Yuxarı

Güllələnən şəhər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

O gecə daş kimi ağır yatmışdıq. Güllələnən şəhərdən heç birimizin xəbəri olmamışdı. Nə mənim, nə də bacımın ailəsinin. Biz Əhmədlidə yaşayırdıq, 62-nin axırında. Yəqin yadınıza gəlir, iri, sarı avtobuslar vardı 62 nömrəli, düz onun sonuncu dayanacağı bacımgilin evləri sayılırdı. Mən də texniki peşə məktəbinin tələbəsi. Universitetdə yüksək balla konkursa düşüb rayona qayıtmamışdım. 3 saylı texniki peşə məktəbində poliqrafiya üzrə təhsil alıb növbəti ili jurnalistika fakültəsi üçün bir də bəxtimi sınayacaqdım.

O il həm də millətin bəxtinin sınağa çəkildiyi il idi. Baxmayaraq ki, at üstündə gəlmişdi, bu ildən muradının hasil olmasını gözləyənlər çox idi, amma 1990-cı il bizə min at yükü problem gətirdi.

Axşam televizora baxdığımız yerdə yayım kəsildi. 1 dəqiqə, beş dəqiqə, bir saat, beş saat.. Biz ekranda belə səpkiləri adətən profilaktika günlərində görürdük, amma axşamın bu saatında nə profilaktikası? Yadımdadır, yeznəm bir saat sonra doqquzmərtəbəli binanın damına qalxmışdı, yox, antenalıq deyildi. Mənim sualım; bəs "Rerto" ya necə baxacağıq? - oldu. Hər şənbə günü efirə gedən "Retro" kinozalı o dövrün monoton efirində az-çox ruhumuzu oxşayan verilişlərdən idi. Bacım dedi ki, o vaxta düzələr əşi... "Retro"nun vaxtı da gəlib çatdı, televizor düzəlmədi. Durub yatmaqdan başqa çarə yox idi. Səhər adəti üzrə durub dərsə getməliydim. Yeməyimi yeyib evdən çıxdım. 62-nin dayanacağına çatanda təəccübdən duruxub qaldım. Bir dənə də olsun avtobus yox idi. Adamlar da adda-budda gözə dəyirdi. Yadıma məşhur filmdəki cümlə düşdü: "Deyəsən Əzrayıl Peykanlı camaatını torbasına doldurub aparıb". Azı 10 dəqiqə avtobus gözləyib gəlməyəcəyindən əmin olduqdan sonra gecə Bakıya hücum çəkən Əzrayıldan bixəbər narazı ovqatda piyada yol başladım. Düz Əhmədli metrosuna. O yola bələd olanlar bilər, 62-nin axırıncı dayanacağından Əhmədli metrosuna piyada azı yarım saat yoldur. Metro da, vaqonlar da demək olar ki, boş idi.

Nərimanov metrosundan çıxıb bağın içi ilə 3 saylı texniki peşə məktəbinə çatdım. Adətən tələbələrlə dolu olan foyedə iki-üç kişi müəllim vardı. Məni görəndə Akif müəllimin gözü kəlləsinə çıxdı.

- Ay bala, nə işin var sənin burda?

Elə qorxu qarışıq təəccüblə soruşdu ki, sarımı uddum. Sonra da mənə tələm-tələsik gecə Bakıda qırğın törədildiyini dedi. Yanındakı müəllimlərlə birlikdə məni demək olar ki, dövrəyə alıb metroya gətirdilər.

Azı 10 gün evdə dustaq kimi qaldım. Televizor yox, qəzet yox, informasiya yox, küçəyə çıxmaq icazəm yox. O günlərdə ən böyük arzum kəndə-evimizə getmək idi. Anamın, atamın yanına. QAN rəngli Bakıdan uzaqlaşmaq, QAR rəngli kəndimizə qaçmaq. Amma necə?

29 il sonra da o günləri xatırlayanda yadıma xüsusilə bunlar düşür.

Mən və bacımın məndən 10 yaş kiçik qızı hər gecə saat 12-də pəncərəyə vurulan ağ parçanı lap küncdən azca aralayıb küçə boyu nərilti sala-sala gedən tankları pusardıq.

9 yaşlı bacım qızı çox qorxardı bu tanklardan, gecə mənə o qədər qısalardı ki.... 19 yaşlı mən onu sanki anası kimi ovundurardım.

Məncə 20 yanvar mənim kimi 19 yaşlıları birdən-birə qocaltdı - Ülvilər torpağa gömüləndə.

9 yaşlılar birdən-birə böyüdü - Larisa, İlqar kimilər gülləyə tuş gələndə.

Bakı qan çanağına döndü - şəhid qanı küçələrdə selə dönəndə.

Güllərin şahı qərənfil taxtından düşdü - məzarlığa səpiləndə.

Millətim millət kimi formalaşdı - günahsız qurbanlar verəndə.

SSRİ deyilən nəhəng imperiya bir anda çökdü - qarşısında bu boyda izdiham, dirəniş görəndə.

20 yanvar faciə günü deyil. Özümüzü özümüzə tanıtdıran gündür. Günümüz mübarək!

Tarix
2019.01.20 / 12:15
Müəllif
Ləman Ələşrəfqızı
Şərhlər
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla