“Müsəlman Birliyi Hərəkatı”nın (MHB) üzvlərinin Berlində keçirdiyi son aksiyalar fonunda İranın Avropada proksi qüvvə formalaşdırdığı və onları “siyasi mühacir”, “insan haqlarının müdafiəçiləri” adı altında leqallaşdırmağa çalışdığı haqqında məlumat vermişdik. İrana bağlı olduğunu gizlətməyən, hazırda Berlində yaşayan Əlamdar Bünyadov isə “Müsəlman Birliyi Hərəkatı”nın Avropa nümayəndəliyinin fəaliyyətə başladığını açıqlayıb. Bu, İran xüsusi xidmət orqanlarının Almaniyada – Avropanın mərkəzində Hizbullah təcrübəsinə əsaslanan yeni qüvvənin formalaşması planını aktiv mərhələyə keçirməsi deməkdir.
Faktlar bunu təsdiqləyir. MBH üzvü olan Ə.Bünyadov 2015-ci ildə Azərbaycanda konstitusion quruluşu dəyişdirməyə hesablanmış Nardaran hadisələrinin iştirakçısıdır. Almaniyaya da məsuliyyətdən yayınmaq məqsədilə köçüb. O etiraf edir ki, MBH-nin Avropa nümayəndəliyi təşkilatın rəhbəri Taleh Bağırzadənin qərarı əsasında fəaliyyətə başlayıb. İran xüsusi xidmət orqanları ilə əməkdaşlığı sirr olmayan T.Bağırzadənin Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyə cəhd, terrorçuluq, kütləvi iğtişaşların təşkili, qanunsuz silahlı birləşmələrin yaradılması kimi ağır cinayətlərə görə həbs olunduğu məlumdur. MBH üzvləri törətdikləri əməlləri gizlətmək üçün T.Bağırzadənin həbsini siyasiləşdirməyə çalışsalar da, Nardaran hadisələri gerçəkləri ortaya çıxarır.
2005-2010-cu illərdə Qumda dini təhsil alan T.Bağırzadə İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa həmin dövrdə cəlb olunub. Azərbaycana qayıtdıqdan dərhal sonra İrandan verilən tapşırıqlara əsasən, “şəriət rejimi”nin qurulması istiqamətində fəaliyyətə başlayıb. Bu məqsədlə T.Bağırzadə qanuni hakimiyyət nümayəndələrinin öldürülməsi çağırışlarını edirdi.
2013-cü ildə Təhsil Nazirliyinin qarşısında “Hicaba yox” adı altında iğtişaşların yaradılması MBH-nin güc yolu ilə hakimiyyəti ələ keçirmək planının başlanğıcı idi. Həmin vaxt T.Bağırzadə qanunları pozduğu üçün həbs edildi, azadlığa çıxdıqdan dərhal sonra planın icrasını sürətləndirmək məqsədilə yenidən aktivləşdi.
Birincisi, bölgələrdə moizələr oxuyur, qanuni hakimiyyətə qarşı çağırışlar edir, tərəfdar toplayırdı. Məlumatlara görə, T.Bağırzadə ətrafına topladığı tərəfdarlarına silahlı hücuma hazırlıq göstərişləri verirmiş.
İkincisi, ölkədə konstitusion quruluşu dəyişmək üçün hücumun təşkili məqsədilə Nardarana silahlar toplayır, qəsəbədə təşkilatlanmanı sürətləndirirdi.
2015-ci ilin yanvar ayında T.Bağırzadə Nardaranda “Müsəlman Birliyi Hərəkatını” yaratdığını elan etdi. Məkan kimi Nardaranın seçilməsi təsadüfi deyildi, çünki bu qəsəbə 90-cı illərdən etibarən İranın ciddi təsiri altında olmuşdu və cənub qonşumuz oranı “Azərbaycan daxilində dini kanton” hesab edirdi. Təsadüfi deyil ki, Nardaranda İrandan gələn tapşırıqla Azərbaycan bayraqları əvəzinə “qara bayraq” qaldırılır, ölkə qanunvericiliyinə və rəsmi qurumlara itaətsizlik edilirdi. Qumda yetişdirilən T.Bağırzadə də MBH-ni məhz “dini kanton” kimi gördükləri Nardaranda yaradaraq, silahlı hücuma hazırlaşırdı.
Radikal dini-siyasi qrup olan MBH-nin yaradılması İranın Azərbaycanda Hizbullah kimi proksi qüvvənin formalaşdırılması planının tərkib hissəsi olub. MBH-nin hədəflərinin də İranın Yaxın Şərqdəki proksi qüvvələrin yaradılması və koordinasiya edilməsi işini həyata keçirən SEPAH-ın “Qüds Qüvvələri” tərəfindən müəyyənləşdirilməsi bunu deməyə əsas verir. Hizbullahın Livanda, husilərin Yəməndə etdikləri kimi MBH də Azərbaycanda həm siyasi fəaliyyət göstərməli, həm də hakimiyyətə təsir etmək və dəyişmək məqsədilə silahlanmalı idi. Planın icrası İran xüsusi xidmət orqanlarına işlədiyini gizlətməyən, mütəmadi olaraq səfər etdiyi bu ölkədə “din xadimləri”nin əlini öpən, “Xamenei ağamdır” deyən T.Bağırzadəyə həvalə olunmuşdu.
Hücumun baş verdiyi noyabr ayına qədər artıq MBH dövlət məmurlarının qətlə yetirilməsi ilə bağlı “fitvalar” verir, təhdidlər səsləndirirdi. Misal üçün, MBH-nin sosial mediada yaratdığı “Hicab bizim namusumuzdur” səhifəsindəki çağırışlardan birində deyilirdi: “İmam Hüseyn bayrağını bayrağımız edib Azərbaycanı Kərbəla məktəbi ilə talan edərik. Dindarlar və Bakının 32 kəndi Hacı Taleh bəyin əmrini gözləyir, tutulan dindarlar buraxılmasa, polis idarələri yandırılacaq və polislərə qarşı amansız olacağıq”. Digər bir paylaşımda isə həmin vaxt Gəncə İcra Hakimiyyətinin başçısı haqqında “Onun kimilərin qanı halaldır. İnşallah tez bir zamanda onların ölüm xəbəri yayılacaq” deyilirdi.
26 noyabr 2015-ci il tarixində MBH T.Bağırzadənin rəhbərliyi ilə Nardaranda hüquq-mühafizə orqanlarına qarşı terror aktı törətdi, polis əməkdaşları şəhid oldu. Birbaşa suverenliyimizə təhdid olan bu hücumun qarşısı müvafiq orqanlar tərəfindən alındı, T.Bağırzadə və digər terrorçular həbs olundu. Nardaran hadisələrindən sonra MBH üzvlərinin bir çoxu “yeraltına” çəkilərək, gizləndiyi kimi, bir çoxu da Avropaya, məhz Almaniyaya köçərək, “siyasi mühacir” adı altında məskunlaşmağa başladı. Lakin İranın Azərbaycanda dünyəvi dövlət quruluşunu dəyişmək, “şəriət rejimi” yaratmaq cəhdləri bununla başa çatmadı. Nardaran planı iflasa uğradıqdan sonra İranda yaşayan keçmiş Azərbaycan vətəndaşı Tohid İbrahimbəyli 2015-ci ilin sonunda Qum və Məşhəddə təhsil alan 14 azərbaycanlı tələbə ilə birlikdə “Hüseyniyyun” qruplaşmasını yaratdı. Bu qruplaşmanın “Qüds Qüvvələri”nin keçmiş komandiri Qasım Süleymaninin xeyir-duası ilə yaradıldığı haqda məlumatlar var, T.İbrahimbəyli də bunu təsdiq edib.
Azərbaycanda Hizbullah kimi proksi qüvvənin formalaşması hədəfi dəyişməmişdi, sadəcə olaraq, MBH ilə daxildə həyata keçirə bilmədikləri planı “Hüseyniyyun” qruplaşması ilə birbaşa İrandan koordinasiya etmək istəyirdilər, buna cəhd göstərdilər də. “Hüseyniyyun” qruplaşması T.Bağırzadə kimi Azərbaycanda dövlət məmurlarının “ölüm fətvasını” verir, “şəriət rejimi”nin qurulması çağırışları edirdi. Artıq 2018-ci ildə Nardaran hadisələrindən sonra “yeraltına” çəkilən MBH-çilər aktivləşməyə, “Hüseyniyyun” qruplaşması vasitəsilə İrandan gələn göstərişləri icra etməyə başlamışdı. 2018-ci ilin 10 iyulunda Gəncədə terror aktının törədilməsi də bu planın tərkib hissəsi idi. Suriyada silahlı təlim keçən “Hüseyniyyun”un üzvü Yunis Səfərov 2015-ci ildə T.Bağırzadənin “Onun kimilərin qanı halaldır. İnşallah tez bir zamanda onların ölüm xəbəri yayılacaq” dediyi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətdi, ardınca MBH üzvləri şəhərdə iğtişaşlar yaratdılar. İranın Nardaranda baş tutmayan, Gəncədə davam etdirməyə çalışdığı konstitusion quruluşu devirmək planının qarşısı dövlət orqanları tərəfindən ikinci dəfə alındı.
Bu cəhdin də iflasa uğramasından sonra İran xüsusi xidmət orqanlarına bağlı MBH-çilərin məsuliyyətdən yayınması üçün Almaniyaya getməsi və orada təşkilatlanması sürətləndi. Hazırda Almaniyada məskunlaşan bu şəbəkə özünü “siyasi mühacir”, “demokrat”, "insan haqlarının müdafiəçiləri" kimi göstərir, Qərb dəyərlərinin tərəfdarı olduqlarını elan edirlər. Bu, onların əsl kimliklərini gizlətmək və fəaliyyətlərini leqallaşdırmaq məqsədi daşıyır. Halbuki, T.Bağırzadənin İran xüsusi xidmət orqanlarına bağlılığı bu gün də davam edir, MBH də birbaşa onun tərəfindən idarə olunur. Təşkilatın “Avropa nümayəndəliyi”nin yaradılması göstərişinin onun tərəfindən verilməsi bunu təsdiq edən faktlardan biridir. Amma nə T.Bağırzadə, nə də MBH-çilər Qərb dəyərlərinin tərəfdarı deyillər. 2015-ci ildə T.Bağırzadənin yayılan səs yazısı onların gerçək kimliyini ifşa edən nümunələrdən biridir.
“Azərbaycanda İranda, Livanda və başqa yerlərdəki təki islamçılıq zəifdir. Ona görə milli kimlik məsələsindən istifadə etməliyik. Müxalifətlə münasibətlərə gəldikdə isə, onlara demişik ki, Ayətullah Xamneyi ağamızdır, “qırmızı xətt”imizdir, ona toxunmasınlar… Biz onlara deməmişik ki, demokratıq, filanıq, Qərbə meylliyik. Əsla. Bunu bilirlər və şərtlərimizi qəbul ediblər. Mediaya çıxışımız zəif idi, bizə imkanlar yaradıblar. Tribuna veriblər ki, sözümüzü deyək. Nəyi pisdir?! İstifadə edin onlardan, yararlanın… Əslində onlar bizə yox, biz onlara lazımıq. Bundan da yararlanırıq və gələcəkdə də istifadə etməliyik. Azərbaycanda müsəlman dövləti qurmalıyıq, bölücülüyə son qoymalıyıq”, - Bağırzadə bildirirdi.
Faktlar təsdiq edir ki, bu gün Avropada “siyasi mühacir” adı altında təşkilatlanan MBH-çilər Qərb dəyərlərinin yox, İranın dini ekstremizminin davamçılarıdır. Və onların xüsusilə Almaniyada təşkilatlanması İranın Avropada proksi qüvvələr yaratmaq planına daxildir. Bu şəbəkə bir tərəfdən Azərbaycana qarşı Nardaran və Gəncədə baş tutmayan planı davam etdirir, digər tərəfdən, Avropanın mərkəzində İran maraqlarını müdafiə edir. Son addımları – Berlində keçirdikləri aksiya, o cümlədən, MBH-nin “Avropa nümayəndəliyinin” yaradılması artıq hərəkətə keçdiklərini deməyə əsas verir və İrandan əmr verildikdə, Hizbullah Livanda, husilər Yəməndə, Haşdi-Şabi İraqda etdiyi kimi, Avropanı qana boyamağa hazırdırlar.
Bütün bunların fonunda Avropa ölkələrinin, xüsusilə Fransa, Almaniya və İsveçrənin İranın proksi qüvvələrinə loyal yanaşması, təşkilatlanmalarına şərait yaratması suallar doğurur.
- Avropa ölkələri İrana qarşı mübarizə apardığı, eyni zamanda, bu ölkənin Hizbullah başda olmaqla proksi qüvvələrini terror təşkilatı kimi tanıdığı halda niyə eyni ideologiyanın daşıyıcıları olan və Azərbaycanda dünyəvi hakimiyyəti dəyişmək məqsədilə terror aktı törətmiş MBH-çilərə “qucaq açır?”
- Avropa öz daxilində xilafət çağırışları edən bəzi qrupların fəaliyyətini qadağan edib. Misal üçün, Almaniyada “Muslim Interaktiv” təşkilatının fəaliyyəti xilafət və antisemitizm çağırışlarına görə 2025-ci ildə qadağan edildi. MBH də İranın “İslam inqilabı” ideologiyasını yayır, İsrailin məhv edilməsi çağırışları edir. O zaman, bu təşkilatın Almaniyada “nümayəndəliyi”nin fəaliyyətə başlamasına niyə icazə verilir?
- MBH Azərbaycanda dövlət çevrilişinə cəhd, silahlı müqavimət və radikal ideologiyada ittiham olunursa, bu istiqamətdə fəaliyyətinə dair konkret faktlar varsa, Avropa ölkələri niyə terrorçu dəstənin fəaliyyətinə imkan yaradır?
Azərbaycan haqlı olaraq, MBH-yə “qucaq açan” Avropa ölkələrindən bu suallara cavab istəyir. Eyni zamanda, bu ölkələrə MBH-nin ideoloji və təşkilati fəaliyyətinin araşdırılması, bu şəbəkənin Avropanın özünə yarada biləcəyi təhlükə haqqında xəbərdarlıq edir. Avropa ölkələrinin sualları cavabsız qoyması, əksinə, MBH-çilərin rəsmi dairələr tərəfindən qəbul edilməsi və “nümayəndəlik” yaratması isə ikilistandart yanaşmasından başqa bir şey deyil. Avropa ölkələrinin terrorçu şəbəkəni himayə etməsi onlardan Azərbaycana qarşı planlarda istifadə etmək istəklərinə dair ehtimalları da ön plana çıxarır. İstisna deyil ki, indiyə qədər saxta “insan haqlarının pozulması” iddiaları ilə Azərbaycana təzyiq etməyə çalışan bir sıra Avropa ölkəsi MBH-çilər vasitəsilə növbəti “təzyiq rıçağı” yaratmaq, eyni zamanda, məzhəbçilik üzərindən siyasi təsir imkanları qazanmaq istəyirlər. Lakin Azərbaycan indiyə qədər olduğu kimi, yenə də daxili işlərinə qarışmaq cəhdlərinin qarşısını alacaq. Avropa ölkələri isə bu gün himayə etdikləri MBH-çilərin İranın proksi qüvvəsi olduğunu və göstəriş veriləndə silahlı hücumla “Köhnə Qitəni” qana boyayacağını anlamalıdırlar. Sonra gec olacaq.