Sevimli müəlliməmiz,
əziz dostumuz, həmişə bizə analıq qayğısı göstərən, Elnarə xanımın
vəfatı xəbərini sentyabrın 20-də almışdıq. O, Bakıdakı "MediSina"
klinikasında, əməliyyat zamanı vəfat etmişdi.
Hadisənin üstündən nə qədər vaxt keçib. Elnarə xanımın həyat
yoldaşı, tanınmış jurnalist Anar Niftəliyev məhkəməyə müraciət
edib. Azərbaycanın ən nüfuzlu jurnalistləri günahkarların
tapılmasını tələb edən yazılar yazıblar. Hələ ki, araşdırmalarda
müsbətə doğru bir dəyişiklik yoxdur. Əvəzində böyük bir utanc var,
jurnalistika adına, insanlıq adına bir utanc. Teleaparıcı Elçin
Əlibəyli məlum hadisə ilə bağlı hazırlayacağı verilişi özünün
fırıldaqçı maraqlarına qurban verib.
***
Dünən mediaforum.az saytı xəbər yayıb: "Bakı Slavyan
Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə
Tofiqqızının işi ilə bağlı müstəqil təhqiqat başlayıb. Mərhumun
həyat yoldaşı, cinayət işində zərərçəkmiş kimi tanınan jurnalist
Anar Niftəliyev müstəqil təhqiqat aparılması üçün vəkil tutub.
Zərərçəkmişin hüquqlarını Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd
Vəkilov təmsil edəcək.
Səməd Vəkilov işlə tanışlığa başlayıb və Nəsimi Rayon
Prokurorluğunda açılan cinayət işini aparan müstəntiqlə görüşüb.
Hüquqşünas noyabrın 25-də yaydığı açıqlamasında bildirib ki, artıq
müdafiə ilə bağlı sənədlər istintaq orqanına təqdim edilib:
"İstintaq qrupunun rəhbəri Ələkbər Rzayevlə görüşdüm. Təfərrüata
varmaq istəmirəm. Hələ ilk addımdır. Onu deyə bilərəm ki, cinayət
işi ilə bağlı müstəqil tədqiqat aparılacaq və bu barədə
ictimaiyyətə intensiv məlumat verəcəyik".
Zərərçəkmiş Anar Niftəliyev ötən həftə istintaqın hərtərəfli
aparılmasına şərait yaradılması üçün baş prokuror Zakir Qaralova
məktub ünvanlayıb. Hüquqşünas artıq cinayət işinin istintaqının baş
prokurorun xüsusi nəzarətində olduğunu deyib.
Anar Niftəliyev iddia edir ki, həyat yoldaşı həkim səhlənkarlığı
və məsuliyyətsizliyindən dünyasını dəyişib. Məhkəmə-tibb
ekspertizasının rəyində ölümə səbəb kimi "nəfəs çatışmazlığı"
göstərilib. Hazırda tibbi komissiya həkimlərin məsuliyyətini
müəyyənləşdirir".
Müəyyənləşsin, həkimlərin, jurnalistlərin, ictimai xadimlərin-
hamının günahı müəyyənləşsin! Həkimlər nə qədər günahkardırsa,
həmin faciə ilə bağlı verilişi məzhəkəyə çevirənlər onlardan çox
günahkardır.
Bu məsələdə hamının günahı var. Susuruq dostlar, susuruq. Haqqımız,
əlimizdən alırlar, susuruq, sözümüzü əlimizdən alırlar susuruq.
Vicdanlı müəlliməmizi əlimizdən alırlar, anamızın canına qıyırlar,
susuruq. Sonra da kompüterin arxasına keçib hekayə, roman yazmaq
istəyirik. Olmaz, belə olmaz. Allah bunu götürməz, Vallah,
götürməz!
Öz anasından görmədiyi qayğını, yaxşılığı Elnarə xanımdan görən
Mövlud, bu vaxta qədər günahkarların cəzalandırılması üçün heç nə
etməyibsə, gedib onların yaxasından tutub: "Qaytarın, Elnarə
xanımı!",-deməyibsə, deməli, o da günahkardır. Cəzalansın, bütün
günhakarlar cəzalansın!