Bakıda Bayırşəhərin dar və bir qədər də susqun küçələri ilə addımlayanda hiss edirsən ki, burada hər daş təkcə tikinti materialı deyil, həm də yaddaşdır. Bakı şəhərinin tarixi adətən qala divarları içində formalaşmış İçərişəhər üzərindən oxunur. Lakin şəhərin gündəlik həyatı, zəhməti, sosial münasibətləri və səssiz taleləri əsasən divarların kənarında - Bayırşəhərdə yoğrulub. Məhz bu məkan şəhərin yaşayan yaddaşıdır və həmin yaddaşın ən parlaq, eyni zamanda ən kövrək daşıyıcılarından biri Zərgərpalan hamamıdır.
XIX əsrin sonlarında inşa edilən Zərgərpalan hamamı uzun illər Bayırşəhər sakinləri üçün sadəcə yuyunma yeri olmayıb. O, gündəlik həyatın axarına qarışan, insanları bir araya gətirən, sosial münasibətləri tənzimləyən bir məkana çevrilib. Burada həftənin günləri fərqli məna daşıyırdı: bir gün qadınların, bir gün kişilərin idi. Toy və nişan öncəsi hamama gəlmək adət idi, uşaqların ilk isti su xatirələri, yaşlıların qurnaların yanında etdiyi səssiz söhbətlər isə bu məkanın yaddaşına hopmuşdu. Hamamın daxilində suyun səsi əsl musiqi rolunu oynayırdı. Qurnadan axan su, çarhovuzun səthində titrəyən işıq, buxarın içində yayılan gülab qoxusu insanın hisslərinə toxunur, onu gündəlik qayğılardan müvəqqəti ayırırdı. Bu hisslər fərdi xatirələrdən kənara çıxaraq Bayırşəhərin kollektiv yaddaşına çevrilmişdi. İnsanlar buradan təkcə təmiz bədənlə deyil, yüngülləşmiş ruhla ayrılırdılar.
Lakin bu axar 1937-ci ildə kəskin şəkildə qırıldı. Sovet repressiyaları Bayırşəhərə də çatdı və hamamın sahibi “xalq düşməni” damğası ilə təqib olundu. Mülkiyyət hüquqları ləğv edildi, bina dövlətin balansına keçirildi və onun əvvəlki ictimai-sosial funksiyası zorakı şəkildə dayandırıldı. Bu hadisə təkcə bir ailənin taleyinin sındırılması deyildi. Bu, eyni zamanda məkanın yaddaşına edilən müdaxilə idi. Repressiyadan sonra hamam yenidən planlaşdırıldı: bəzi girişlər bağlandı, digərləri genişləndirildi, interyer sement və texniki qatlarla örtüldü. Hamam mərasimləri üçün nəzərdə tutulmuş məkan emalatxanaya çevrildi. İsti suyun və buxarın yerini maşın səsi, çəkic zərbələri və metal qoxusu aldı. Bayırşəhər sakinlərinin dilində bu dövr “qapının yerinin dəyişdirilməsi” və “divarların boğulması” kimi xatırlanırdı, bu ifadələr həm fiziki dəyişiklikləri, həm də qorxu və susqunluq atmosferini əks etdirirdi. Zamanla burada yeni bir yaddaş qatı formalaşdı. Təmizlik və istirahət xatirələrinin üzərinə zəhmət və dolanışıq yaddaşı əlavə olundu. Hamamın istiliyi artıq bədəni yox, dəmiri qızdırırdı. Bu dəyişiklik ağrılı idi, lakin Bayırşəhərin həyat fəlsəfəsinə uyğun olaraq real və qaçılmaz idi. Burada insanlar həm istirahət etmiş, həm də çörək qazanmışdılar.
Xüsusilə 1990-cı illərdə bina baxımsız qaldı, sahibsizlik onu səssizliyə bürüdü. Bir zamanlar insan səsi ilə dolu olan məkan unudulmaq təhlükəsi ilə üz-üzə qaldı. Halbuki daş da, yaddaş da hər şeyi unutmur. 2001-ci ildə Zərgərpalan hamamı tarix və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına alınsa da (inventar № 3578), uzun müddət onun real qorunması üçün əməli addımlar atılmadı. Bu susqunluq yalnız 2024-cü ildə aparılan konservasiya işləri ilə pozuldu. Proses sahibkar Əli Əliyevin maddi dəstəyi sayəsində mümkün oldu. Məhz bu dəstək hesabına “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təşəbbüsü öz üzərinə götürdü. Professor Qafar Cəbiyevin rəhbərliyi ilə AMEA Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssisləri hamamda arxeoloji tədqiqatlar apardılar. Sonradan əlavə olunmuş texniki qatlar təmizləndi, orijinal divar taxçaları, isitmə kanalları və memarlıq detallarının izləri yenidən üzə çıxarıldı. Bu bərpa prosesi yalnız fiziki müdaxilə deyil, eyni zamanda yaddaşın məkana qaytarılması idi – keçmiş yenidən görünən və oxunaqlı hala gətirildi.
Zərgərpalan hamamının bərpası onun həyatının sonu deyil, yeni mərhələsinin başlanğıcı oldu. 2025-ci ildə burada Bayırşəhər Simpoziumu keçirildi. Tarixçilər, memarlar, arxeoloqlar və şəhər tədqiqatçıları bu məkanda bir araya gələrək Bayırşəhərin keçmişini və gələcəyini müzakirə etdilər. Eyni zamanda mədəni irs üzrə beynəlxalq ustad məktəbi fəaliyyət göstərdi. Gənc mütəxəssislər abidə üzərində birbaşa işləyərək qoruma və tədqiqat metodlarını canlı mühitdə öyrəndilər. Bu proseslər hamamı elmi platforma ilə yanaşı, təhsil məkanına da çevirdi. Universitetlərin tələbələri, məktəblərin şagirdləri ekskursiyalara cəlb olundu. Tarix dərsləri auditoriyadan çıxaraq real məkanda davam etdi, daş, divar və plan üzərində oxunan tarix daha anlaşılan və yadda qalan oldu. Bu gün də Zərgərpalan hamamında elm və təhsil yönümlü fəaliyyətlər davam edir.
Zərgərpalan hamamının nümunəsi göstərir ki, tarix-mədəniyyət abidələrinin gələcəyi yalnız bərpa ilə məhdudlaşmamalıdır. Öyrənmə, qoruma və təbliğetmə bir-birindən ayrı deyil, onların təhsilə inteqrasiyası abidəni keçmişin susqun şahidi yox, bu günün fəal iştirakçısına çevirir. Bu yanaşma digər tarix-mədəniyyət abidələri üçün də vacib modeldir.
Bayırşəhərin hekayəsi Zərgərpalan hamamında hələ də davam edir. Burada su ilə dəmir, təmizliklə zəhmət, keçmişlə bu gün bir araya gəlir. Bu məkan sübut edir ki, yaddaş yalnız daşda qorunduqda deyil, insanla birlikdə yaşadıqda davamlı olur. Zərgərpalan hamamı isə Bayırşəhərin yaddaşını gələcəyə daşıyan nadir və canlı məkanlardan biridir.
Fariz Xəlilli,
tarix üzrə fəlsəfə doktoru