Kommunist rəhbərin həyatı uzun müddət məxfi qrif altında
arxivlərdə saxlanılıb. Son zamanlar isə yazıçı V.Suvorov yaxud
peşəkar kəşfiyyatçı V.Rezunun sayəsində (1978-ci ildə İngiltərəyə
gizli şəkildə qaça bilib. Buna görə SSRİ-də ölüm hökmünə məhkum
edilib) bununla bağlı müzakirələr ocağı yenidən
alovlanıb.
Onun yerinə oxşarı əməliyyat edilir...
Hamımız bilirik ki, Stalin 5 mart 1953-cü ildə vəfat edib və
bundan sonrakı 5 gün ərzində ölkənin ən peşəkar həkimləri onun
həyatının xilası üçün əllərindən gələni ediblər. Lakin Sovet
tarixinin sirlərini öyrənən tədqiqatçıların fikrinə görə, istər
onun ölümünü görən şahidlər, istərsə də onu xilas etməyə çalışan
həkimlər sən demə, heç ellər atası üçün vuruşmayıblar. Rəhbərin
yerinə əməliyyat stolunda uzanan onun oxşarı olub. Bunun həyata
keçirilməsi haqqında əmri isə o zaman SSRİ-də ikinci adam hesab
edilən Lavrenti Beriya verib.
Professor Leonid Maxnoviç İkinci Dünya Müharibəsi ərəfəsində
Avstriya qəzetlərinin birində verilmiş materialı taparaq
ictimaiyyətə təqdim edib. Burada yazılır ki, günlərin birində
hansısa məşhur həkim ellər atasının müayinəsi üçün dəvət edilir.
Qarşısında eyni üz cizgilərinə malik olan beş adamı görəndə yerində
duruxub qalır. Xarici cizgilər baxımından bir-birindən fərqlənməyən
bu şəxsləri yalnız daxili orqanlarının quruluşuna görə ayırd etmək
mümkün idi.
Panteleymon Vasilyevski adlı ukraynalı dustaq isə Neyman adlı
tibb sahəsi üzrə professordan son dərəcə qəribə şeylər eşitdiyini
deyib. Onun bildirdiyinə görə, həmin şəxs müharibə zamanı Hitleri,
ondan sonra isə Stalini müayinə edib. Müayinələr zamanı onu hər
birində eyni rəhbərin oturduğu bir neçə müxtəlif otağa aparırdılar.
Lakin gördüyü bu şəxslərdən hansının əsl Stalin olduğunu o heç
zaman təyin edə bilməyib.
Kəndçi Rəşid
Stalinin oxşarlarından biri heç vaxt məktəb üzü görməmiş
qafqazlı kəndçi Rəşid olub. Onu bütün ölkədə Stalini zahir cəhətdən
əvəz edə biləcək şəxsləri axtaran xüsusi idarənin işçiləri
tapmışdı. Rəşidi ortaya çıxarandan dərhal sonra Moskvaya
gətirmişdilər. Burada ona rəhbərə bənzəyən digər şəxs - aktyor
Dikiy iki il ərzində dərs keçmişdi. Nəhayət, məşğələlər qurtarandan
sonra Stalinin əvəzinə bir sıra görüş və qəbullarda iştirak
etmişdi.
Mühasib Yevsey Lubiçko
Bənzərlər sırasında Yevsey Lubiçkonun adı daha çox hallanır.
Onun var olması haqqında ilk dəfə kanadalı jurnalist İrvinq Xerrol
1981-ci ildə "Dublyor" adlı məqaləsində məlumat vermişdi. 1934-cü
ildə Siyasi Büronun üzvü olan Serqey Kirovun qətlindən sonra Stalin
xarici görünüş baxımında tamamilə ona oxşayan insanın tapılmasını
əmr edir. Belə insan Ukrayna şəhərlərindən birində ortaya çıxır. O,
mühasib Vinica Yevsey Lubiçko idi.
1935-ci ilin sentyabrında Lubiçkonun qapısının qarşısında qara
"Limuzin" dayanır. Bir qədər sonra onun içindən çıxan hündürboy,
enerjili gənclər ukraynalını ailəsi ilə vidalaşmağa imkan vermədən
maşına basıb naməlum istiqamətə aparırlar. Mühasibi tezliklə
Moskvadan kənarda yerləşən ətrafı hündür hasarla əhatələnmiş
malikanələrdən birinə yerləşdirirlər. Dublyor sadəcə göstərilən
kinoxronikalara baxıb Stalinin qəlyanı necə yandırması, danışma
qaydasını mənimsəməli idi. Yalnız yarım ildən sonra Lubiçkonun
müəllimləri cəsarət edib onu sonuncu imtahana gətirmək qərarını
verirlər. İosif Vissarionoviç şəxsən oxşarını qəbul edir.
Stalin müəllimlərin gördüyü işdən razı qalaraq, bənzəri ilə hələ
bir badə konyak da içir.
Dublyor onu tez-tez teatrlarda əvəz edirdi. Hansı ki, burada
rəhbərə sui-qəsd törətmək çox asan bir şey idi. Onu lojada görən
tamaşaçılar cəld yerindən tərpənir və ayaq üstə alqışlayırdılar.
Stalinin yerinə Lubiçkonun 7 noyabr və 1 may tarixlərində mavzoleyə
getməsinə gəlincə isə bunu çox yaxın dövlət adamları bilirdi:
Malenkov, Bulqanin, Xruşşov, Molotov və Beriya.
Ölüm – uğursuz tamaşa
Toronto Universitetinin tarixçisi Qreq Sinkonun sözlərinə görə,
Stalinin ölümü 1953-cü ildə nəinki Sovetlər İttifaqını, həmçinin
bütün dünyanı şoka salan sadəcə olaraq çox uğurla tamamlanmış
tamaşa idi. Stalin artıq ən güclü diktator olmaqdan yorulmuşdu.
Onun hər sözü mübahisə edilmədən qəbul edilir və çox vaxt da
düşünülmədən həyata keçirilirdi. İllər keçdikcə yaşlılığını rahat
keçirmək haqqında fikirləşirdi, lakin tiranlar üçün bu,
qeyri-mümkün idi. O bilirdi ki, "dostları" və "sadiq qulluqçuları"
zəifliyini bilən kimi dərhal sui-qəsd haqqında fikirləşməyə
başlayacaqlar. Belə sonluğu qabaqlamaqdan ötrü Lavrenti Beriyaya
"Himalaya səyahət" adlı əməliyyatı keçirmək əmrini verir. Burada
əsas rolları isə onun iki bənzəri oynayır.
Boris Ayrapetov
1950-ci ilin dekabrında "Moskva-Ankara-Kabil-Tehran-Mədrəs"
marşrutu istiqamətində bənzərlərindən biri – Boris Ayrapetov yola
salınır. O, artıq əldən düşmüş, bütün işlərini təhvil vermiş və
ömrünün sonlarını Himalay dağlarında keçirməyə hazırlaşan kar tacir
İsa rolunu oynamalı olur. Bunun özü üçün sonuncu səfər olduğunu
başa düşməyən oxşar marşrutunun keçdiyi yerlərdəki siyasi
əhval-ruhiyyə haqqında Mərkəzə mütəmadi şifrələr göndərirdi.
Aftandil Djalaqoniya
Moskvada isə bu ərəfədə daha bir bənzər - Aftandil Djalaqoniya
gözləyirdi. Axırıncıya daha mühüm vəzifə tapşırılmışdı. Məhz o
təntənəli şəkildə Mavzoleydə dəfn olunmalı idi. Daha sonra şübhə
doğurmasın deyə, Stalinin mühafizəçiləri, xüsusiylə də onların
rəhbəri general Vlasika dəyişdirildi. Bunun ardınca isə xəstəlik
bəhanəsiylə Stalinin yanına onu əla tanıyan insanlardan heç biri
buraxılmadı.
Qrek Sinko həmçinin rəhbərin niyə məhz Himalayı seçməsinin də
səbəblərini açıqlayır. "Xristos və Stalin - paralellər və
perpendikulyarlar" adlı kitabında tarixçi göstərir ki, keçmiş
seminarist İosif Stalin teoloji (dini) ədəbiyyatla yaxından tanış
olmuş və bunların sırasında "Tibet İncili"ni də oxumuşdu. Burada
bildirilir ki, Məsih xaçda ölməyib, əksinə, sağ qalıb. Tələbələri
tərəfindən xilas ediləndən sonra həyatını Hindistanda Kəşmir
ştatında sona vurub. Natonoviç adlı jurnalist 1887-ci ildə
Hindistanda olan zaman tibet rahiblərindən biri ilə görüşür və
rahib ona məbədlərində avropalıların Xristos adlandırdığı "Müqəddəs
İsa" adlı əlyazmanın saxlanıldığını bildirir.
Qrek Sinko yazır: "Allahın getdiyi hind yolunu təkrarlamaq Sovet
kommunistlərinin tanrısının həyat məqsədi idi. Bu uşaqlıq
arzularının da təcəssümüdür".
Yəqin elə buna görədir ki, Stalinin sonuncu bənzərinin ölməli
olduğu ad İssa və ya İsa bəy adlanırdı. Stalinin siyasət
meydanından getmək planı mükəmməl həyata keçirilmişdi. Onun sonuncu
iki oxşarından biri yoxluğa qərq olmuş, digəri isə Leninlə yanbayan
Mavzoleydə uzanmışdı.
Sinko tərəfindən İosif Vissarionoviçin həyatının əsl sonluğu ilə
bağlı söylənilən təxminlər Sovet ölkəsində bəzi hadisələrin
açıqlanmasına imkan yaradır.
Diri ikən basdırılmaq
Partiyanın 20-ci qurultayında şəxsiyyətə pərəstişin tənqidi və
ondan imtina olunmağın təklifi ölkəni idarə edən yuxarıda oturan
qüvvələr üçün təhlükə mənbəyi idi. Aşağılardan cavan, enerjili
gənclər yığılırdı ki, asanlıqla Xruşşov, Kaqanov, Molotov,
Malenkov, Beriyanın günahsız insanların qətlində günahkar
olduqlarını sübuta yetirə bilsinlər. Qurultay Stalinin özü üçün
daha gərəkli idi, çünki bunun vasitəsilə yeni həyatında birinci
addımını atırdı. Rahatlıq addımı.
Ortaya maraqlı sual çıxır. Görəsən, niyə 1956-cı ildə şəxsiyyətə
pərəstişin partiya qurultayında pislənməsindən Stalinin oxşarının
bədəni Mavzoleydən götürülmədi? Cavab çox sadədir. Ona görə ki,
Stalin həmin vədəyə qədər sağ idi və indiyə qədər də bilinmir -
əgər "köhnə dostları" tərəfindən bu addım atılsaydı, o hansı
reaksiyanı verərdi.
Daha bir məqam onun qızı Svetlana ilə bağlıdır. SSRİ-dən
getməyin asan olmadığı bir vaxtda onun hind zabitinə ərə gedərək,
ölkəni rahat şəkildə tərk etməyinə icazə verilir. Halbuki bu qadın
kənarda nə isə danışa bilərdi. Bunun da cavabı yuxarıdakı ilə
eynidir. Sadəcə, ona qəsdən bu izdivaca getməyə şərait yaratdılar.
Səbəb isə Sovet kommunistlərinin liderinin heç olmasa darıxdığı
zamanlarda sevimli qızını uzaqdan görməyə şəraitinin olması
idi.