Ana səhifə Kult Ədəbiyyat |
Bu gün xalq şairi Ramiz Rövşənin 75 yaşı tamam olur.
Kult.az xatırladır ki, Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını (1976-1978) bitirib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında (1971) çalışıb.
O, təkcə şeirləri ilə deyil, ssenariləri ilə də Azərbaycan mədəniyyətinə töhfə verib. Ramiz Rövşənin ssenariləri əsasında bədii və sənədli filmlər çəkilib. Şeir və hekayələri tərcümə edilərək, keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Polşa, Bolqarıstan, Türkiyə və İranda çap olunub.
Ramiz Rövşən Azərbaycan poeziyasında yeni mərhələ yaradan şairlərdən hesab olunur. Professor Rafiq Əliyev şair dostu haqqında yazısında da bunu qeyd edir:
“Ramiz Rövşən haqqında söz deyərkən çoxölçülü Ramiz Rövşən zirvəsi göz önünə gəlir: metafizik şair, dəyərli yazar və esseist; görkəmli ssenarist; ensiklopedik biliyə və nəticə çıxarma qabiliyyətinə malik intellektual; nəfsinə cihad edə bilən, ümumi mənafeyi fərdi mənafeyindən üstün tutan demokratik düşüncəli ziyalı; peşə namusuna, ailə namusuna, torpaq və vətən namusuna həmişə sadiq qalan vətəndaş; katarsisdən keçib durulmuş, bütövləşmiş şəxsiyyət.
Tanrı yaratdıqlarına bu atributları balansda paylayar, birini çox versə, o birisinin payı azalar. Ancaq sevgisinə tuş gələnlərdən çox şeyi əsirgəməz. Ramiz Rövşən bu sevgiyə tuş gələnlərdəndir. Ona görə də Ramiz Rövşən zirvəsi belə çox sıldırımlıdır. Allaha yaxın olduğu üçün Mövlanə kimi, insana yaxın olduğu üçün Dostoyevski kimi.
Təsadüfi deyil ki, Allah və ölüm, insan Ramiz Rövşən yaradıcılığında dominantlıq təşkil edir. Ramiz Rövşən klassik heca vəznində də yazdı, əruzda da. Lakin o, Azərbaycan poeziyasına yeni bir poetik sistem, düzüm gətirdi. Onun ən çox sevdiyim şeirlərindən birinə baxın:
Yeri-yeri qara paltarlı qadın
Kiri-kiri qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir
Baş daşımı bəsdir basdın bağrına.
Bütün məni ağlayanlar kiridi
Sən də kiri qəbrim damır, ağlama.
Bu fikir ancaq Ramiz Rövşənə məxsus ola bilən metafizik fikirdir”.
Professor Rafiq Əliyevin bəhs etdiyi “Qara paltarlı qadın” Ramiz Rövşənin ən məşhur və sevilən şeirlərindəndir. Şairin “Gedək biz olmayan yerə” və “Ayrılıq” şeirlərini təqdim edirik:
Gedək biz olmayan yerə
Gəl əl-ələ tutub gedək
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə.
Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü
Bu köhnəlmiş sözümüzü,
Gedək söz olmayan yerə.
Bir kimsə tutmasın xəbər,
Gəl çıxıb gedək birtəhər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.
...Atam oğlu, az çapala
Sən deyən çətin tapıla.
Bu Ramizi kim aparar,
Bu Ramiz olmayan yerə?!
Ayrılıq
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
“Ölmədim” deyirəm, nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki, -
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
...Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına qatan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.
Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi.
***
Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız, anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə
görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan, bacımsan, nənəmsən, nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza, nə yol, nə körpü.
Ölüsən, dirisən, hər nəsən, dayan!
Dayan, heç olmasa əlindən öpüm...
Deyirsən: “Ölüyəm, ölünü öpmə...”
Əlimin içində, soyuyur əlin.
Deyirsən: “Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir...”
Tarix
2021.12.15 / 15:42
|
Müəllif
Aqşin Evrən
|