Yaxud İlham Rəhimov və "YOL"daşlarının ifşa olunan
missiyası
Hər şey Aprel döyüşlərindən sonra Aslan İsmayılovun Rusiyada
yaşayan azərbaycanlıların - Rüstəm İbrahimbəyov, Tahir Salahov,
Vahid Ələkbərov, Araz Ağalarov, İsgəndər Xəlilov və İlham Rəhimovun
ünvanına sədləndirdiyi fikirlərdən, daha doğrusu ittihamabənzər
sualdan sonra başladı.
Aslan İsmayılov adıçəkilən şəxslərə və İlham Rəhimova "niyə
səsiniz çıxmır" sualını ünvanladı... Rüstəm İbrahimbəyov, Tahir
Salahov, Vahid Ələkbərov, Araz Ağalarov, İsgəndər Xəlilovu deyə
bilmərəm, amma İlham Rəhimovun səsi çıxdı... İlham Rəhimovun
"İstərdik fürsət ikən ordumuz Xankəndini götürsün" başlıqlı məşhur
müsahibəsini oxumaq şərəfinə nail olduqdan sonra Aslan İsmayılov
üzr istədi...
İsmayılov Rusiyada yaşayan azərbaycanlılara ünvanladığı
sual-statusunu İlham Rəhimovun müsahibəsinin yayımlandığı vaxtdan
təxminən 1 saat sonra paylaşsa da, üzrxahlığını 7 gün sonra dilə
gətirdi...
Qeyd edim ki, İsmayılov aprelin 15-də paylaşdığı üzrxahlıq
statusunda İlham Rəhimovun müsahibəsini "cəmi 12 dəqiqə" əvvəl
oxuduğunu iddia edir... Amma səhifəsində Aprel döyüşləri ilə bağlı
paylaşmalar tamamilə fərqli məqamlardan xəbər verir. Nəzərə alsaq
ki, İlham Rəhimovun müsahibəsi Aslan İsmayılovun yaxından
əməkdaşlıq etdiyi bütün internet resurlarında, elə aprelin 8-də
yayımlanıb, o zaman 7 günlük susqunluğun səbəblərinin "dilaçan"
vasitənin, yaxud vəsaitin gecikməsi ilə bağlı olduğu ortaya çıxır.
Görünür "YAL"ın yolu uzaq olduğu üçün üzrxahlıq və mədhetmə
aksiyası 7 gün gecikdirilib...
Lakin İsmayılovun Rəhimovu mədh etməsinə zəmin yaradan amillər
təkcə YAL-la bağlı deyil. Ortalıqda həm də YOL məsələsi var. O YOL
ki, oradan daim şimal küləkləri əsir və qarmaqda olan nüfuz
müvəkkillərinin tualet kağızına bənzər siyasi orientasiyalarını
balalaykada ifa olunan ekzotik şərq musiqisinin sədaları altında
sağa-sola əsdirir: Sağ-sol, sağ-sol...
Əgər belə olmasaydı, Aslan İsmayılov "müdafiəsinə" qalxdığı
şəxsin bir neçə ay sonra – avqustun 17-də yayımlanan müsahibəsində
yer alan hazır tezislərə diqqətlə nəzər salar və "vaxtından tez
banlayan xoruz", yaxud "lüləyi qırıq aftafa" funksiyasını yerinə
yetirməkdən vaz keçərdı...
"Yeddi rayon yox, məhz Dağlıq Qarabağ müzakirə predmeti
olmalıdır" bağlığı ilə yayımlanan müsahibəsində İlham Rəhimov
cidd-cəhdlə münaqişənin həllinin Rusiyadan asılı olmadığını sübut
etməyə, məsuliyyəti Azərbaycanın üzərinə yükləməyə çalışır. Mətləbi
uzatmadan, adıçəkilən müsahibə ilə bağlı şərhimi oxucuların
diqqətinə çatdırmaq istəyirəm. Ümid edirəm ki, toxunduğum məqamlar
uzatmaq istəmədəyim mətləbə aydınlıq gətirəcək:
İlham Rəhimovun mesajı...
Qənaətimə görə, haqqında söz açdığım müsahibənin açar tezisini
təşkil edən "Xalq arasında belə bir fikir var ki, Putin istəsə,
problemi həll edər. Bu, belədir?" sualının qarşılığında İlham
Rəhimovun Dmitri Medvedyevin prezidentliyi dönəmində problemin
həlli istiqamətində edilən cəhdləri nümunə gətirməsi sualdan
yayınmaq xarakteri daşıyır. Kimsəyə sirr deyil ki, Medvedyevin
prezident olduğu dönəmdə də prosesləri həmin dövrdə baş nazir olan
Vladimir Putin istiqamətləndirirdi və onun siyasi iradəsindən kənar
hər hansı bir razılaşmanın baş tutması mümkün deyildi.
Müsahibədə problemin SSRİ dönəmində yaranması və yaxud Yeltsin
Rusiyası ilə bağlı irəli sürülən arqumentlər də indiki şəraitdə
Moskvanın tənzimlənmə prosesindəki məsuliyyətini azaltmaq üçün
irəli sürülən mülahizə kimi qiymətləndirilə bilər...
Qeyd edim ki, Rusiya özünü SSRİ-nin hüquqi varisi elan edib və
təbii ki, SSRİ dönəmində yaranan bütün problemlərin hüquqi
məsuliyyəti Rusiyanın üzərinə düşür. Digər tərəfdən, Azərbaycan
torpaqlarının əhəmiyyətli hissəsi SSRİ-nin süqutundan sonra işğal
edilib və həmin dövrdə Rusiyafa kimin hakimiyyətdə olmasının heç
bir önəmi yoxdur. Çünki bu Rusiyanın daxili problemi deyil ki, baş
vermiş hər hansı bir hadisə ilə bağlı bu və ya digər dönəmdə
hakimiyyətdə olan şəxsi, yaxud siyasi qüvvəni məsul tutaq.
Dövlətlərarası münasibətlərdə şəxslər, siyasi qüvvələr deyil
dövlətlər məsuliyyət daşıyırlar.
İlham Rəhimov deyir ki, "yeddi rayon yox, məhz Dağlıq Qarabağ
müzakirə predmeti olmalıdır". Qənaətimə görə, bir neçə səbəbdən, bu
yanlış yanaşmadır:
Hesab edirəm ki, həm Dağlıq Qarabağ, həm də yeddi rayon birlikdə
müzakirə predmeti olmalıdır. Çünki müzakirə predmeti yalnız Dağlıq
Qarabağ olanda, o zaman problemin tamamilə etnik münaqişə kimi
təqdim olunmasına, işğal amilinin isə arxa plana keçməsinə zəmin
yaranır. Yəni burada işğal yox, separatizm faktoru önə çıxır.
Rusiyanın separatçı rejimlərlə bağlı mövqeyini və atdığı addımları
nəzərə alsaq, o zaman bu yanaşmanın nə qədər təhlükəli olduğunu
müəyyənləşdirə bilərik. Mən hesab etmirəm ki, Azərbaycanın siyasi
rəhbərliyi ölkə vətəndaşlarının, dünya ictimaiyyətinin və
beynəlxalq təşkilatların diqqətini yalnız yeddi rayonun azad
edilməsinə cəmləşdirib. Çünki bu günə kimi problemin tənzimlənməsi
üçün aparılan proseslərdə və həll variantlarında işğal faktorunun
aradan qaldırılması problemin həllinin açarı kimi təqdim olunur. Və
bu həll variantlarından hər birində proses Ermənistan – Azərbaycan
(Dağlıq Qarabağ) münaqişəsinin tənzimlənməsi kimi qeyd olunur.
Dağlıq Qarabağ ayrı, digər yeddi rayon isə ayrı tənzimlənmə
predmeti kimi təqdim olunmur.
Mən İlham Rəhimovdan fərqli olaraq, 5+2, sonra "status"
formulunun indiki halda bizim üçün nə qədər məqbul
olub-olmayacağını birmənalı şəkildə qiymətləndirə bilmərəm. Amma
onu deyə bilərəm ki, bu formul problemin mərhələli həllini nəzərdə
tutur, Ermənistan isə mərhələli həll planının əleyhinədir. İrəvan
problemin paket halında həllini istəyir. Yəni istəyir ki, status
müəyyənləşdirilsin, sonra digər məsələlər həllini tapsın. Bu
məsələyə detallarla yanaşmaq lazımdır. Aydın olmalıdır ki, 5+2
formulundan sonra proses necə davam edəcək? Tənzimlənmə prosesi
sülh sazişində necə öz əksini tapacaq? Prosesə hansı səviyyədə
beynəlxalq təminat veriləcək və bu təminat gerçəkləşməyəcəyi halda
Azərbaycanın atacağı, yaxud ata biləcəyi addımlar hansı formada
yekun sülh sazişində necə əks olunacaq? Tənzimləmə mexanizmlərinin
tətbiqi üçün hansı addımların atılması, önləyici amillər,
təhlükəsizlik məsələləri nələrdən ibarət olacaq? Suallar çoxdu.
Amma indiki halda Rusiya prezidentinin münaqişənin tənzimlənməsi
ilə bağlı Bakı səfərindən öncə dilə gətirdiyi bir tezisə də diqqət
yetirməyin vacibliyini düşünürəm. Putin bəyan etmişdi ki,
"Kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların
təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın
tapılmasını nəzərdə tutur". Bu iki prinsip arasındakı optimal
tarazlıq isə Dağlıq Qarabağın Azərbaycanın tərkibində yüksək status
əldə etməsi deməkdir. Əks halda hər hansı bir tarazlıqdan söhbət
gedə bilməz.
İlham Rəhimovun "Dağlıq Qarabağ əhalisi ilə bağlı dəqiq və aydın
siyasətimiz olması" ilə bağlı fikirlərinə gəldikdə isə, hesab
edirəm ki, bu məsələdə Azərbaycanın mövqeyi kifayət qədər aydındır.
Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, dövlətimiz işğal
faktoru aradan qalxdıqdan sonra bölgənin və orada yaşayan
insanların təhlükəsizliyinə tam təminat verir və nəinki etnik
ermənilər, hətta Ermənistan da Azərbaycanın regionda həyata
keçirdiyi layihələrdən yararlana bilərlər. Azərbaycanın tərkibində
yüksək müxtariyyət isə artıq bütün hüquq və azadlıqlara təminat
verilməsi anlanına gəlir. Bu 5+2 kimi olmasa da, 100 % 2+2 kimi
aydın bir yanaşmadır.
İlham Rəhimov öz müsahibəsində dolayısıyla Rusiya-Türkiyə
münasibətləri mövzusunda Vladimir Putinlə danışdığını da deyir.
Güman edirəm ki, İlham Rəhimovun Putinlə söhbətində Azərbaycan
ərazilərinin işğaldan azad edilməsi məsələsinə də aydınlıq gətirmək
imkanı olub. Əgər olmayıbsa çox pis. Əgər olubsa, o zaman belə bir
məzərə yaranır: Ya Vladimir Putin proses barədə İlham Rəhimova
məlumat verməyə ehtiyac duymayıb, ya da İlham Rəhimov Azərbaycan
cəmiyyətinə kimlərinsə mesajını çatdırır. Və ya İlham Rəhimov
hansısa perspektiv mərhələ üçün Azərbaycanın siyasi rəhbərliyindən
daha vətənpərvər olduğunu nümayiş etdirmək istəyir...
Yeni "Milli Şura"...
Hesab edirəm ki, İlham Rəhimovun məlum müsahibəsi ilə bağlı
şərhimdən iqtibas gətirdiyim sonuncu cümlə bir çox məqamları gün
işığına çıxarır. Əgər belə olmasaydı, BAXCP sədri, millət vəkili
Qüdrət Həsənquliyevin "İlham Rəhimov hazırda ikinci Rüstəm
İbrahimbəyov missiyasında çıxış edir" başlıqlı müsahibəsindən sonra
Rəhimov və əlaltıları kin, nifrət və təhqir püskürməzdilər,
ortalığa arqument qoyardılar. Görünür Qüdrət Həsənquliyevin
fikirləri "onluğa" dəyib və adamlar tamamilə ifşa olunacaqlarından
qorxaraq, aralarından ən həyasızını və minsifətlisini seçməklə
təhqir və böhtan kampaniyasına başlayıblar. Prosesin qarşılıqlı
təhqir müstəvisinə keçəcəyini və əsas ifşaedici məqamların
unudulacağını düşünüblər. Amma bizim üslubumuz fərqlidir. Yəni
şərəfsizin gözünün içinə kimliyini söyləməklə yanaşı yerinə
yetirdiyi missiyanın mahiyyətini xatırlatmağı da yaddan çıxarmırıq.
Bu baxımdan, İlham Rəhimov və əlaltılarının saçyoldu kampaniyasının
arxasında dayanan əsas məqamı da xatırlatmağı özümə borc
bilirəm:
Göz önündə olan mənzərədən belə nəticə hasil olur ki, "Milli
Şura" layihəsində Azərbaycanın xarici siyasəti ilə bağlı strateji
istiqamətlərin dəyişdirilməsi üçün referendum məsələsini gündəmə
gətirən Kreml texnoloqları bu dəfə "yanan barmaq"larının ağrısından
nəticə çıxarıblar. Bakı erməniləri haqqında "göz yaşları" ilə
danışan "kosmopolit" Rüstəm İbrahimbəyovu "Qarabağ təəssübündən
dodağı qırx yerdən çat verən" "vətənpərvər" İlham Rəhimov və
"YOL"daşlarıyla əvəzləyiblər. Bu dəfəki missiyanın hədəfi və
siyasi-ideoloji motivi Qarabağdır...
İlham Rəhimovu və onun boğazlarını (?) islatdığı ASSlanları da
qəzəbləndirən yeni layihənin ifşa olunmasıdır...
Bu qədər bəsit...