Ana səhifə Toplum |
"İnşaatçılar" metro-stansiyasının II vestibülündə quraşdırılmış 3 ədəd ET-5 tipli eskalator 30 illik istismar müddətini başa vurduğu üçün müvafiq qaydada dəyişdirilir. Bunun üçün stansiyanın II vestibülü sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır.
Bu sözləri Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, bütün bunlar nəzərə alınaraq "İnşaatçılar" stansiyasının II vestibülü ("20 yanvar" stansiyası tərəf) 18.01.2016-cı il tarixi saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq. I vestibül (ATS tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq:
"II vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni sakinlər, keçiddən istifadə etməklə Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər. Bakı Metropoliteni QSC yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir".
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməsi üçün tərtib olunmuş tədbirlər planının 2.4 bəndinə uyğun olaraq metropolitenin stansiyalarının yenidən qurulması və müasir avadanlıqlarla (işarəvermə, rabitə, teleidarəetmə, eskalator, ventilyator və s.) təchiz olunması nəzərdə tutulub.
Tarix
2016.01.16 / 13:14
|
Müəllif
Fatimə İbrahimova
|