Natəvan Məmmədova: "Ona təzyiq edilərək
diktə altında razılıq imzaladıblar"
"Mənim qızımın verdiyi açıqlama zorla ona diktə
edilib".
Bu sözləri "Axar.az"a açıqlamasında "Sabahın alimləri"
müsabiqəsində layihəsi plagiat adlandırılaraq yarışdan
uzaqlaşdırılan Əminə Əmirxanlının anası Natəvan Məmmədova
deyib.
O, Əminə Əmirxanlının işini yoxlayan şəxslərin qızına təzyiq
edərək razılıq imzalatdıqlarını bildirib: "Qızım Əmirxanlı Əminənin
"Sabahın alimləri" Respublika Müsabiqəsində münsiflərin
qeyri-peşəkarlığı ucbatından hüquqları pozulub. ANS-in 18 fevral
saat 18:00 Xəbərlər buraxılışında ictimaiyyətə bildirilmişdi ki,
Əminə Əmirxanlı Təhsil Nazirliyinə dəvət olunacaq və ona
layihəsinin plagiat adlandırılmasına şərait yaradan səhvlər izah
ediləcək. Eyni zamanda 19 fevral saat 09:38-də ATV-nin xəbərlər
buraxılışında qızım haqda süjet efirə verildikdən dərhal sonra elan
edildi ki, bu gün Təhsil naziri ictimaiyyətə proyektin plagiat
olub-olmaması ilə bağlı açıqlama verəcək. Qızım Təhsil Nazirliyinə
bu nəticələri öyrənməyə getsə də, münsiflər heyəti müsabiqədən
kənar saatlarla gərgin və kobud şəkildə, çox zaman da danışmasına
imkan verməyərək imtahan edib. Və sonda ona təzyiq edilərək diktə
altında razılıq imzaladıblar. Halbuki komissiyanın imtahan etməyə,
xüsusən də müsabiqədən kənar bunu etməyə səlahiyyəti yoxdur və bu
ciddi qayda pozuntusudur. Komissiya imtahan deyil, müsahibə edə
bilər ki, o da yalnız müsabiqə gedişində. "Sabahın alimləri"
Respublika Müsabiqəsinin qaydalarında şagirdin müsahibəyə ayırdığı
vaxt limiti var".
N.Məmmədova qızının hüquqlarının tapdandığını deyib.
"Komissiyanın Təhsil Nazirliyində keçirilən dünənki mətbuat
konfransından sonra açıqladığı faktları zorla qızıma qəbul
etdiriblər. Uzun və yorucu imtahan sonrası ona diktə ilə zorla
razılaşma imzaladıblar. Bütün söylədiklərim Təhsil Nazirliyinin
şöbə müdiri Gültəkin Hüseynovanın iş otağında gerçəkləşib və
nazirliyin şöbə müdiri münsiflərin hərəkətlərinə dəfələrlə irad və
etirazını bildirsə də, komissiya üzvləri buna əhəmiyyət verməyərək
hərəkətlərini davam etdiriblər. Qızımla oraya gedən məkəbin
direktoru və kimya müəlliməsinin hadisələrə müdaxilə etməyə
imkanları olmayıb. Çünki onlar komissiyanın səlahiyyətlərindən
xəbərsiz olaraq onların hərəkətlərini qanuni hesab ediblər. Daha
bir qayda pozuntusu plagiat olmayan layihənin münsiflərin kobud və
yolverilməz səhvi ucbatından müsabiqədən kənarlaşdırılmasıdır ki,
bununla da qızımın hüquqları tapdanıb".
Təhsil Nazirliyinin Elm Şöbəsinin sədri Gültəkin Hüseynova isə
saytımıza açıqlamasında Ə.Əmirxanlının alimlərin fikirləri ilə tam
razılaşdığını bildirib:
"Mən xahiş edirəm ki, intriqa yaratmayasınız. Əminə özü də
EEK-in dedikləri ilə razılaşdı. Bunu şişirtmək lazım deyil. Əminə
hələ çox gəncdir, gələcəyi var. Elə edin ki, onun gələcəyinə də
xələl gəlməsin və bizim bu gənclərlə, cavanlarla işləyən alimlər
bundan uzaqlaşmasınlar".
Qeyd edək ki, Əminə Əmirxanlı 14 fevral tarixində Təhsil naziri
Mikayıl Cabbarova müraciət etmişdi. Müraciətində o, "Sabahın
alimləri" müsabiqəsində təklif etdiyi layihənin plagiat
adlandırılmasına aydınlıq gətirilməsini istəmişdi. Dünənki
açıqlamasında isə Ə.Əmirxanlı mətbuata verdiyi açıqlamanın yanlış
olduğunu və alimlərin iradları ilə razılaşdığını demişdi.