Birinci yazı
Xan Altay ucalığı
Altay, yəni Qızıl dağlar, özünü türk sayan hər bir kəsin ömrü
boyu heç olmazsa bircə dəfə görmək istədiyi, ziyarətinə can atdığı
sirli, qutsal bir yerdir. Türk ruhundakı enerjinin köklərini duymaq
istəyənlərin, tarixlə, mifologiya ilə, türk dilləri və folkoru ilə
maraqlananların dəli sevdasıdır. Əfsanədir, nağıldır... Qədim
türklər dağları canlı sayırdılar, buna görə də onlara sevgiylə,
ehtiramla XAN deyirdilər: Xan Tenqri, Xan Altay...
Geniş yayılmış elmi yanaşmaya görə türk, monqol, fin-uqor,
tunqus-mancur, kore və yapon dillərinin qohumluğu var, hamısının
kökü Altaya bağlıdır; buna görə də bu dilləri Altay dil ailəsi
adlandırırlar. Yəni Avrasiya genişliyinə sahib olan əsas güclərin
beşiyi, anayurdu Altaydır. Fərqli düşünən, yəni türklərin birmənalı
şəkildə yalnız Doğudan Batıya hərəkəti haqqında az qala aksioma
çevrilmiş bu fikri qəbul etməyən, türklərin anayurdunun Urmiyə
gölünün çevrəsi, Güney Azərbaycan və Qoşaçayarası (Mesapotomiya)
olduğu fikrini deyənlər və türk dillərinin ayrıca bir ailə olduğunu
irəli sürənlər də vardır. "...Türkdilli xalqların, o cümlədən
azərbaycanlıların ulu babalarının beşik yurdlarını təkcə Şərqdə
axtarmaq doğru deyildir. Protoazərbaycan, prototürk nüvəsinin çox
qədim izlərinin - yəni qayaüstü yazı və damğaların oxunuşu
sahəsində atılan ilk addımlar, dil və mədəniyyətimizin şumer,
akkad, hett, asur, pelask-etrusk mədəniyyətləri ilə çeşidli şəkildə
üzə çıxan bağlılığı fikrimizi bir daha təsdiq edir. ...Buna görə də
bəzi Azərbaycan və dünya alimləri türk soylarını Qafqazın və
bitişik ərazilərin ən qədim etnosları sayırlar. ...Yəni türklərin
ulu babaları çox qədim zamanlardan - hələ Şumer, Babilistan
dövründən Kiçik Asiyadan, Balkanlardan tutmuş Uzaq Şərqə qədər,
geniş bir ərazidə yayılmışlar və onların sonrakı məlum yürüşləri
özlərinə məxsus bir dünyanın daxılındə baş vermişdir". Bu da mənim
fikrimdir. Otuz il əvvəl yazmışdım.
Lakin bu fərqli yanaşmalar Altayın qədim türk yurdu, daha
doğrusu, türklərin ilk beşiklərindən biri olması fikrini inkar
etmir. Altay həm də bütövlükdə insanlığın ilk uyğarlıqlarının
doğulduğu yerlərdən, öz bioloji və mənəvi enerjisi ilə Yer
kürəsinin tarazlığını qoruyan mərkəzlərdən biridir.
Arxeologiya tapıntılarına görə, bu ərazilərdə insanlar təxminən
bir milyon beş yüz min il öncədən yaşamağa başlamışlar.
Qayaüstü rəsmlər, kurqanlar, kurqanlardan tapılmış əşyalar və
mumiyalar, günümüzədək gəlib çatan balballlar, daş babalar, daş
nənələr, Pazırık xalçası! Hamısı min illər öncə yaşamış və heç
sübhəsiz, bu günkü türklərin əcdadı olan insanların
yadigarlarıdır.
Tarix saxtakarları, Avropada türk izlərini silməyə çalışmaları
yetərli deyimiş kimi, buralara da əl uzadır, qədim Asiyanın
mərkəzindəki bu mədəniyyəti də Avropa adına çıxmağa çalışırlar;
amma Hun-Skif-Türk silsiləsi bir etnik kökdən gəldiyi kimi,
müxtəlif mədəniyyət qatları arasında da qırılmaz bir varislik var.
Skif, Hun imperatorlarından sonra Türk adının önə çıxdığı dövrdə -
545-ci ildə qurulmuş Türk xaqanlığının mərkəz bölgəlrindən biri də
Altay olmuşdur. Təsadüfi deyil ki, məhz Altay respublikasının
təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Moskvada ilk Türk
xaqanlığının 1450 illiyinə həsr edilmiş elmi konfrans
keçirilmişdir.
Altay uzun müddət Kalmık–Cunqar əsarətində qalmış, 250 il öncə
Rusiyaya qatılmışdır. Hər nə qədər könüllü desələr də, bu bir işğal
idi. 80-ci illərə qədər yazılan tarix kitablarımızda bizim alimlər
də tariximizi bu cür saxtalaşdıraraq, xalqımızın qəhrəmanlıq
mübarizəsini, müqavimətini unutduraraq Rusiyaya könüllü
birləşdiyimizi iddia edirdilər. Birləşmədən sonra qədim tanrıçılıq
və şamanizm diyarına provaslavlığı qəbul etdirməyə başlamışlar. 1
iyun 1922-ci ildə Altay diyarı nəzdində mərkəzi Ulala olan (bu
günkü Qorno-Altaysk) Altay respublikası 1933-ci ildə Oyrot Muxtar
vilayətinə çevrilmişdi. Yeri gəlmişkən deyim ki, Azərbaycanın
Masallı, Lerik rayonlarının meşə ərazilərində monqollarla gəlmiş
oratlılar hələ də yaşayırlar. Altaylılara görə oytarlı və oratlı
meşə adamı deməkdir.
3 iyun 1991-ci ildə bölgənin statusu yüksəldilir və öncə Dağlıq
Altay repsublikası, 1993-cü ildən isə Altay respublikı
adlandırılır. Öz Ana Yasası, bayrağı, gerbi var. Ali qanunverici
orqanı El Qurultayıdır. Altay respublikası Qazaxıstan, Çin,
Monqolostan dövlətləri ilə, Tuva və Xakas respublikaları, Altay
diyarı və Kemerova vilayəti ilə sərhədlənir.
Altay Avrasiyanın göbəyində bir neçə ölkə arasında bölünsə də,
tarixi, ruhu, havası və suyu etibarilə bölünməz, bütöv bir tamdır.
Tarixin, yolların və ruhun yanında dövlət sərhədləri, siyasi
bölgülər boş, mənasız və qısa ömürlü bir şeydir. Yolun ömrü
dövlətlərin ömründən uzundur. İpək yolunu ot bassa da unudulmur,
yüzillər keçir, dəvə karvanlarını maşın karvanları əvəz edir, yol
yenidən işlək hala gətirilir, ancaq onun üstündəki neçə-neçə ölkə
əbədilik tarixə qovuşur.
"Altay - Avrasiya materikinin mərkəzidir" fikrinin çoxlu təsdiqi
var. Onlardan biri üç tərəfə axan, Şimal Buzlu, Sakit və Hind
okeanlarına tökülən iri çayların məhz Altaydan başlanmasıdır.
Hündürlüyü bizim Şahdağ, Savalan qədər olan Üç Sümer (Beluxa)
dağından dünya okeanlarına qədər olan məsafə eynidir. Üç zirvəsinin
üçü də əbədi buzlarla örtülmüş bu dağ haqqında çoxlu əfsanə var. Bu
dağ Altayın ən böyük aşiqlərindən və araşdırıcılarından olan məşhur
N.K.Rerixin və Dağlıq Altayın dünyaca ünlü rəssamı, maarifpərvəri,
ictimai-siyasi xadimi Q.İ.Çoros-Qurkinin ölməz tablolarına mövzu
olmuşdur. Təxminən 2000 km uzunluğu olan Altay silsilələrini Ob,
İrtış və Yenisey çayları kəsib keçir... Güney-Doğuya doğru Monqol
Altayları və Qobu Altayları uzanır. Altay üç böyük dinin - islamın,
buddizmin və xaçpərəstliyin qovuşuq nöqtəsidir. Üstəlk, Altay həm
də tanrıçılığın və şamanizmin mərkəzlərindəndir.
"Altay təkcə Sibirin incisi deyil, həm də Asiyanın incisidir. Bu
görkəmli yerin taleyinə böyük gələcək yazılıb". Bu sözlər də
N.K.Rerixə aiddir.
Altayın Monqolstan və Çin, daha doğrusu Doğu Türküstan
ərazilərinə düşən hissələrini qismən gəzsəm də, Rusiyanin
tərkibindəki Altay diyarını, Dağlıq Altay respublikasını görmək
qismət olmamışdi. Hər dəfə bir iş çıxırdı. Ötən il hətta bilet də
almışdım, Dağlıq Altaydakı dostlarım məni ənənəvi El-Oyun
bayramında gözləyirdilər; lakin qəfildən pasportum yoxa çıxdı,
biletı qaytarası oldum... Yəqin Altay ötən il məni qəbul etmək
istəmirmiş, bu yayı gözləməyim gərəkirmiş...
El-Oyun altaylıların ümumxalq bayramıdır, dağlarda iki ildən bir
keçirilir, bu il oyunları izləyə bilməyəcəkdim, buna baxmayaraq
getdim; bugündən sabaha etibar yoxdur.
Altay dağları məni yalnız gözəlliyinə və ya türk tarixindəki
yerinə görə çəkmirdi, bu, həm də idman marağına bənzər bir iş idi;
dünyadakı bütün türk ellərini gəzib-görmək arzumun son
mərhələrindən biri olacaqdi.
***
Dağlıq Altayla ilk canlı tanışlığım ədəbiyyat və şairlər
üzərindən olmuşdu. 1982-cü ildə Asiya və Afrika gənc şairlərinin
Qırğızstanda keçirilən 4-cü konfransında Dağlıq Altaydan gəlmiş
Dimanla (İvan İtuloviç Belekov) dostlaşmışdıq və bu dostluq bu
günədək davam edir... O vaxt Diman Moskvanın Qorki adına Ədəbiyyat
İnstitutunu yeni bitirmişdi. İndi Qazaxstanin və Qırğısıstanın xalq
şairi olan Muxtar Şaxanovla da onda yaxınlaşmışdıq, Çingiz
Aytmatovla da o zaman tanış olmuşduq. Konfransda iştirak edənlərin
bir çoxu indi ərəb ölkələrində, Hindistanda, Afrikada tanınmış
qələm sahibləridir, mühüm vəzifələr daşıyırlar.
Dimanın gözəl səsi vardı və görüşlərdə biz şeir oxuyanda, "icazə
verin, sizə Altay mahnısı oxuyum!" deyirdi və gitarayla oxudugu
qəmli mahnılarıyla bizi sehirləyirdi. Bu mahnıların bir çoxunun
müəllifi o özü idi. Nədənsə, məşhur qırğız yazıçı və rejissorları
da o boyda qonaqların içindən bizim ikimizi qonaq çağırırdılar və
axırıncı axşam az qala səhərə qədər evdən evə keçib məşhur
qopuzçalanları dinləmişdik... O vaxt Dimana bir şeir
yazmışdım...
Qopuz səsi, şaman duası
Dağlıq Altay şairi Diman
Belekova
Oxuduğun bu mahnı
Tanrı nəfəsitək yaxındı mənə,
Anamın səsitək yaxındı mənə.
Yaxındı, doğmadı öz adın kimi.
Bu Qızıl dağları, Savalanları,
Bu Xantenqriləri, bu Şahdağları
Birlik karvanına qoşub aparan
Qədim bir sevginin fəryadı kimi.
Yaxındı ruhuma ölməzlik verən
Bir dilin min illər alrında qalan
Duyğu bünövrəsi, söz qatı kimi.
Bu Ana yerləri, Ata göyləri
toxum bərəkəti, söz işığıyla,
şaman duasıyla, qapuz səsiylə
qarışan ürəyim, həyatım kimi!..
Oxuduğun bu mahnı
ömür dediyimiz yalqız limanın
sakit sahilindən qoparır məni.
Keçmişdən boylanan solğun ay kimi
çəkib üzə-üzə aparır məni.
Qanımda hayqıran vuruş eşqinin,
Gündoğan eşqinin, yürüş eşqinin
sədası bu qədim mahnından gəlir.
Ulu bir ulusun beşiyi olmuş
o ana qoxulu, o süd
qoxulu
dağların ruhundan, daşından gəlir!
Mənə qardaş deyib oxudun sonra,
Mahnın qardaşlığın himninə bənzər,
Balaca yurdunun böyük dünyaya
səpilən sevinci, qəminə bənzər…
Uzaqdan iki yurd çəkirdi bizi,
dilimiz ayrıla bilmirdi ancaq…
Min illər dalında baş-başa yatan
yolumuz ayrıla bilmirdi ancaq.
Ehey! Duman qardaş, zirvəndən enmə!
Yurdunun günüdür – mahnındakı qəm.
Gündoğan beşikdən Эцндоьан işıqla axan
Şaman duasıtək, qopuz səsitək
Səhralar üstündən, dağlar üstündən,
Mən səni həmişə eşidəcəyəm!..
Oktyabr, 1982
Bişkek
İndi Diman Altay respublikası El Kurultayının, yəni
parlamentinin sədridir. Telefonda səsimi eşidən kimi "Nə doğma səs!
Gəl, səni respublikamızın sərhədində gözləyəcəyik!" demiş, sonra
əlavə eləmişdi: "Lazımsa, Novosibirsk təyyarə meydanına maşın
göndərim". "Ehtiyac yoxdur, orda tanışlar, qohumlar var, biri
gətirər..." - demişdim.
***
İyulun 16-da Novosibirskdə təyyarədən endim. Balaca qardaşım
Faiq və əmiuşaqlarindan Müşfiq də mənimləydi. Təyarə meydanında
Müşfiqin on yeddi ildən bəri Novosibirsk vilayətində
yaşayıb-işləyən qardaşları Xaqani və Elçin iki maşınla bizi
qarşıladılar. Maşınların biri, vaxt itirmədən, bizi Altaya
aparacaqdı.
Lakin hələ hava açılmayıb, gənclər çay içməmiş yola çıxmaq
istəmirlər. Öncə hava alanından təxminən otuz-otuz beş km aralıda,
Altay yolunun üstündəki Berdsk şəhərinə - Elçinin evinə getdik...
Uzaq Sibirdə doğma bir evə... Çünki Elçinin xanımı da
qohumlarımızdandır, gəlinlərimizdən birinin bacısıdır.
Xaqani, Müşfiq, Elçin... Biri-birindən dəyərli, zirək,
çörəklərini daşdan çıxarmağı bacaran gənclərdir. Xaqani atalarını
itələyib, dayanıb yerində. Ataları Səfixan bizim tayfanın qədim
adlarından birini daşıyırdı, məndən bir neçə yaş böyük olsa da,
uşaqlıq dostlarımdan idi. Kəndmizdə ədəbiyyyat müəllimiydi, sakit
təbiətli, öz həyatını yaşayan adamdı. Xətrini çox istəyirdik. Bircə
anam evdəki kitabxanamdan bəzi kitabları aparıb qaytarmadığına görə
hərdən hirslənirdi ona. Mən gülürdüm, "ay ana, aparıb-aparıb da,
dünya dağılmayacaq ki, yenilərini gətirərəm!" Anam razılaşmırdı:
"Ay bala, müəllimlər tez-tez gəlib aparırlar kitablarını, bir söz
demirəm, ancaq qaytarmaq istəmirlər. Sən nə əziyyətlə gətirirsən
onları Bakıdan. Özünə lazım olur".
Anamın kitabxanamı qoruması mənə ləzzət verirdi, lakin
müəllimlərimizin kitabxanamla maraqlanmasına da sevinirdim, mənim
gətirdiyim kənd kitabxanasında olmayan, yeni əsərlərdir, qoy
ədəbiyyat müəllimlərimiz müasir ədəbiyyatı izləyə bilsinlər.
Səfixan müəllim qəzaya düşüb dünyadan köçəndə də ən çox
yananlardan biri anamdı... Yəqin onun ölməməsi, yaşaması üçün
onlarla belə kitabxananın qurban getməsini istərdi. İndi budur,
nəslimizdən olan üç gənc bu uzaq diyarda bizə xoş olsun deyə,
əldən-ayaqdan gedirlər. Səhər yeməyindən və beş-on dəqiqə
dincələndən sonra Xaqaninin maşınını götürüb yola çıxırıq. Yuxusuz
olmasına baxmayaraq, maşını Müşfiq sürür. O da əvvəllər
Novosibirskdə işləyib, yolları yaxşı tanıyır...
Buralar mənim təsəvvür etdiyimdən fərql, düzəngah və bərəkətli
torpaqları olan yerlərdir. Sonra Altay diyarı başlanır. Yollar
rahatdır, ətraf meşə zolaqlariyla bölünmüş ucsuz-bucaqsız
əkin-biçin sahələridir: zəmilər, günəbaxan tarlaları doğmalıq
saçır. Ancaq narahatam, gecəni yatmayan Müşfiq 450 kilometrlik
yolda maşın sürməlidir. Arada birtəhər dilə tutub ona dinclik
verirəm, ancaq hiss edirəm ki, mən də yorğunam və maşını rahat sürə
bilmirəm. Bəlkə elə bunun nəticəsiydi, Dağlıq Altaya dönmək əvəzinə
gedib Barneula çıxmışdıq. 40-50 km artıq yol getdik, əvəzində
diyarın paytaxtını da görmüş olduq...
(davamı var)