Bütün Azərbaycan "Qarabağ"
və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə
qazanmasından danışır. Neynəsinlər, görmədikləri günə düşüblər də.
Belə uğuru nə vaxt görmüşük ki? Hələ "bir də nə vaxt görəcəyik"
sualını da vermirəm ha.
Azərbaycan xalqı bu iki komandanın uğuruna sevinərkən, daha bir
klubumuzun unikal uğuru kölgədə qaldı. "Neftçi"ni deyirəm ey...
Yox, "Neftçi"nin elə rəhbərliyi var ki, (yazıçı, artist, futbolçu
və maklerdən ibarət enerjili qrup) bu komandanın uğurunu papaq
altında gizlətmək olmaz. Sadəcə, klub rəhbərliyi özü bu uğurun
açıb-ağardılmasını istəməyib.
Hadisələr də lap Cingiz Abdullayevin detektiv əsərlərindəki
süjet xəttini xatırladır. Əsərin qısa məzmununu izah edim. Deməli,
"Neftçi" heyəti gücləndirmək üçün bir neçə legioner transfer
etməliydi. Ancaq Avropanın adlı-sanlı klubları "Neftçi"nin transfer
siyasətini qarabaqara izlədiklərindən, yazıq klub rəhbərliyi
menecerləri bəyəndikləri futbolçularla danışıqlar aparmağa göndərə
bilmirdilər. Nöşün ki, adlı-sanlı Avropa klubları dərhal
"Neftçi"nin bəyəndiyi futbolçunu şirnikləndirib, yoldan çıxarır
(burda türkün məsələ deyin), onları heyətə qatıb, Çempionlar
Liqasında pul qazanırlar.
"Neftçi" bu təqibdən qurtulmaq üçün unikal plan cızıb. Təbii ki,
planın müəllifi Çingiz Abdullayevdi. Əvvəlcə komandanın rəsmi
saytında məlumat yayıldı: "Neftçi"nin icraçı direktoru Elnur
Məmmədov və idman direktoru Vəli Qasımov Cənubi Amerikaya səfər
ediblər.
Cənubi Amerikaya nəyə gedərlər? Təbii ki, futbolçu gətirməyə.
Avropanın bütün klubları bu xəbərdən sonra qulaqlarını şəkləyib,
okeanın o tayına boylanmağa başlayıblar. Qoçaqlar da öz işində -
Elnur Məmmədovla Vəli Qasımov Braziliya stadionlarında selfinin
selfi ardınca çəkdirir, mətbuat xidmətinin əməkdaşları da bu
şəkilləri dərhal "Neftçi"nin saytında yerləşdirirlər. Bütün Avropa
azdırılıb. Və qəfildən bomba partlayır. "Neftçi" gənc və
perspektivli, gələcək vəd edən 33 yaşlı slovakiyalı qapıçını
transfer edir. Vay dədə, vay. Düz Avropanın göbəyindən bir addım o
tərəfdə ey. "Real"da neçə vaxtdı qapıçı axtarır. Düşüb De Xeanın
ardınca. "Mançester Yunayted" də vermir. "Neftçi"nin kəşf etdiyi
qapıçıdan xəbər tutsaydılar, nə "Real" yalvarardı, nə də "Mançester
Yunayted" naz edərdi.
Hələ bu harasıdı? Üstündən iki gün keçir, "atom bombası"
partladılır. Bu dəfə düz Avropanın göbəyində - İspaniyada. "Neftçi"
hücumçu transfer edir. Avropa şokdadı ey. "Bəs bunlar Cənubi
Amerikaya getmişdilər axı" deyib, başlarına qapaz vururlar.
Bax, budu dronqosayağı əməliyyat. Bax, budu, Çingiz Abdullayev
təcrübəsi. Di, gedin, aşığınızı atın. "Neftçi" bütün Avropanı
aldatdı. İndi bu uğuru ictimailəşdirmək olar. Daha transferlər
rəsmiləşib. Antonio Quinta və Mixal Peskoviç "Neftçi"nin
futbolçularıdı. Narahat olmayın, əməliyyatı uğurla yerinə yetirən
Elnur Məmmədovla Vəli Qasımov da Azərbaycana qayıdıblar. Sağ və
salamatdılar. Bir neçə gün dincəlsinlər, "Qarabağ"la "Qəbələ"ni
təbrik edərlər.