Bir ayı tamam oldu. Həyat yoldaşımla birlikdə Tiflisə
gəlməyimizi deyirəm. On beş gündür ki, oğlumuzu da özümüzlə
gətirmişik. Bir neçə ay burda qalmaq, ciddi müalicə almaq,
əsəbimizi sakitləşdirmək, son aylar yaşadığımız sarsıntılara məlhəm
qoymaq istəyirik.
Balamızı yanımıza gətirən kimi dedik uşağı bir həkimə göstərək.
Görək nə var-nə yox, indiyə qədər göstərdiyimiz həkimlər düzmü
müalicə aparıb, düzmü dərman yazıblar? Uşağımız niyə belə
ağlağandı, niyə belə əsəbidi?
Bakıdan çıxanda dostlar demişdilər ki, indiyə qədər yazılan
reseptləri özünüzlə götürün, burda həkimlər əvvəlki reseptlərə
mütləq baxmaq istəyəcəklər. Nə deyirik? Götürün deyirsiniz, götürək
də...
Saat on, on birin yarısı olardı. Gürcü uşaq həkimi əvvəl
gülürdü. Özü də çox böyük şəfqətlə gülürdü. Yazıq həkimin gülüşü
dodağında dondu. Dodağı əsdi. Üç dəfə tullanıb əlini tavana vurdu.
Ağladı, saçını yoldu. Az qalırdıq həkimin özünə həkim çağıraq.
Bizimkilər əl boyda uşağa nələr yazıbmışlar, ya Rəbb! Nə dərmanlar
tökürmüşük uşağın qarnına? Nələr yedizdirmişik buna?!
Uşağımın yanında günahkar idim. Günahsız, heç nədən xəbəri
olmayan bir körpəni doğulan günündən səhv müalicə eləyirmişəm.
Həkim çığıra-çığıra danışırdı. Yoldaşım uşağı bağrına basmışdı,
udqunmaq istəyirdi, udquna bilmirdi.
Taksiyə necə oturduq, evə necə gəldik, bilmirəm. Çatan kimi
bütün reseptləri, özümlə gətirdiyim bütün dərmanları cırıb
tulladım. Uşağımla bağlı hər şeyə yenidən – sıfırdan başlamaq
qərarına gəldim. İlahi, gör əl boyda körpəyə qıyanlar bizə hansı
dərmanları yedizdiriblər, bizi hansı səhv yollarla "müalicə"
eləyiblər.
Niyə, niyə mən öz balamı bu həkimlərə etibar elədim? Axı mən
bunları yaxşı tanıyırdım, axı mən bunları Binəqədi dağılmışda olan
yanğında görmüşdüm. Toksikologiyanın baş həkimi var – Azər həkim.
Özünü elə aparırdı, elə bil, yuxudan indicə durub, əl-üzünü yuyub
məhlədə uşaqlarla nərd atmağa düşəcək. Sistemi yoldaşımın qoluma
qoşub gediblər. Sistem qurtarıb, qolundan çıxaran yoxdu... Qırx
günlük körpəmə heç bir tibbi yardım göstərilmədi, axırda məcbur
olub özəl xəstəxanaya apardım. Qayınanamın isə heç üzünə baxan
olmadı. Səhəri gün yenə getdik ki, arvad orda qeydiyyata düşsün.
Azər həkim üzümüzə dirəndi, dedi yox, bu qadın burda olmayıb. Yazıq
arvad özünə çatası təzminatı da ala bilmədi. İndi də baxa bilmirəm
onun üzünə...
Bizim həkimlərə heç böyük adamı etibar eləmək olmaz. Ancaq mən
uşağı, əl boyda, yarpaq boyda bir çocuğu etibar eləmişdim.
Bağışla məni, Tanrım, bağışla!