Axar.az
Yuxarı

Hər sayt işlədən jurnalist sayılmaz

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat günü ərəfəsində jurnalistlər üçün tikilmiş ikinci binanın istifadəyə verilməsi, 255 qələm və söz sahibinin mənzil alması və ya mənzil şəraitini yaxşılaşdırması, köhnə jurnalist kimi məni ürəkdən sevindirdi. Qələm əhli üçün yazılarını öz evində, öz işığı altında yazmaqdan, ailəsini öz peşəsiylə qazandığı halal guşəsində sevindirməkdən böyük rahatlıq və xoşbəxtlik yoxdur. Bu gözəl duyğunu yaşayan, yeni mənzil alan bütün jurnalistləri, həmkarlarımı, dostlarımı ürəkdən təbrik edir, “eviniz xeyirli-uğurlu olsun, bu mənzillərdə oğul evləndirib, qız köçürəsiniz, gözəl əsərlər yazasınız!”,- deyirəm.

Bakıda olmasam da, sosial mediadakı bəzi narazılıqları da izləyirdim. Təbii ki, ehtiyacı olub mənzil ala bilməyənlər də var, onların arasında bəzi mənzil alanlardan daha ağır durumda yaşayanlar da tapılar, (onlardan bir neçəsini mən də tanıyıram), ancaq bu, bütövlükdə belə böyük tarixi hadisəni qaralamağa haqq vermir. Birdən-birə hamının ehtiyacını ödəmək çətindir. Lakin nəzərə alaq ki, bu binalar tikilməyə də bilərdi. Çünki dünyada belə təcrübələr azdır. Amma nə yaxşı ki, Azərbaycan prezidenti jurnalistlərin vəziyyətini vaxtında gördü, onların mənzil şəraitinin yaxşılaşdırılması işinə start verdi və ölkənin tanınmış qələm sahiblərinin böyük bir hissəsi bu sıxıntıdan qurtardı. Radikal və tarixi bir addım atıldı. Çünki başqa yolla bu məsələni həll etmək olmazdı. "Sayt çox, jurnalist çox!" deyənlər də var. Anlaşılandı. Amma hər sayt işlədən jurnalist sayılmaz. Jurnalistika son dərəcə çətin, məsuliyyətli, şərəfli sənətdir. İstedad istəyir, bir ömrü qurban vermək gərəkir, yoxsa bekarçılıqdan internetdə qurdalanan hər kəsə jurnalist deyilməz. Bu mənada jurnalistika ilə məşğul olan peşəkarları hamı tanıyır, bu iki ev onların çoxunun ehtiyaclarını ödəyib, sağlıq olsun, üçüncü evlə bu problem əsasən həll olunar.

Mənzil siyahısında həyatımızın bütün sahələrində görmək istədiyimiz dəyərli cəhətlərdən biri iqtidar-müxalifət mətbuatı arasında ciddi fərq qoyulmaması, tərəfsiz jurnalistlərin də kənarda qalmamasıdır. Jalə Mütəllimova, Aynur Muradxanlı, Aida Eyvazova, Flora Sadıqova kimi qadın jurnalistlərin, Zahid Səfəroğlu, Elşad Paşasoy, Xalid Kazımlı, Aqil Ələsgər, Hüseynbala Səlimov, Aqil Aslan və başqa gənc həmkarlarımın hansı əziyyətlə yaşayıb işlədiklərini xatırlayanda bu işin əhəmiyyəti gözümdə daha da böyüyür.

Dünyasını dəyişən jurnalistlərin ailələrinin ( şair-rəssam dostumuz, mərhum Adil Mirseyid, Mahir Nəbili və başqaları); eləcə də, bu sahədə böyük zəhmətləri olan, hamımızın yaxşı tanıdığımız yaşlı jurnalıstlərin unudulmaması siyahının diqqətlə hazırlandığını göstərir.

Nəhayət, mətbuatda çalışan şair və yazarların adlarını mənzil siyahısında görəndə sanki özüm də sıxıntıdan, əziyyətdən qurtardım. İntiqam Mehdizadə, İlqar Əlfi, Qafar Çaxmaqlı, Tahir Talıblı, Səfər Alışarlı, Kənan Hacı, Qulu Ağsəs, Telli Pənahqızı, Əsəd Cahangir, Bəxtiyar Qaraca, Fəxri Uğurlu, Bəsti Əlibəyli, Aydın Xan, Sərvaz Hüseynoğlu, Fərid Hüseyn, Əbülfət Mədətoğlu kimi həm də ciddi ədəbi xidmətləri olan adamlarin hər biri üçün gərək çoxdan mənzil problemi həll edilmiş olaydı. Onların hər biri eyni haqla Yazarlar Birliyindən də mənzil gözləyə bilərdilər. Nə yaxşı ki, bu yolla YB-nin də yükü yüngülləşdi.

Yaşadığımız mənzilləri (şəxsi evlər istisna) dövlət verib, ancaq hədiyyə kimi yox, dövlətin qanunlarla tənzimlənən borcu kimi. Niyə başqa vətəndaş mənzil alanda bu normal qəbul edildiyi halda jurnalistin mənzili hədiyyə sayılmalıdır. Mənzil heç bir qələm sahibinin boynuna özəl bir minnət, iqtidarın sözçüsü olmaq borcu qoymur. Prezidentin çıxışında da söhbət yalnız həqiqətdən, obyektivlikdən getdi. Yoxlanmamış məlumatı mətbuata çıxarmamaq, tənqidin əndazəsini bilmək, dövlətin və millətin mənafeyini yüksək tutmaq, xarici təsirə uymamaq,milli əxlaqa sayqı, onsuz da, jurnalistikanın əlifbasıdır və hər bir jurnalistin, hətta evsizlikdən əziyyət çəkənin də peşə borcudur.

Məncə, mətbuatın ölkənin taleyində oynadığı rol barədə ölkə başçısının sözləri bu gün həbsdə olan gənc jurnalistlərin taleyinə də təsirsiz qalmaz, jurnalistlərin işiylə məşğul olan hüquq-mühafizə, məhkəmə sistemi əməkdaşlarına da bir dərs olar.

Nəhayət, arzu edərdik ki, bu təcrübə davam etdirilsin. Bir neçə buna bənzər evlə Milli Elmlər Akademiyasının, yaradıcı təşkilatların da mənzil problemini həll etmək olar.

Tarix
2017.07.24 / 20:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Monqolustan səfirini qəbul etdi

Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri…

"Qarabağ"ın oyununa qanunsuz bilet satanlar cəzalandırıldı

Ömrünün yarısını həbsdə keçirən şəxs yenidən tutuldu

Ərdoğan Ukraynaya yola düşdü

Polis Yevlaxda əməliyyat keçirdi: saxlanılan var

Bakıda 16 yaşlı qız itkin düşdü

Avropa Liqası: pley-off mərhələsi başlayır

Neft yenidən bahalaşdı

Sumqayıtda qətl: qohumunu öldürdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla