Xocahəsən qəsəbəsi Motodrom yeni yaşayış massivində
yaşayan bir qrup məcburi köçkün qışın günündə qazsız
qalıb.
Səbəb isə onların 3 il bundan əvvəlki borclarıdır. Daha doğrusu
sakinlər borclarının olmadığını iddia etsələr də qaz idarəsi
bununla razılaşmır. Ərazidə 2011-ci ildən smart kart tipli sayğac
quraşdırılıb və 3 ildir sakinlər dövlətin verdiyi limit daxilində
təbii qazdan istifadə ediblər. Həm də heç bir problemsiz. Amma ötən
ilin payızında sakinlərə 2010-cu ildə yəni mexaniki sayğac olan
dövrdən borcları olduğu bildirilib. Sakinlər deyir, o gundən bu
günə, ya qazı kəsirlər, ya da təzyiqi o qədər aşağı salırlar ki,
istifadə edə bilmirik.
Sakinlər idda edirlər ki, onlara daha əvvəl hər hansı borc
barədə bir kəlmə belə deyilməyib. Və bu borcla bağlı hər hansı
sənədə imza atmayıblar.
Şikayətçi Nuriyyə Abbasova: "Əgər 2010-cu ildə mənim 200 manat
borcum var idisə, niyə mənə 2011-ci ildə smart kart qoyulanda
demirdilər ki, sənin borcun var. 3 ildən sonra deyirlər ki borcun
var. Aktını özləri yazıb özləri də qol çəkiblər. Hökümətin mənə
verdii limiti kim işlədib ki, hələ mənə 230 manat borc
yazıblar".
Məsələ ilə bağlı Azəriqaz İB-də olduq. Qurumun Mətbuat
xidmətinin rəhbəri Araz Ağayev sakinlərin borcla bağlı xəbərdar
edilməməsi iddiasını əsassız hesab edir. Qurum rəsmisi deyir smart
kart tipli sayğac qoyulandan sonra hər dəfə ödənilən məbləğin 30
faizi həcmində borca görə çıxılıb. Lakin bu müddət ərzində debütor
borc qapanmadığından sakinlərə onu tam ödəmələri bildirilib.
Azəriqaz İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev:
"Mexaniki sayğaclar smartkart tipli sayğaclarla əvəz olunan zaman
Azəriqaz" İB tərəfindən həmin abonentlərə bir növ şərait yaradılıb
ki borclarını hissə-hissə ödəsinlər. Bu boclar havadan
götürülmədiyindən həmin abonentlərin istifadə etdikləri təbii qaza
görə yaranan borclardır. Yenə də buna baxmayaraq xahiş edirik ki,
problemi olan abonentlər yerli qaz istismar sahəsinə yaxınlaşsınlar
və onların problemi araşdırılsın.
Hər halda Binəqədi rayon qaz istismar sahəsi problemlə bağlı
yenidən araşdırmağa aparmağa hazırdır. İndi qalır sakinlərin
idarəyə fərdi şəkildə müracəit etməsi. Yalnız bu zaman kimin
borcunun olub-olmaması tam aydın olacaq. O vaxta kimi ümid edək ki,
yerli qaz idarəsi də sakinləri bu fəsildə sınağa çəkməyib onlara
güzəştə gedər. (ANS)