Ana səhifə Toplum |
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadənin 2025-ci ildə tələbə qəbulunun 75 mindən çox olacağına dair mətbuata açıqlamasını təhlil edərkən bu göstəricinin müsbət bir artım olduğunu qəbul etmək olar.
Axar.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.
“Lakin statistik rəqəmlərin arxasında duran reallıqlara nəzər salanda ciddi problemlər ortaya çıxır. Burada Azərbaycan Respublikası qanunvericiliyi və beynəlxalq standartlar əsas götürülərək bir sıra ciddi suallar ortaya qoyulmalıdır.
Birinci məsələ universitetlərin infrastrukturudur. Nazirlər Kabinetinin 2012-ci il tarixli 171 saylı qərarı ilə təsdiqlənən “Ali təhsil müəssisələrinin tikinti normativləri” açıq şəkildə tələb edir ki, hər bir tələbəyə minimum 4-6 kvadratmetr tədris sahəsi düşməlidir, müasir laboratoriya avadanlıqları və tədris üçün nəzərdə tutulmuş infrastruktur olmalıdır, universitetlərin kitabxana fondları, texniki baza və digər akademik resursları tələbə sayına uyğun artırılmalıdır.
Nazir müavininin qeyd etdiyi kimi, tələbə sayı 2005-ci ildən 2025-ci ilə qədər 2.2 dəfə artıbsa, bu müddətdə mövcud universitetlərin yeni korpuslarının tikilməsi, kitabxana və laboratoriya fondlarının genişləndirilməsi ilə bağlı hansı işlər görülüb? Ölkədə neçə yeni universitet yaradılıb? Statistik məlumatlar göstərir ki, 2005-ci ildən bəri Azərbaycanın ali təhsil sistemində infrastruktur baxımından nəzərəçarpacaq dəyişikliklər baş verməyib. Bu, tələbələrin təhsil keyfiyyətini birbaşa azaldır.
İkinci məsələ, müəllim-tələbə nisbəti ilə bağlıdır. Təhsil Qanunu (maddə 26.1.3) təhsil prosesində hər bir tələbəyə fərdi yanaşmanı təmin etmək məqsədilə bir müəllimə düşən tələbə sayının normativlərini müəyyən edir. Dünya standartlarına görə, bu nisbət maksimum 1:12 olmalıdır. ABŞ və Avropa universitetlərində bu rəqəm adətən 1:10-dur. Azərbaycanda isə bəzi universitetlərdə bu göstərici 1:30, hətta bəzi hallarda 1:40-a qədər yüksəlir. Müəllimlərin bu qədər yüklənməsi onların elmi-tədqiqat fəaliyyətinə vaxt ayırmasını məhdudlaşdırır, nəticədə tədris prosesinin keyfiyyəti aşağı düşür.
Üçüncü məsələ, elmi-tədqiqat fəaliyyəti və beynəlxalq reytinqlərdir. Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə mövqeləri çox zəifdir. Məsələn, “CWTS Leiden Ranking” və “QS World University Rankings”də ölkə universitetlərinin yeri ya çox aşağıdır, ya da ümumiyyətlə yoxdur. Bu reytinqlər əsasən tədqiqat məqalələrinin keyfiyyətinə və onların nüfuzlu jurnallarda dərc edilməsinə əsaslanır. Tələbə qəbulunda artımın universitetlərin elmi göstəricilərinə heç bir təsiri olmadığı açıq-aşkar görünür. Niyə tələbə sayı artırıldığı halda, bu tələbələrin yüksək səviyyəli təhsil almasını təmin etmək üçün əlavə elmi-tədqiqat infrastrukturu yaradılmır?
Dördüncü və ən vacib məsələ, ali təhsilin kütləviləşdirilməsi ilə bağlıdır. Avropa ali təhsil sahəsi üzrə Bolonya prosesinin prinsiplərinə əsasən, ali təhsil təkcə kəmiyyət göstəriciləri ilə deyil, eyni zamanda keyfiyyətlə də ölçülməlidir. Təəssüf ki, Azərbaycanda tələbə qəbulunun artımı ilə paralel olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində konkret və məqsədyönlü addımlar atılmır. Ali təhsil müəssisələrinin məzunlarının əmək bazarında rəqabət qabiliyyətinə dair statistik məlumatların olmaması və ya çox aşağı göstəriciləri təhsilin yalnız kəmiyyətə əsaslandığını sübut edir”, - Əsədov bildirib.
Ekspert qeyd edib ki, tələbə qəbulunun 2.2 dəfə artması təkcə statistik göstərici kimi qalmamalıdır:
“Təhsil sistemi Nazirlər Kabinetinin qərarlarında və Təhsil Qanununda təsbit edilmiş normativlərə uyğun olaraq inkişaf etdirilməli, infrastruktur, müəllim heyəti və tədqiqat potensialı gücləndirilməlidir. Əks halda, ali təhsil sisteminin kütləviləşməsi keyfiyyətin itirilməsi və cəmiyyətin ümumi intellektual səviyyəsinin azalması ilə nəticələnəcək. Bu, milli maraqlara və uzunmüddətli strateji hədəflərə ciddi zərbə vura bilər”.
Tarix
2025.01.14 / 15:38
|
Müəllif
Axar.az
|