1972-ci il təvəllüdlü Elsevər Əliyev 2005-ci ilin
iyulunda Bakıda itkin düşüb. Elsevərin yoxa çıxması ilə bağlı
Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144-cü (adam
oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb. Bir neçə gün sonra
isə Bərdə rayonu ərazisindən onun meyiti tapılıb. Həmin vaxt meyit
Elsevər Əliyevin ailə üzvlərinə göstərilməyib və 10 il bundan qabaq
kimsəsizlər qəbiristanlığında basdırılıb. Cinayət işi üzrə isə
tanınmış vəkil Elçin Sadıqovun anası, Elsevər Əliyevlə yaxın
əlaqədə olduğu bildirilən Sahibə Həsənova ifadə verib.
Axar.az xəbər verir ki, ötən ilin əvvəlində Sahibə Həsənovanın
qızı Gülxar Sadıqova ANS-də yayımlanan "Sən tək deyilsən"
verilişinə zəng edərək Elsevər Əliyevin ölümündə anasını
günahlandırıb.
Məhz onun bu ifadəsindən sonra cinayət işi yenilənib. Bakı Şəhər
Prokurorluğunda on il bundan əvvəl Bərdədə tapılan meyitlə bağlı
genetik ekspertiza keçirilib. Həmin meyitin Elsevər Əliyevə məxsus
olduğu üzə çıxıb.
E.Əliyevin atası İsmayıl Əliyevin hüquqlarını müdafiə edən
tanınmış vəkil Adəm Məmmədov qətldə həmkarı Elçin Sadıqovun anasını
ittiham edib:
"Elsəvər Əliyev amansızcasına öldürülüb. Hazırda cinayət işi
yenilənir. İlkin ehtimallara əsasən, Elsevəri vəkil həmkarımın
anası Sahibə Həsənova öldürüb. Təbii ki, bunlar Elçin Sadıqovun
bacısının ifadələrinə əsaslanır".
A.Məmmədov bildirib ki, həmin qadının başqa cinayət əməlləri də
var:
"O, qaydasız döyüş üzrə dünya çempionu Azad Məmmədovun həbsində
birbaşa iştirak edib. Həmin işlə bağlı zərərçəkmiş və şahidlər
ərizə ilə yenidən müraciət ediblər. Onlar bildiriblər ki, Sahibə
Həsənova onları təzyiq edib ki, əgər siz Azad Məmmədovun əleyhinə
ifadə versəniz, sizə borclu olduğumuz pulları qaytaracağıq. Mən
sonradan Sahibə Həsənovanın həmkarım Elçin Sadıqovun anası olduğunu
bilmişəm. Elçin Sadıqov çalışırdı ki, bu cinayət işinə müəyyən
təzyiqlər göstərsin. Bu işlə bağlı həmkarım məni kəskin qınayırdı.
Bu, həqiqətən çox ciddi məsələdir. Hər kəs qanun qarşısında
bərabərdir. Mənə şər atıldı, təzyiqlər oldu. Burada on ildir
açılmayan cinayət işindən söhbət gedir. Həmin cinayət işinin
açılmasında Sahibə Həsənovanın qızı Gülxar Sadıqovanın çox böyük
rolu olub. Onun ifadəsi nəticəsində istintaq təzələnib. Elsevər
Əliyev xüsusi amansızlıqla öldürülüb. Onun meyiti doğranılıb və
yandırılıb. Mənim hüquq mühafizə orqanlarına müraciətim ondan
ibarətdir ki, cinayət işi obyektiv aparılsın, əməliyyat
tapşırıqları Dövlət Təhlükəsizlik Xidmətinə verilsin. Elsevər
Əliyevlə bağlı veriliş getdikdən sonra Sahibə Həsənova ANS-i və
Xoşqədəm Baxşəliyevanı məhkəməyə verib. Mən əminəm ki, bu işdə olan
mötəbər sübutdan sonra təqsirkar şəxslər tapılacaq və məhkəməyə
çıxarılacaq".
Elsevərin atası: "Oğlum Sahibənin gizli əməllərini
bilirdi"
E.Əliyevin atası İsmayıl Əliyev isə keçirdiyi mətbuat
konfransında cinayətlə bağlı bir sıra gizli məqamlara aydınlıq
gətirib:
"Oğlum 2003-cü ildə Sahibə Həsənova adlı şəxslə kiçik ticarətlə
məşğul olurdu. 2003-cü ildə bizim xəbərimiz olmadan mənim oğlum
S.Həsənova ilə qeyri-rəsmi ər-arvad kimi yaşayıblar. Oğlumun itkin
düşməsinin ən böyük səbəbkarı Sahibə Həsənovadır. Elsevər onun
əməllərini, gizli faktlarını bilirdi. S.Həsənova kürəkəni Vüqar
Yusifovla əlbir olaraq oğlumu Tərtərdə Vaqif adlı şəxsin
kombinatında qətlə yetiriblər. Meyiti Göygöl rayonu ilə Bərdə
rayonu arasında çayın üstündən keçən körpünün altına atıblar.
S.Həsənova izi azdırmaq üçün oğlumun pasportunu tanıdığı adamla
İrana keçirib və onun sənədləri İrandan tapılıb. Hüquq-mühafizə
orqanları oğlumu itkin düşmüş şəxs kimi elan etsə də, biz əminik
ki, onu Sahibə Həsənova qətlə yetirib".
Sahibə Həsənovanın qızı Gülxar Sadıqova isə növbəti dəfə
məsələyə aydınlıq gətirib:
"Mən yoldaşım Vüqar Yusifovdan ayrılmışam. 2014-cü ildə
yoldaşımla aramızda mülkiyyət bölgüsü vardı. O, təzyiq edirdi ki,
məni həbs etdirəcək. Bir dəfə əsəbi halda dedi ki, anan Elsevəri
öldürdü, sən də məni öldürəcəksən. Mən təxmin edirdim ki, anam
Elsevər Əliyevi yoldaşımla əlbir olaraq öldürüb. Buna görə də
polisə bu barədə anonim məktub yazdım. Anam mənə tapşırdı ki,
səndən nə soruşsalar, denən ki, bilmirəm. Bunu yəqin ki, Vüqar
Yusifov deyirdi. Sonra anonim şikayətin müəllifi olduğumu deyəndə,
məni dəli kimi qələmə verməyə çalışdılar".
O, baş verənlərdə qardaşı, tanınmış vəkil Elçin Sadıqovu ittiham
edib və qardaşının anası ilə əlbir olaraq, ondan məhkəməyə şikayət
etdiyini və adını ləkələtməyə çalışdıqlarını vurğulayıb.
E.Sadıqov isə mətbuata açıqlamasında bacısı Gülxar Sadıqovanın
psixi pozğunluqları olduğunu və ondan imtina etdiklərini
bildirib:
"O, bir neçə ilə əvvəl yol qəzasında travma alıb. Hazırda
psixoloji problemləri var. Biz ondan imtina etmişik. O, evə
qayıtmaq üçün bu cür vasitələrdən istifadə edir. Lakin bu, heç vaxt
baş verməyəcək".
Elçin Sadıqov həmçinin bir neçə ay öncə həmkarı Adəm Məmmədovla
bağlı Vəkillər Kollegiyasına və digər qurumlara da müraciət
edib.
O bildirib ki, Adəm Məmmədov vəkil etikasına yaraşmayan
hərəkətlərə yol verir:
"Adəm Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 18
mart 2010-cu il tarixli hökmü ilə dələduzluğa görə 10 il müddətinə
məhkum edilmiş, əvvəllər də eyni ittihamla məhkum edilib, cəzasını
çəkmiş Azad Məmmədovun hüquqlarını müdafiə edir. Həmin hökmü Bakı
Apelyasiya Məhkəməsi, ardınca Ali Məhkəmə qüvvədə saxlayıb. Cinayət
işi üzrə zərərçəkənlərdən biri mənim anam - Həsənova Sahibə Mahmud
qızıdır. Cinayət işi üzrə məhkum edilmiş şəxsin müdafiəsi üçün heç
bir əsas olmadığından, hüquqi imkanlar tükəndiyindən, vəkil Adəm
Məmmədov zərərçəkən anamdan, mənim başqa yaxınlarımdan, mənim
adımdan istifadə etməklə, habelə işə baxmış hakimləri qaralamaqla
dələduzluğa görə məhkum edilmiş şəxsin azad edilməsinə çalışır. O,
mənim və anamın barəsində təhqir, böhtan məzmunlu ifadələr
yayır".