Şuşanın işğal günü
Almaniyanın Berlin TV-si Azərbaycanın yeni tarixi və Qarabağ
problemi ilə bağlı reportaj efirə verib.
Axar.az xəbər verir ki, Azərbaycana dair mühüm tarixi
əhəmiyyətli faktların əks olunması ilə başlayan reportajda 28 may
1918-ci ildə türk və müsəlman dünyasının ilk demokratik
respublikası olan Azərbaycan Xalq Cumhuriyyətinin qurulduğu zaman
ərazisinin 114 min km2 təşkil etdiyi, Sovet hökuməti elan
olunduqdan sonra isə ərazilərinin böyük bir qisminin bolşeviklərin
təzyiqi altında Ermənistana güzəştə gedilməsi, 1992-ci ildə erməni
vandalları tərəfindən törədilən Xocalı soyqırımı haqqında məlumat
verilir. Reportajda Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət
vəkili Azay Quliyev, Milli Məclis sədrinin müavini Bahar Muradova
və məcburi köçkün Ərşad Piriyevin münaqişə və onun həlli
istiqamətində görülən işlər barədə mövqeyi əks olunur.
Azay Quliyev ölkəmizin münaqişənin danışıqlar və sülh yolu ilə
həllinin tərəfdarı olduğunu, ancaq Ermənistan silahlı qüvvələrinin
işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal
çıxarılması barədə BMT Təhlülkəsizlik Şurasının 4 qətnaməsinin 20
ildən artıq müddətdə icra olunmadığını bildirib.
Azay Quliyev açıqlamasında münaqişənin həlli üçün yaradılan
ATƏT-in Minsk Qrupunu fəaliyyətsizlkdə ittiham edərək onun
təcavüzkar ilə təcavüzə məruz qalan ölkə arasında fərq qoymadığını
və əldə etdiyi vasitəçilik mandatından lazımınca istifadə etmədiyi
üçün sərt tənqid edib. Daha sonra millət vəkili ATƏT-in Minsk
Qrupunun həmsədrlərinin tərkibinə yenidən baxılmasını (ABŞ, Rusiya
və Fransa), Almaniya və Türkiyənin bu tərkibə daxil edilməsinın
vacibliyini qeyd edib və bunun problemin həllinə müsbət təsir
edəcəyini deyib.
Azay Quliyev ABŞ və Avropa İttifaqının Ukraynaya göstərdiyi
münasibətin və diqqətin Dağlıq Qarabağ münaqişəsinin həllinə
göstərməməsindən təəssüfləndiyini və işğalçı Ermənistana qarşı
müvafiq sanksiyaların tətbiqin vacibliyini vurğulayıb.
Milli Məclis sədrinin müavini Bahar Muradova da öz növbəsində
Ermənistanın Azərbaycan torpaqları olan Dağlıq Qarabağı özünə
birləşdirmək istiqamətində addımlarının fayda vermədiyi üçün onu
müstəqil subyekt kimi tanıtmaq cəhdləri və bunun yolverilməzliyinin
Azərbaycan tərəfindən beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırıldığı, Dağlıq Qarabağ və 7 ətraf rayon daxil olmaqla
Azərbaycanın 20% ərazisinin işğal altında olması və münaqişə
nəticəsinə azərbaycanlıların məruz qaldığı etnik təmizləmə
siyasəti, bu ərazilərdəki mədəniyyət abidələrinin dağıdılması və
bir milyona yaxın azərbaycanlının məcburi köçkün və qaçqına
çevrilməsi faktını diqqətə çatdırıb. Bahar Muradova eyni zamanda
Ermənistanın bu siyasətinin Azərbaycana qarşı hərbi cinayət olması,
ölkəmizin ərazi bütövlüyünü Helsinki Yekun Aktının prinsipləri
əsasında daim müdafiə və bərpasını tələb edəcəyi, ATƏT Minsk
Qrupunun uğursuz fəaliyyəti və bu fəaliyyətin daha çox bir tərəfin
maraqlarına xidmət etməsini, Azərbaycan ərazilərindən erməni
silahlı qüvvələrinin dərhal çıxarılması ilə bağlı BMT Təhlükəsizlik
Şurası, Avropa Şurası, ATƏT və Avropa Parlamenti kimi beynəlxalq
təşkilatların qətnamə və qərarlarına Ermənistan tərəfindən əməl
edilməməsi barədə fikirlərini bölüşüb.
Məcburi köçkün Ərşad Piriyev isə münaqişə nəticəsində şahidi
olduğu erməni vəhşiliyi, yurd-yuvalarından necə didərgin
salındıqları barədə acı xatirələrini və dövlətin məcburi köçkünlərə
göstərdiyi qayğıdan danışıb.