"Oyunlar zolağı"nın yenidən rənglənməsi işləri ilə
əlaqədar əsas prospektlərdən biri bu gecə bağlanacaq.
"Azəryolservis" ASC-dən Axar.az-a verilən məlumata görə, bu gün
axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Ziya Bünyadov
prospektində "Oyunlar zolağı"nın yenidən rənglənməsi işləri davam
etdiriləcək. Bununla bağlı olaraq Ziya Bünyadov prospektinin bəzi
hissələrində tam, bəzi yerlərində isə nəqliyyat vasitələrinin
hərəkəti qismən məhdudlaşdırılacaq. "Oyunlar zolağı"nın yenidən
rənglənməsi işləri bu gecə əks istiqamətdə, yəni 20 Yanvar
dairəsindən Böyükşor yol qovşağınadək olan hissədə aparılacaq.
Körpü və tunellərdə rənglənmə işləri aparılarkən həmin ərazidə
nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülər
bu zaman prospektin yan yollarından rahat və maneəsiz şəkildə
istifadə edə biləcəklər. Digər hissələrdə isə işlər aparılarkən
hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Yəni nəqliyyat
vasitələri işlərin aparıldığı zolağa daxil olmadan həmin
istiqamətdə hərəkətlərinə davam edə biləcəklər.
Qeyd edək ki, ötən gecə "Oyunlar zolağı"nın yenidən rənglənməsi
işləri Ziya Bünyadov prospektinin Böyükşor yol qovşağından 20
Yanvar dairəsinə doğru olan hissəsində aparılıb. Nəqliyyat
Nazirliyi "Azəryolservis" ASC yaranacaq müvəqqəti narahatçılığa
görə üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla
yanaşmalarını xahiş edir.