Bu gün Şuşa şəhərinin
Ermənistan tərəfindən işğal olunmasından 23 il ötür.
Məhz bu gün Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan
Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində, ermənilər Şuşa
üzərinə hücumlara aprelin 27-dən başlamışdılar. Arkadi
Ter–Tadevosyan bu əmri cəbhə boyu ermənilərin hücumlarını
rəsmləşdirməklə bərabər, onların daha da intensivləşməsinə səbəb
oldu. Tezliklə üstünlüyü ələ alan düşmən bütün imkanlarını səfərbər
edərək Şuşaya doğru irəliləyirdi.
Qısa müddət ərzində bir neçə istiqamətdən bu məşhur Azərbaycan
şəhəri mühasirəyə alındı. Həmin gün axşama doğru Azərbaycanın iki
hərbi vertolyotu Suşa ətrafındakı ermənilərin təmas xəttinə
zərbələr endirdi. Bundan bir neçə dəqiqə sonra Su-25 döyüş
təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam
istiqamətində uçdu. Bu, Azərbaycan ordusunun Şuşanın süqutuna qədər
etdiyi sonuncu həmlə idi.
Bundan sonra Xankəndindəki rus bazalarından Şuşaya müxtəlif
istiqamətdə raket zərbələri endirilməyə başlanıldı. Qısa zaman
çərçivəsində mülki əhali şəhərdən çıxmağa başladı. Buradan qaçanlar
Laçına doğru yön aldılar. Az bir müddət ərzində Şuşanın mühasirəsi
daha sıxlaşdırıldı. Ermənilər bütün istiqamətlərdən hücuma
başlamışdılar. Artıq şəhərdəki ordunun bir qismi Şuşadan
çıxarılmışdı. Yerdə qalan dəstələr isə yavaş-yavaş döyüşərək geriyə
çəkilmək məcburiyyətində qalmışdılar. Həmin an şəhərə girmək
istəyən 422 nömrəli tank Azərbaycan döyüşçüləri tərəfindən məhv
edilə bildi. Tankı idarə edən hərbçilər həlak olmuşdular. Məhz bu
tank Xocalıya hücum zamanı xüsusi aktivliyi ilə seçilmişdi.
Şuşanın işğalı ermənilərə asan başa gəlmədi. 11 min əsgərə qarşı
döyüşən Azərbaycan hərbçiləri azlıqda qaldıqlarına görə kömək
gözləyirdilər. Amma bu kömək gəlib çatmadı. Nəticədə 10 saatdan çox
davam edən döyüşdə 1860 azərbaycanlı yaralandı, 480 nəfər həlak
oldu. Bu işğal 22 min insanı öz yurdundan didərgin düşməyə məcbur
etdi. Nəticədə 289 kvadrat kilometr ərazisi olan Şuşa ermənilərin
nəzarətinə keçdi.
Maraqlı məqam orasındadır ki, işğaldan iki gün öncə mayın
altısında hücumu müşahidə etmək üçün bütün erməni komandanlığı,
xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal
yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında
Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan, Ermənistanın
Müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan,
Ermənistanın Baş Qərargah rəisi Feliks Qozoryan, Robert Köçəryan,
Serj Sərkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan,
Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Yelena Bonner,
Baronessa Koks, eləcə də "Ümumdünya xristian həmrəyliyi" və
"Daşnaksütyun" terror təşkilatının rəhbərləri yer almışdılar.
Lakin Şuşa təkcə işğalla canını qurtara bilmədi. İşğaldan sonra
isə ermənilər tərəfindən Xan mağarası, Qaxal mağarası, Şuşa qalası
da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə
dağıdıldı. Dağıdılan yerlər sırasında 7 məktəbəqədər uşaq
müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı
texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr,
3 muzey, Şərq musiqi alətləri fabriki də var idi.
Beləliklə, Şuşaya girməklə ermənilər Dağlıq Qarabağın işğalını
başa çatdırmışdılar. Onlar növbəti hədəflərinə doğru
yaxınlaşırdılar. Bu isə Qarabağı Ermənistanla birləşdirəcək Laçın
koridorunun tutulması idi…