Yanvarın 8-də səhər saatlarında Bakının Hövsan
qəsəbəsindəki bağ evində xüsusi amansızlıqla öldürülən Bakı Taxıl
Kombinatının direktoru Qalib Bağırovun qətlinin bəzi təfərrüatları
məlum olub.
Trend-in məlumatına görə, 8 bıçaq zərbəsi ilə qətlə
yetirilən Q.Bağırov hadisə zamanı onu bıçaqlayan şəxs və ya
şəxslərə müqavimət göstərib. Belə ki, meyitə baxış zamanı onun
əllərində bıçaqla kəslimiş-deşilmiş yaralar aşkar edilib. Meyitin
üzərində iplə boğulma izləri də aşkar olunub. Məlum olub ki,
hadisəni törədən şəxs tək olmayıb. Yəni bir nəfər Q.Bağırova bıçaq
zərbəsi endirərkən mərhum kombinat direktoru qatilə müqavimət
göstərib, daha bir nəfər isə onu iplə boğub. Q.Bağırovun öldüyünə
tam əmin olandan sonra onu qətlə yetirən şəxs və ya şəxslər izi
itirmək məqsədilə mərhumun mobil telefonunu da götürüb hadisə
yerini tərk ediblər.
Məlumata görə, Q.Bağırov son günlər izlənildiyini bilib və bu
barədə yaxınlarına da xəbər verib. Ölümündən bir neçə gün əvvəl
Q.Bağırov qohumlarına deyib ki, onu bağ evində kimlərsə izləyir və
dəfələrlə ayrı-ayrı şəxslərin bağ evinin hasarından həyətə
baxdığını görüb. Lakin öldürüləcəyini zənn etməyən mərhum kombinat
direktoru bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyib.
Q.Bağırov izlənilməsindən sonra evinin qarət ediləcəyini zənn edib
və bağ evindəki bütün pullarını götürərək iş yerində seyfdə
saxlayıb. Ölümündən sonra polis Q.Bağırovun ofisindəki seyfdə olan
pulları götürərək ailə üzvlərinə təhvil verib.
Məlumatda Q.Bağırovun bağ evində tək yaşamasının səbəbləri də
açıqlanıb. Belə ki, Q.Bağırovun bir neçə ay əvvəl həyat yoldaşı ilə
mübahisəsi olub və bundan sonra ailəsindən ayrı, bağ evində
yaşamağa qərar verib.
Qeyd olunur ki, Q.Bağırov öldürüldüyü gün günorta saat 12
radələrinə qədər "Facebook" sosial şəbəkəsində qohumları və
dostları ilə yazışıb.
Xatırladaq ki, yanvarın 8-də Hövsan qəsəbəsi, yeni yaşayış
massivində yaşayan 1963-cü il təvəllüdlü Bağırov Qalib Afil oğlunun
meyiti tapılıb. Naməlum şəxslər Q.Bağırovu evində 8 bıçaq zərbəsi
ilə qətlə yetiriblər.
Meyitə baxış keçirilərkən məlum olub ki, bıçaq zərbələrindən
əlavə, meyitdə boğulma əlamətləri də aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11 (qəsdən adam
öğldürmə-quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya
banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (Quldurluq,
zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə)
maddələri ilə Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb,
istintaq aparılır. Hələlik faktla bağlı dindirilmələr osa da,
hadisədə şübhəli şəxs qismində saxlanılan olmayıb.