Estoniya, Latviya, Polşa, Almaniya, Monteneqro, Ukrayna, Misir, Yunanıstan və İordaniyanın xarici işlər nazirlikləri (XİN) Müstəqillik Günü münasibətilə Azərbaycana təbriklər ünvanlayıb.
Axar.az xəbər verir ki, müvafiq paylaşımlar X sosial şəbəkəsində yerləşdirilib.
"Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı bildiririk. Sülh, firavanlıq və daha böyük uğurlar arzulayırıq. Müstəqillik Gününüz mübarək!", - Estoniya XİN-in məlumatında deyilib.
Latviya XİN milli bayram münasibətilə Azərbaycanı təbrik edərək, ölkəyə firavanlıq və rifah arzulayıb.
"Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklər və xoş arzular!", - Polşa XİN yazıb.
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə - Azərbaycan xalqını səmimi təbrik edirəm! Almaniya Azərbaycanla konstruktiv tərəfdaşlığı yüksək qiymətləndirir və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə, eləcə də regional sülh və firavanlığın təmin edilməsi üzərində işləməyə sadiq qalır", - Almaniya XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya departamentinin direktoru Niklas Vaqner yazıb.
Monteneqronun Xarici İşlər Nazirliyi təbrikində Azərbaycana daha böyük uğurlar və firavanlıq arzulayıb:
"Müstəqillik Günü münasibətilə Monteneqronun Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının hökumətinə və xalqına ən səmimi təbriklərini bildirir. Biz Azərbaycana daha böyük uğurlar və firavanlıq arzulayır, həmçinin ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq formatlar çərçivəsində möhkəm tərəfdaşlığın daha da gücləndirilməsinə sadiqliyimizi təsdiq edirik".
Misir XİN Azərbaycanı səmimi qəlbdən təbrik edib, iki ölkə arasında dostluğun və əməkdaşlığın daha da güclənəcəyinə ümid etdiyini ifadə edib.
"Misir Müstəqillik Günü münasibətilə dost Azərbaycan Respublikasının hökumətinə və xalqına səmimi təbriklərini bildirir və ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir", - bəyanatda deyilib.
Yunanıstan XİN də Azərbaycanı milli bayram münasibətilə təbrik edib: "Müstəqillik Gününüz mübarək, Azərbaycan!".
İordaniya XİN qeyd edib: "Azərbaycan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edirik".
Ukrayna XİN Azərbaycanı "etibarlı dost və strateji tərəfdaş" adlandırıb.
"Etibarlı dostumuz və strateji tərəfdaşımız Azərbaycana ölkənin Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi bildiririk! Biz Azərbaycanın Ukraynaya dəstəyini və həmrəyliyini, həmçinin ölkəmizə göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk. İkitərəfli münasibətlərimizin və bütün sahələrdə əməkdaşlığımızın çox müsbət dinamikasının davam etməsinə ümid edirik", - məlumatda bildirilib.