Ana səhifə Yazarlar |
Bizim toplumun canında heç kimin diqqət etmədiyi bir xəstəlik var. Hansı ki, bu xəstəliyə görə insanlar söyülür, hücuma məruz qalır, linç edilir.
İcazənizlə mən bu xəstəliyə CONTEXT-21 (KONTEKST-21) adını verim. Gəlmişik 2021-ci ilə, hələ də insanların fikirləri kontekstdən çıxarılıb ictimaiyyətə təqdim edilir. Nəticədə həmin şəxs təhqir edilir, lağ obyektinə çevrilir.
Bu hal əsasən deputatların, müğənnilərin başına gəlir. Mən bir insanı söydürmək mazoxizminin altında nələrin yatdığını, bunun nədən qaynaqlandığını çox yaxşı bilirəm. Amma lap dərinliyə gedib – ruhi-psixoloji faktorları analiz edəndə belə, insan əxlaqı, mənəviyyatı prizmasından bunun necə yanlış addım olduğu aydın görünür.
İki gün əvvəl Siyavuş Novruzovun fikri kontekstdən çıxarılıb, sosial şəbəkədə söyülür, linç edilirdi. Mənim Siyavuş bəyə vəkillik etmək fikrim yoxdur, bunu özü bugünkü müsahibəsində bildiyi kimi edib.
Məni narahat edən məsələ başqadır.
Demək, Vətən müharibəsindən sonra sosial şəbəkədə bir erməni mənə Yutub linki atdı və dedi ki, bax, keçmiş prezidentiniz Heydər Əliyev deyib ki, Qarabağ Azərbaycanın deyil.
Fikirləşdim ki, erməni ki erməni, yenə qondarma bir video düzəldib, guya informasiya müharibəsi aparır. Videonu açıb baxdım ki, yox, bu pisliyi bizə erməni yox, elə özümüzkülər eləyib.
“Azad Azərbaycan” adlı Yutub kanalı Heydər Əliyevin fikrini kontekstdən çıxararaq başlığa qoyub. Başlıq da belədir – “Heydər Əliyev: Mən axı demişdim, Qarabağ Azərbaycanın deyil”.
Videoya baxdım. H.Əliyev orda təxminən belə deyir: “91-ci ilin fevralında xəbərdarlıq eləmişdim ki, Dağlıq Qarabağ əldən gedib, Qarabağ artıq Azərbaycanın deyil”.
Yəni Heydər Əliyev burda Qarabağın işğal edildiyini nəzərdə tutur, Azərbaycana məxsusluğunu şübhə altına almır. Amma içimizdəki parabeyinlərdən biri baxış sayı qazanmaq üçün belə bir yola əl atıb. Nəticədə ermənilər bundan necə lazımdır, istifadə edib təbliğat aparırlar.
Bu, fikrin kontekstdən çıxarılmasının onlarla zərərli nümunəsindən sadəcə biridir və nə qədər əleyhimizə işlədiyini gördük.
Artıq özümüzdə bəzi şeyləri düzəltməyin zamanı gəldi. Təbii ki, bu məsələdə xüsusən media aparıcı rol oynamalı və CONTEXT-21 virusundan sağalmalıdır.
Bu məsələdə özümüz özümüzün TƏBİB-i ola bilərik.
Tarix
2021.01.14 / 13:19
|
Müəllif
Aqşin Evrən
|