Mənim 200 saylı MTK-nın Yasamal rayonu, Dadaş Bünyadzadə
küçəsi 60-da yerləşən binasında mənzilim olub, lakin onu bir müddət
əvvəl satmışam.
Bu sözləri Axar.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Namiq Həsənov mediada evi əlindən alınan
4 nəfərdən biri olması barədə rəsmi sənədlərin dərcindən danışarkən
deyib.
N.Həsənov sözügedən ünvanda yaşayan sakinlərin hazırda
dələduzluqla üzləşdiklərini təsdiqləyib:
"Bəli, onlar bu problemlə üzləşiblər. Lakin mənim hazırda belə
bir problemim yoxdur".
Qeyd edək ki, 200 saylı MTK-nın dələduzluğu ilə üzləşən Fuad
Hüseynzadə Aznyus-a açıqlamasında Dadaş Bünyadzadə-60-da yerləşən
binadan mənzil aldığını və bir neçə ildir burada yaşadığını
bildirib. Lakin sonradan naməlum şəxslər ortaya çıxaraq mənzilin
onlara aid olduğunu bildiriblər.
F.Hüseynzadə və dələduzluqla üzləşən digər 3 ailə məsələ ilə
bağlı Binəqədi rayon məhkəməsinə müraciət edib. 2014-cü ilin
oktyabrın 3-də keçirilən ilk instansiya məhkəməsi mənzildə yaşayan
ailələrin xeyrinə qərar çıxarıb. Mənzilə iddialı olan şəxslər isə
qərardan apelyasiya şikayəti verib. Apelyasiya Məhkəməsi Binəqədi
rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. İş Ali Məhkəməyə
gedib. Ali Məhkəmə isə işi yenidən baxılması üçün Apelyasiya
Məhkəməsinə qaytarıb.
Apelyasiya Məhkəməsi mənzildə yaşayan ailələrə məxsus
sənədlərdəki möhürün saxta olduğunu bildirib və iddialı şəxslərin
xeyrinə qərar çıxarıb. Ali Məhkəmə də sözügedən qərarı qüvvədə
saxlayıb.