Bu gün, Cümhuriyyətimizin 108-ci ildönümündə AXC-nin bir illiyinə həsr olunan olduqca maraqlı, qəlbləri riqqətə gətirən, hissləri alovlandıran bir məqaləni diqqətinizə çatdırmaq istəyirəm. “Azərbaycan” qəzetinin 30 may 1919-cu il tarixli nömrəsində “Pəncərə önündə yarım saat” adlanan, 19 yaşlı şair Əli Yusif Rainin qələminə məxsus olan bu məqalə mənə görə Cümhuriyyətə həsr olunan ən maraqlı yazılardandır.
Əli Yusif 1900-cü ildə Şuşada doğulub. 11 yaşından etibarən mətbuatda tərcümə və şeirlərlə çıxış edib. 1917-ci ildə Şuşa Realnı Məktəbini bitirib. Elə həmin ildə Şuşada yaradılmış Milli Komitənin üzvü olub. 1918-ci ildə Milli Komitənin tapşırığı ilə Batuma gedib və Ənvər Paşa ilə görüşüb (Nazif Qəhrəmanlı, “Vətən və istiqlal aşiqi Əli Yusif”. Bakı, 2010).
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Bakıya gələn Əli Yusif bəy ingilis, fransız və rus dillərini bildiyi üçün Azərbaycan Cümhuriyyəti hökumətinin İşlər İdarəsində draqamon (Səfirlik, diplomatik və konsul missiyaları yanında rəsmi tərcüməçi - K.Ş.) kimi işləməyə başlayıb (Ə.Tahirzadə, O.Tahirli, “Azərbaycan Cümhuriyyəti tələbələri”. Bakı, 2016).
Əli Yusif Cümhuriyyət hökumətinin İşlər İdarəsində tərcüməçi işləməklə yanaşı, “Azərbaycan”, “İstiqlal”, “Bəsirət” qəzetlərində və “Qurtuluş yolu” jurnalında məqalələr və şeirlərlə çıxış edib. Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetinin redaksiya heyətinin üzvü olub (Akif Aşırlı, “Azərbaycan mətbuatı tarixi (1875-1920)”. Bakı, 2009).
Əli Yusif bəyin atası Mirzə Cəlal Yusifzadə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 44 üzvündən biri olub. Nazif Qəhrəmanlının kitabında qeyd olunduğuna görə, Mirzə Cəlal Yusifzadə 1928-ci ildə yaradılmış gizli antisovet “Müstəqil Azərbaycan” təşkilatının qurucularından biri olub (N.Qəhrəmanlı, “Vətən və istiqlal aşiqi Əli Yusif”. Bakı, 2010).
AXC parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 100 azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edir. Xaricə göndərilən tələbələrin ilk hissəsi, 24 nəfər gənc 1920-ci il yanvarın 14-də parlament və hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryol Vağzalından yola salınıb. Bu 24 nəfərdən biri də Əli Yusif olub. Əli Yusif Paris Siyasi Elmlər Məktəbinə daxil olub və 1923-cü ildə təhsilini başa vuraraq Parisdən Bakıya qayıdıb. “Maarif və mədəniyyət” jurnalının məsul katibi təyin olunan Əli Yusif Bakıda gizli fəaliyyət göstərən Müsavat Partiyası ilə əməkdaşlıq etməyə başlayıb. 1923-cü ilin noyabr ayında Əli Yusif Dadaş Həsənzadə, Əhməd Hacinski, Əbülfəz Babayev və Abdulla Abdulzadə ilə birlikdə Gizli Musavatın Mərkəzi Komitəsinə üzv seçilib (Aydın Əlizadə, “Ölkənin müstəqilliyi uğrunda mübarizə aparan Gizli Musavat”. www.urokiistorii.ru (rus). 9 aprel 2018).
Gənc, vətənpərvər şair Əli Yusif 1924-cü il fevralın 6-da həbs olunur. Bir neçə ay həbsdə saxlandıqdan sonra, 1924-cü ilin may ayında onu azadlığa buraxırlar.
1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən Birinci Türkoloji Qurultayda Əli Yusif katib, atası Mirzə Cəlal isə tərcüməçi kimi iştirak edirlər. Qurultay başa çatdıqdan üç gün sonra, martın 11-də Azərbaycan Fövqəladə Komissiyasının əməkdaşı Vasinin əmri ilə Əhməd Hacinski, Dadaş Həsənzadə və Əli Yusifin evlərində axtarış aparılmaqla həbs olunurlar (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı, 2014. s. 230).
10 il müddətinə azadlıqdan məhrum edilən Əli Yusif Solovki adalarına sürgün olunur. 1935-ci ilin yanvarında azadlığa çıxan şairə Azərbaycana qayıtmasına icazə verilmir və o, Özbəkistana sürgün edilir. Bir müddət Daşkənddə yaşayan Əli Yusif 1937-ci ilin iyul ayında yenidən həbs olunur və avqustun 18-də güllələnir. Onun dəfn olunduğu yer məlum deyil.
Gənc, vətənpərvər şair Əli Yusifin Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyi münasibəti ilə yazdığı məqalə AXC dövrünü təsvir və tərənnüm edən ən təsirli yazılardan biridir. Bəlkə də birincidir. Məqaləni oxuduqca sanki o dövr gözlərimiz önündə canlanır, özümüzü hadisələrin burulğanında hiss edirik...
Əli Yusifin “Pəncərə önündə yarım saat” məqaləsi:
Azərbaycan Cümhuriyyətinin paytaxtı milli bayraqlara qərq olaraq istiqlal gününü bayram edirdi. Hər müəssisə, hər kütlə, hər fərd kəndi iktidarınca bu şanlı bayramda iştirak edirdi.
Dəstə-dəstə vətəndaşlar Parlaman qarşısına toplanır, bir-birini, Parlamanı və hökuməti təbrik və təhniyət (mübarəkbazlıq) edirlərdi. Parlaman İdarə(si) şöbələrinin birisinin pəncərəsindən bu axın-axın gələn insanları, fərahfəza (fərəhli, sevincli) lövhələri iki arxadaşımla seyr edirdik. Hər kəs sevinc, bəşuş (şən), ümidli və haqlı bir vüqara müştəğrəq (qərq olmuş) idi. Bu aralıq 30 nəfərə qədər 10 yaşından 7 yaşına cocuq, bir coxu başıaçıq, ayaqyalın, əllərində taxtadan kəndi sənətlərincə yapılma silahlar, ağac başına taxılmış mini-mini milli bayraqlarla kamali-ciddiyyətlə keçdilər. Bir çınqıraq (qumrov) sədası qədər lətif səslərlə marş oxuyurlardı.
Mən yalnız "Şanlı Vətən" dediklərini anlaya bildim. Pək müəssir (təsirli) bir mənzərə idi. Hazirun (orada olanlar) həpsi bunu hiss etmiş olmalıdır ki, hər tərəfdən bu mini-mini “vətəndaşcıqları” alqış gurultuları qarşıladı... Bilaixtiyar (qeyri-ixtiyari) arxadaşlarımın üzünə baxdım. Onlar da ziyadəsiylə mütəəssir olmuşlardı. Bir arxadaşımın qolundan tutaraq: “İndi inanalım ki, istiklal bir kaç xülyapərəstin fantezisi deyil də, millətin ruhunun ən dərin guşələrindən təzahür edən ehtiyacdır”, -dedim. O da fikrimə şərik olaraq: “Əvət, -dedi, - həpimizin qəlbi bugünkü gün o cocuqların qəlbi qədər səmimi, saf çırpınırsa, biz də bu bayramı bu məsumlar qədər sevirsək, inanalım ki, istiklalımız daimi və əbədi olacaqdır”.
Bu gün ordu əfradının (əsgərlərin) müntəzəm Avropa əsgərlərinə yakışan bir tərzdə rəsmi keçiddə Rəisi-vükala (Baş nazir) tərəfindən salamlanması, küçələrdən tarixi simaların keçirilməsi, Parlamentin tarixi iclası qədər böyük və möhtəşəm mənzərələr(ə) də şəhadət etdim. Fəqət nədənsə yenə ən gözəl xatirə, ən müəssir lövhə o cocuqların ciddiyyətlə istiqlal bayramına kəndi arzu və xahişləri ilə iştirak etmələridir.
Zira bu mənzərədə həm siyasi, həm də psixoloji bir məna olmaqla bərabər, həssas və qayət gözəl bir sekret (sirr) vardı. Gələcəkdə Cümhuriyyətimizin ən qiymətdar, ən namuslu vətəndaşlarının da bu cocuklar olacağına heç şübhə yoxdur. Azərbaycan idealı, istiqlal məsləki bir müxtərenin (ixtiraçının) icadı, yaxud bir şairin xəyalı deyil, bəlkə sənələrcə millət köksündə bəslənmiş və ən sonunda hüsula gəlmiş bir qayədir. Hətta Anadolu annələri belə cocuqlarına layla çalarkən, “Sən böyüyüb həm Türkiyəni məsud edəcəksən, həm də sair türk-islamların imdadına qoşacaqsan” deyir, onlara hənuz beşikdə ikən Qafqaz dağlarının vəhşi gözəlliklərindən, oradakı qardaşlarının əsarətindən bəhs edirlərdi. Yalnız böylə bir tərbiyə ilə böyüyən bir insan məslək sahibi ola bilər, vətən və millət uğrunda heç bir fədakarlıqdan çəkinməz. Onun üçün cürətlə deyə biləriz ki, bu gün istiqlal bayramını böylə fövqəladə sevinclə qarşılayan cocuqlar, yarın bir məmləkətin vətəndaşları olduqlarında onu sevəcək və müdafiə edəcəklər. Əvət, Rusiya siyasəti bizi ruslaşdırmağa qalxışarkən Azərbaycan evlərinin beşiklərində gələcək bir cümhuriyyətin vətəndaşları yetişdiyini bilməzdi. Azərbaycan Qafqaziyada doğulub Anadolu köksündən imdad aldı və nəhayət ayağa qalxdı, dirildi. Cocuqluqda alınan təəssürat unudulmaz. Onun üçün bu gün bizimlə bərabər, fəqət bizdən daha səmimi bir surətdə İstiqlal bayramında iştirak edən azəri türklərin yavruları əbədiyyən bu böyük günü xatırlayacaq. Bu sarsılmaz bir həqiqətdir. Azərbaycan doğdu (doğuldu) və kəndini gələcək nəsilə şimdidən sevdirdi. Bu gün taxta və nahəmvar (qaba, səliqəsiz) "silahlarla" Parlaman qarşısında bir yer tutmağa can atan "igidlər" yarın əllərində son sistem əslihə (silahlar), başlarında müasir düşüncələr, biliklər, qəlblərində namuslu bir vətənpərvərlik hissi kəndi hüquqlarını, istiqlallarını müdafiə edəcəklər. O vaxt onlar bu birinci bayramı xatırlayaraq Cümhuriyyətlərinin nə qədər ağır şərait daxilində təşəkkül etdiyini düşünəcək və bu ağır qiymətə alınmış varlıqlarını, hüquqlarını daha əzəmətli bir həmiyyətlə qorumağa çalışacaqlar.
Mənbə: ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə 20 cilddə nəşr edilən "1918-1920-ci illər "Azərbaycan" qəzetinin tam külliyatı". VIII cild. May 1919.
Transliterasiya edənlər: filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu.
Elmi redaktor: Akademik Teymur Kərimli.