Yazıçı övladının yazıçı, bəstəkar övladının bəstəkar,
rəssam övladının rəssam olmasına təəccüblənmir, olası bir iş kimi
baxırıq; gözünü açıb evində kağız-qələm, kitab görüb, yaxud
uşaqlıqdan qulaqları musiqi səsiylə dolub, rəsm əsərlərinin
arasında böyüyüb və s.
Ailə mühiti, ata-ananın sənəti, maraqları, evdə gedən söhbətlər
uşaq ürəyində silinməz izlər qoyur və çox vaxt sonrakı həyat yolunu
bəlirləyir. Xoşbəxtlikdən, bizdə sənət adamlarının övladlarının və
ya varislərin çoxunun inkaredilməz istedadı göz önündə olduğundan,
heç kimin ürəyində "atan filan sahənin tanınmış adamıydı, vacib
deyildi ki, sən də onun yolunu davam etdirib adını batırasan!"
etirazı, əsasən, baş qaldırmır. Digər sənətlərlə işim yox,
ədəbiyyat sahəsində nə yaxşı ki, belədir. Övladların əksəriyyəti
atalarına hörmət qazandırmışlar. Kamal Talıbzadəni, Məsud Əlioğlu
və Afaq Məsudu, Şamo Arifi, Çingiz Ələkbərzadəni, Araz Dadaşzadəni,
Yusif və Vaqif Səmədoğlu qardaşlarını, Anarı və Günel Anarqızını,
Elçin və Timuçin Əfəndiyevi, Elçin Şıxlını, Orxan Fikrətoğlunu
xatırlatmaq sözümüzü təsdiq üçün yetərlidir. Ancaq bir məsələ var
ki, bu uğurlu ədəbi varislik yaradıcılıqda ilhamın əsas şərt
olmasını, Allah vergisi sayılmasını bir balaca şübhə altına alır.
Çünki Allah da bəzi Şərq padşahlarına bənzəmir ki, şahlıq taxtına
hökmən özününkünü oturtmaq istəsin və ya ögey-doğmalıq edib ilham
pərisini davamlı olaraq eyni qapılara, eyni soyadlara
göndərsin...
Xalq şairi Qabilin oğlu Mahir uzun müddət atasının yolunu davam
etdirmək istəyindən uzaq görünürdü, yaşı qırxı keçmişdi, ədəbi
mühitin cazibəsini yerli-dibli qırmaq üzrəydi ki, qəfildən ilham
pərisi onun da qapısını döydü. Düzdür, Mahir də yazı-pozudan tam
uzaq deyildi, Dədə Qorqud ensiklopediyasında, AzTV və "Speys"
televiziya şirkətlərində, "Xalq qəzeti"ndə işləmişdi və zarafatla
yazdığı kimi, çalışdığı bir neçə müəssisəni "ağ günə" çıxarmışdı.
İş yoldaşları, dostları onun publisist qələminə, iti ağlına və
yumoruna yaxşı bələd idilər. Ancaq televiziya jurnalistikası
ayrıdır, bədii nəsr ayrı...
Və nəhayət, günlərin birində Mahirin də səbri tükəndi, "ənənə"
çərçivəsindən kənarda qala bilmədi və bəlkə də bu yolla atasının
"nigarançılığına" son qoymaq istədi; Qabilin ruhunu "niyə Səməd
Vurğunun, Rəsul Rzanın, İlyas Əfəndiyevin ədəbi davamçıları var,
mənim yox?" sualına cavab axtarmaq əziyyətindən qurtardı. Öncə
Qabilin "qəribə əhvalatları", sonra öz roman və hekayələri
bir-birinin ardınca dörd kitaba çevrildi. Bundan sonra şeir
tərcüməçiliyinə başladı...
Bu kitablar, eləcə də, Qabilin "o dünyadan məktubları" göstərdi
ki, Mahir yazıçı övladlarının yaradıcılıq cəbhəsini zəiflətmək
niyyətində deyildir... Allah yolunu açıq eləsin! Mənə elə gəlir,
Mahirin qələmə sarılandan sonra öz böyük "mənəvi
qohum-əqrəbalarını", tanıdığı digər yazıçı övladlarını ərklə hədəf
seçməsi də elə bu yola gecikməsinin hirsindən doğulmuşdur. Yoxsa,
Mahir, atasının həmin adamlara sayğıyla yanaşdığını, bəziləriylə
yaxın dost olduğunu hamıdan yaxşı bilir... Mahirin oxumaq imkanı
tapdığım bu türlü yazılarında ərk də var, mühitimizin nöqsanlarını
söyləmək cəsarəti də, inciklik də, subyektiv yanaşmalarından doğan
tələskənlik də... Amma bütün bunlarla yanaşı, həmin yazıların
istedadlı və iddialı bir qələmin məhsulu olduğunu, təzə nəfəsini,
ciddi ictimai-siyasi və mənəvi problemlərə toxunduğunu, maraqla
oxunduğunu da ayrıca qeyd etməliyəm. Mahir Qabiloglunun yazılarına
və kitablarına marağımın, onun inkişafını izləməyimin ilkin səbəbi,
şübhəsiz, atasına olan sayğım, onunla uzun illər davam edən
dostluğumuz olmuşdur. Qabil gördüyüm ilk yaşayan, canlı şair
olmuşdu. Onda on üç yaşım vardı, bizi məktəblilərin respublika
bədii olimpiadasına gətirmişdilər. Qabilin qaynı, gözəl
qarmonçalan, sonradan sinif yoldaşım və yaxın dostlarımdan biri
olmuş Tofiq də bizimləydi. O, Qabilin bir çox şerini əzbər bilirdi
və qiyabən yeznələrini bizə sevdirmişdi. Şairi və onun Hüsü Hacıyev
küçəsindəki iki otaqlı balaca mənzilini o vaxt görmüşdüm.
Tale elə gətirdi ki, bundan səkkiz il sonra, yəni iyirmi bir
yaşımda "Ədəbiyyat və İncəsənət" qəzetində işə qəbul edildim. Qabil
qəzetdə şeir şöbəsinin müdiri idi. Qısa müddətdə dostlaşdıq və bu
dostluq heç vaxt pozulmadı.
Bu günlərdə Mahirin "Sandıq" kitabını oxuyanda, nədənsə, ilk
dəfə bir şair evinə gedən o uşaqların həyəcanı, orda utana-utana
nahar yeməyimiz və bir də balaca balkonda qoyulmuş sandıq yadıma
düşdü. Qabil müəllimin anası sağ idi, sandığın üstündə oturmuşdu və
bizi dilə tuturdu ki, utanmayın, iştahla yeyin. Mahir dünyaya
gələndə o sandıq qalırdımı, o sandığı görmüşdümü, deyə bilmərəm və
bunun elə bir əhəmiyyəti də yoxdur. Sandıqlar köhnəlir, yeni
mebellərlə bir araya sığmır, atılır. Ancaq azərbaycanlıların
düşüncə sistemində heç vaxt köhnəlməyən, atılmayan bir sandıq da
var - yaddaş və bilgi sandığı, rəmzi sandıq, xatirə dağarcıqlarının
qorunduğu sandıq.
Mahir açıb sandığı, töküb pambığı. El arasında söz var: bağlı
süfrənin bir eybi var, açıq süfrənin yüz eybi... Bunu sandıq
haqqında da demək olar. Bağlıdırsa, ancaq açılmamasından narazılıq
edə bilərsən. Açılandan sonra çox yöndən baxıb çox cür
dəyərləndirəcəklər. Əsas kimin hansı gözlə baxmasıdır.
Mənə xoş gələn Mahirin öz "Sandığını" açmaqdan qorxmaması,
xatirələrini sərbəst şəkildə paylaşmasıdır. Belə bir cəsarətin əsas
səbəbi, məncə, onun adamlara və olaylara münasibətdə atasına çox
bənzəməsidir; yəni səmimiyyəti, sözü açıq və şax demək bacarığı,
özü kinsiz-küdurətsiz olduğundan kiminsə onun sözündən inciyəcəyini
düşünməməsi, "düz sözü zarafatla deyərlər" prinsipini əsas
götürərək, bir çox həqiqəti çəkinmədən dilə gətirməsidir. Sandıqdan
çıxanları Mahir "Sandıq ədəbiyyatı" adlandırır: "Bütün bunlar
Azərbaycan yazıçılarının sandıq ədəbiyyatıdır. Çox adamın gördüyü,
heç kimin qələmə almadığı sandıq ədəbiyyatı. Düzdür, "sandıq
ədəbiyyatı" başqa mənada işlənir. Amma siz bunu memuar kimi (?)
adlandıra bilərsiniz. Siz elə bilirsiniz ki, mən yazdıqlarımı Anar,
Elçin Əfəndiyev, Vaqif Səmədoğlu (Allah rəhmət eləsin -S.R.), Elçin
Şıxlı və adını bilmədiyiniz neçə-neçə yazıçı-şair övladı
görməyibmi, bilmirmi? Görüblər. Düzünü bilsəniz, məndən on qat,
bəlkə yüz qat artıq bilirlər. Amma ki, yazmırlar. ...Onların
yaradıcılığını oxuyub öyrənə bilirik, amma həyatlarına yaxın gedə
bilmirik".
Göründüyü kimi, Mahir "sandıq ədəbiyyatı" ilə memuarın fərqini
nəzərə alır və istəyir ki, bu ədəbi növlərə aid kitablarımızın sayı
artsın, böyük yazıçılarımızın öz dövrləri, tanıdıqları insanlar
haqqında düşüncələri və o dövrdə yaşamış tanışların da həmin
yazıçılarla bağlı xatirələri itib-batmasın və haqlı olaraq qeyd
edir ki, bu işdə, ilk növbədə, övladlar fəallıq göstərməlidir.
Memuar ədəbiyyatımızın zənginləşməsinə olan ehtiyacla bağlı
Mahirin qayğılarını paylaşmamaq mümkün deyil. Doğrudan da, bizdə
memuar, yol qeydləri az və yazılanda da çox vaxt bəsit yazılır.
Halbuki, Manaf Süleymanovun, Qılman İlkinin, Qəzənfər Paşayevin,
Məmməd Aslanın adını çəkməyə ehtiyac olmayan məşhur kitablarının,
Anarın "Sizsiz"inin, yaxud Nazim Hikmət haqqında xatirələrinin
timsalında belə ədəbiyyatın uğurlu nümunələrinin necə maraq
doğurduğunu görmüşük. Sandıq ədəbiyyatı isə tamam ayrı bir
mövzudur; bizdə hətta sovet dövründə də sandıq üçün yazan, demək
olar ki, olmamışdı və sandıqlar açılanda ordan gizli və ya
gizlədilməyə layiq olan bir şey çıxmır. Xalq şairi Qabil də sandıq
ədəbiyyatı yazmırdı. Yaşıl mürəkkəblə, iri hərflərlə yazdığı
şeirləri boyata qoymadan, mürəkkəbi qurumamış bizə, əlinə keçən
dostlarına oxuyar və çap etdirərdi. Sonra da zəng vurub həmin
şeirlərin dərc olunduğu qəzet və ya dərgini görüb-görməməyimizlə
maraqlanardı. Xalq arasında da yaxşı tanınırdı, hələ sağlığında
başına gələn və bəzisinin şahidi olduğumuz məzəli əhvalatları
dildən-dilə gəzirdi. Bununla belə, Mahirin sandığı açılandan sonra
böyük dostumuzun "qəribəlikləri", əslində isə yüksək insani
keyfiyyəti, səmimiyyəti,, ailəsinə və övladına diqqəti, milli
məsələlərdə barışmaz mövqeyi barədə daha çox şey öyrənirik. Təkcə
Qabili yox, onun yaxınlarını, qohumlarını, qonşularını, siyasi
mühitdəki və ədəbiyyatdakı yaxın dostlarını daha yaxşı
tanıyırıq.
Kitabda Qabilin xarakteri bütün maraqlı tərəfləri ilə göz önündə
canlanır. Onunla ölkənin müxtəlif səviyyəli adamları, elm,
mədəniyyət xadimləri, siyasi liderləri arasındakı münasibətlər
haqqında maraqlı cizgilərdən, xatirələrdən xəbərdar oluruq;
haqqında bildiklərimizə yeniləri əlavə olunur. Bütün bunlar atasını
sevən, ona bağlı olan, bununla yanaşı, Azərbaycan ədəbi, siyasi,
ictimai mühitindən məlumatlı, bilgili bir övladın diliylə deyilir,
təsvir edilir. Burda bəzi dəqiq olmayan və ya birtərəfli, subyektiv
məqamlar da ola bilər və olmalıdır. Ona görə ki, Mahir öz
dünyasını, öz görüb bildiklərini və ya eşitdiklərini yazır; öz
mövqeyini göstərir. Düşüncələrini heç kimə düstur və ya bəhs edilən
mövzunun tam şəkli kimi qəbul etdirmək niyyəti yoxdur.
Əslində memuarın, xatirənin özəlliyi də elə bundadır. Hər kəs öz
baxış bucağından gördüyünü yazır, öz mühakimələriylə çıxır ortaya
və bu da fikir demokratizmini genişləndirməyin bir yoludur... Əsas
odur ki, kitabdakı yazıların çoxu içdən gələn, oxucunu inandıran
bir səmimiyyətlə yazılıb.
Kitabdaki bir sıra əhvalatın, xatirələrin qəhrəmanları
həyatdadır, tanınan adamlardır. Bu, müəllifdən xüsusi məsuliyyət
tələb edir. Mahir də atası kimi, adamlar haqqında daha çox
sevgiylə, onların cəmiyyətdəki yerini, gördüyü işlərin dəyərini
göstərə-göstərə danışır. "Sandıq"dakı yazıları fərqləndirən mühüm
cəhətlərdən biri budur. Mahir şair oğlu olsa da, ədəbiyyatın
şinelindən çıxmayıb, öz dediyi kimi, AzTV-nin şinelindən çıxıb; bu
isə hər gün insanlarla canlı ünsiyyət, həyatı müxtəlif yönlərdən
görüb məlumat toplamaq, daim hadisələrin qaynar nöqtələrində olmaq
deməkdir. Buna görə də "Sandıq" həm də televiziya jurnalistikasına
həsr edilmiş, jurnalistlərin başına gələn, onların dostluğu, çətin
həyatı, müşahidələri, ölkədə gedən proseslərə verdikləri qiymət
haqqında zəngin bir kitabdır. Mahirin müşahidələri bizə bir çox
televiziya əməkdaşını daha yaxşı tanımaq imkanı verir. Bu baxımdan
kitabda şair Qabilin yaxın dostları İsmayıl Şıxlıdan, Hüseyn
Abbaszadədən, Xəlil Rza Ulutürkdən başlamış, Ekologiya və Təbii
Sərvətlər naziri Hüseyn Bağırova, jurnalist dostu Eldəniz Elgünə
qədər bir çox insanların xırda epizodlardan, xəsis cizgilərdən
yaranmış, amma maraqlı portretləri var. Kitabın üslubu da
televiziyanın xəbər tərzinə, canlı danışığa yaxındır: qısa süjet,
az söz, geniş məlumat...
O, yıpranmış qəliblərdən uzaqdır. Bəzən mühakimələrində yaşına
yaraşmayan bir uşaq sadəlövhlüyü duyulsa da, bu, onun məsələlərə
sadəlövh yanaşması deyil, yazısını canlı ünsiyyət tərzinə
yaxınlaşdırmaq istəyidir; müəllifin üslubudur. Mahir də atası kimi,
kəndə bağlıdır, daha doğrusu, Qabil müəllimin arzusuna uyğun və öz
istəyilə onu kəndə bağlamışıq... Qayınatası Yardımlının çox
hörmətli ziyalılarından, qocaman maarıf xadimlərindən biriydi və
mənim də müəllimim olmuşdu. Böyük yazıçımız İsmayıl Şıxlı ilə birgə
Mahirin elçılıyini eləmiş və hətta gəlin gətirməyə də getmişdik.
İndi Mahir babadır. Yazılarında da baba müdrikliyinə çatmasını və
Sandığının daim dolu olmasını arzulayıram.