Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovun səhhəti nisbətən yaxşılaşıb, lakin vəziyyəti hələ də orta-ağır olaraq qiymətləndirilir.
Kult.az xəbər verir ki, bu barədə Musavat.com-a sənətkarın oğlu Yaşar Muradov məlumat verib.
Onun sözlərinə görə, aktyorun vəziyyəti əvvəlki günlərlə müqayisədə daha sabitdir:
“Əvvəlki vəziyyətə baxanda atamın səhhəti xeyli düzəlib. Lakin yenə də orta-ağır olaraq qiymətləndirilir. Tam ayağa dura bilmir, bədəni gücsüzdür. Həkimlər sağ olsunlar, vaxtında müdaxilə edib atamı çətin vəziyyətdən çıxardılar. Hazırda infeksiya ilə mübarizə aparır”.
Yaşar Muradov bildirib ki, atası hələ də təbii yolla qida qəbul etmir və yalnız sistem vasitəsilə qidalanır:
“İndi yavaş-yavaş düzəlir, biz onun güc toplamasını gözləyirik. Atam anlaqlıdır, hamını tanıyır, amma danışa bilmir. Boğazına əlavə nəfəs borusu qoyulub. Bu mərhələdən sonra onu çətin əməliyyat gözləyir - qırtlaq götürülməli və boğaz tam təmizlənməlidir. Ümid edirik ki, hər şey yaxşı olacaq”.
Y.Muradov əlavə edib ki, atası təxminən bir ay ərzində güc toplayandan sonra növbəti əməliyyata hazırlanacaq:
“Əməliyyat başqa xəstəxanada keçiriləcək. Mərkəzi Klinik Xəstəxana bizə maddi cəhətdən heç bir təzyiq göstərmir. Deyirlər ki, əsas məsələ xəstənin vəziyyətidir. Ödənişlə bağlı hələ danışmamışıq”.