmbərov, Vüsal Bayramov, ata-oğul Vüqar və Elvin Dursunəliyevlərin
cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Publika.az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi
ilə keçən prosesdə 1998-ci il təvəllüdlü təqsirləndirilən Elvin
Dursunəliyev ifadə verib. O, bildirib ki, 17 yaşı hələ tamam
olmayıb, Şəki şəhərində valideynləri ilə birlikdə yaşayıb: "1998-ci
ildə Şəki şəhərində anadan olmuşam. İslam dininə uyğun namaz
qılmağa başlamışam. Həddi-buluğa çatandan sonra paytaxtda bir neçə
yerdə fərdi əməklə məşğul olub, evə çörək pulu gətirmişəm. 15 yaşım
olanda atam Suriyada baş verən hadisələr barədə məni
məlumatlandırıb. Mən də Suriyada işgəncə görən din qardaşlarıma
yazığım gəlib".
"Dini ləqəbim olmayıb"
Elvin Dursunəliyevin sözlərinə görə, Suriyadakı döyüşlərdə dinc
din qardaşlarına kömək etmək niyyəti olub: "Suriyada gedən hərbi
birləşmələrin tərkibinə qoşulmaq fikrinə düşməmişəm. Məqsədim orada
dinc insanların yanında olmaq, təsərrüfat və mətbəx işlərinə kömək
etmək olub. Heç bir cinayətkar birliyə üzv olmamışam. Suriyada
qaldığım müddətdə hər hansı dini ləqəb daşımamışam.
Təqsirləndirilən şəxslərdən atamı çıxmaq şərti ilə heç kimi
tanımıram və tanımamışam. Suriyada bir neçə ay qalandan sonra
oradan çıxarılmışam".
"Peşmanam"
Təqsirləndirilən şəxs bildirib ki, Suriyada başqa bir qrup tərəfindən əsir götürülüb, əsirlikdə hərbi döyüşlərdə iştirak etməsi tələb edilib: "Lakin mən buna razılaşmamışam. Bildirmək istəyirəm ki, orada vəziyyətin istədiyim kimi olmadığını görəndə geri qayıtmaq istəmişəm. Amma məni Suriyaya aparan şəxslə əlaqə saxlaya bilməmişəm. Bu səbəbdən məcbur qalıb qanunsuz hərbi birləşmələrin tərkibində iştirak etmişəm. Lakin həmin birləşmələrin istədiyi kimi hərəkət etmədiyim üçün məni Suriyadan çıxardılar. Türkiyə polisi məni Azərbaycana deportasiya etdi".
Elvin Dursunəliyev qeyd edib ki, cinayət işi üzrə istintaq
orqanın elan etdiyi ittiham üzrə özünü təqsirli bilmir: "Heç kimi
hədələməmişəm, terrorçuluq etməmişəm. Buna baxmayaraq, Suriyaya
getdiyim üçün peşmançılıq hissi keçirirəm. Buna görə də məhkəməyə
təqdim etdiyim yazılı ifadəmlə səmimi peşman olduğumu qeyd etmək
istəyirəm".
"Suriyaya getmək niyyətimdən anamın xəbəri
olmayıb"
Prokuror Rahil İsmayılovun suallarına cavabda Elvin Dursunəliyev onu Türkiyəyə aparan Tehran Tahirovu tanıdığını bildirib: "Ona Türkiyəyə işləmək məqsədilə getdiyimi demişəm. Tehranın mənim Suriyaya keçmək istəyimdən xəbəri olmayıb. Suriyaya gedəcəyimi anam da bilməyib. Anama Türkiyəyə işləməyə getdiyimi söyləmişəm. Bu barədə atam da anama heç nə deməyib".
Elvin Dursunəliyevin sözlərinə görə, Suriyada olduğu müddətdə
"Abu-Fatimə" ləqəbli bir kişinin evində yaşayıb.
Vəkilinin suallarına cavab verən Elvin Dursunəliyev ibtidai
istintaqa ifadəsini təsdiq etməyib. O, bildirib ki, əsl həqiqəti
məhkəmədə səsləndirdiyi ifadə əks etdirir: "Əgər niyyətim döyüşmək
olsaydı əsir götürüldüyümüz qüvvələrin rəhbərləri ilə razılaşardım.
Mənim bir məqsədim olub – orada dinc sakinlərə kömək etmək. Amma
istədiyimiz alınmadığı qucun geri qayıtmaq məcburiyyətində
qaldım".
"İttiham" olunan ata və ana
Hakim Ramella Allahverdiyeva təqsirləndirilən şəxslərin Elvin Dursunəliyevə sualları olub-olmadığını soruşub. Daha sonra hakim yeniyetməni Suriyaya göndərən atası Vüqar Dursunəliyevə müraciət edib: "Vüqar Dursunəliyev, bəlkə sizin oğlunuza sualınız var? İzah edin ki, azyaşlı övladınızı odun-alovun içinə niyə göndəribsiz? Bu uşaq müharibəyə gedib, orada xəsarət almaq, ölmək qorxusu olub. Onun meyitini gətirə bilərdiz?"
Tərkibdə olan hakim Novruz Kərimov isə "içkiyə qurşanmaması üçün bu yola əl atıb" deyə Vüqar Dursunəliyevi bir daha ittiham edib.
Hakim Ramella Allahverdiyeva isə: "Yaxşı tərbiyə edərdi, övladı
da içkiyə qurşanmayaydı", - deyə bildirdib.
Vüqar Dursunəliyev hakimlərin ifadələrinə reaksiya verməyib, başını
aşağı dikərək özü-özünə gülümsəyib.
"Məni burada çox ittiham edirsiz"
Bu zaman Ramella Allahverdiyeva mühakimə olunan yeniyetmənin anası haqqında belə danışıb: "17 yaşında uşağı od-alov içinə göndərən ana görəsən, nə düşünüb? Mən çox istədim ki, Elvin Dursunəliyevin anası məhkəmə proseslərində iştirak etsin. Bununla bağlı ona məktub ünvanlasaq da, məhkəmədə iştirakdan imtina etdi. Adam bu uşağa baxanda gözü ağrıyır. Elvin Dursunəliyevi bu vəziyyətə valideynləri salıb. Anası burda olmadığı uçun atasından soruşmaq lazımdır ki, uşağı niyə belə vəziyyətə gətirib?".
Sonda Vüqar Dursunəliyev dilə gələrək ittihamlara belə cavab verib: "Allaha inanmışam. İstəmişəm ki, oğlum da Allah yolunda şəhid olsun. Məni burada çox ittiham edirsiz. Amma mən bu ittihamlara məhkəmədə cavab verən deyiləm. İstəsəniz məhkəmədən sonra bu suallara cavab verərəm".
Hakim məhkəmədən kənar heç bir halda fikir dinləməyin mümkün olmadığını deyərək Elvin Dursunəliyevin anası Dürdanə Dursunəliyevanın məhkəməyə göndərdiyi məktubu elan edib.
Cinayət işində şahid olan Dürdanə Dürsunəliyeva məhkəmədə ifadə
verməkdən imtina edib. O, qeyd edib ki, məhkəmədə mühakimə olunan
qohumlarının əleyhinə ifadə vermək istəmir. Hakimin sözlərinə görə,
Dürdanə Dursunəliyevanın qanunla ifadə verməkdən imtina hüququ
var.
"Oğlumun ibarət etməsi məni sevindirib"
Bu səbəbdən də hakimlər Dürdanə Dursunəliyevanın ibtidai
istintaqa verdiyi ifadəsini elan ediblər. O, ifadəsində göstərib
ki, Vüqar Dursunəliyev ilə birgə nikahdan üç övladı olub: "Həyat
yoldaşım Vüqar Dursunəliyev islam dini üzrə ibadət edib. Amma böyük
oğlum Əhməd ibadətlə məşğul olmayıb. Onu dəfələrlə ibadətə məcbur
etsək də, ibadət etməyib. İçki düşkünü olub. Bu da həm məni, həm də
Vüqarı narahat edib.
İkinci oğlum Elvin həddi-buluğa çatanda ona ibadət təklif etdik.
Elvin də ibadətə başladı. Oğlumun ibadət etməsi məni çox
sevindirdi. Onun tərbiyəsi ilə Vüqar məşğul olub. Bu səbəbdən də
onun tərbiyəsinə müdaxilə etməmişəm".
"İmkan verməzdim, oğlum müharibə olan bir ölkəyə
getsin"
Dürdanə Dursunəliyeva ifadəsində daha sonra qeyd edib ki, 2013-cü ilin sonlarına yaxın Vüqar oğlunu Türkiyəyə işləməyə göndərmək istədiyini bildirib: "Elvinin iş tapması məni çox sevindirdi. Amma uzaqda, başqa bir ölkədə yaşaması məni məyus etsə də, onun işləməyə getməsinə mane olmadım. Vüqar bildirdi ki, Elvinin ölkədən çıxması üçün bizim icazəmiz lazımdır. Dekabrın ilk günlərində Şəki şəhərində notariat kontoruna gedərək Elvinin ölkədən çıxmasına dair sənədi imzaladım.
Vüqar notariusda icazə sənədini alandan sonra dekabrın 5-də Elvini yola salmaq üçün Bakı şəhərinə gəldi. Bundan sonra Elvinlə əlaqə saxlaya bilməmişəm.
Elvin 2014-cü ilin aprelində geri qayıtdı. Onun Suriyaya getdiyini onda bildim. Bu barədə nə Vüqar, nə də Elvin mənə bir söz deyib. Oradakı vəziyyətdən xəbərim vardı. İmkan verməzdim ki, oğlum müharibə olan bir ölkəyə getsin".
Dürdanə Dursunəliyeva daha sonra qeyd edib ki, əri 2011-ci ildə işləmək məqsədilə Rusiyaya gedib. Həmin vaxtadək o, heç bir xarici ölkədə olmayıb: "Vüqar Rusiyada sarılıq xəstəliyinə tutulub qayıtdı".
Təqsirləndirilən şəxslərin dindirilməsi başa çatdı
Daha sonra Vüsal Bayramovun vəkili Dilqəm Ağayev bildirib ki, müdafiə etdiyi şəxs məhkəmədə sərbəst ifadə vermək istəyir. Əvvəlki proseslərdə onun ifadə verməkdən imtina etdiyi xatırladan vəkil hakimlərdən ona şərait yaradılmasını xahiş edib.
Hakim Vüsal Bayramova yenidən ifadə verməsini təklif edib. Amma Vüsal Bayramov ifadə verməkdən imtina edib.
Bundan sonra hakimlər təqsirləndirilən şəxslərin və şahidlərin dindirilməsini başa çatdığını elan ediblər. Bu səbəbdən cinayət işində olan sənədlərin araşdırılması barədə qərar qəbul ediblər.
Bir çox sənədləri elan edən hakimlər daha sonra Milli
Təhlükəsizlik Nazirliyinin anti-terror idarəsinin rəisinin
məktubunu elan ediblər. Həmin məktubdan görünür ki, idarə rəisi
təqsirləndirilən şəxslərin İŞİD-in tərkibində olan qanunsuz hərbi
birləşmələrə qoşulduğunu qeyd edib. Həmin məktubun təsiri altına
düşən təqsirləndirilən Azər Qəmbərov İŞİD-in tərkibində olan
qanunsuz hərbi birləşmələrdə iştirak etmədiyini deyib. Bu zaman
Azər Qəmbərovun halı pisləşib. Onun müayinə olunması üçün təcili
tibbi yardım maşını çağırılıb.
Məhkəmə iclası aprelin 30-da davam etdiriləcək.
Tarix
2015.04.23 / 22:31
|
Müəllif
Axar.az
|